Xəbər lenti
Dünən, 19:25


Koronavirus pandemiyası dünya iqtisadiyyatında yeni “oyun qaydaları” müəyyənləşdirir. Neftin qiymətinin kəskin ucuzlaşması dünya birjalarını silkələyir. Koronavirus pandemiyası dünya iqtisadiyyatında yeni “oyun qaydaları” müəyyənləşdirir desək, heç də yanılmarıq. 
 
Maraqlı olan budur ki, yeni iqtisadi nizamda hansı ölkələr neftin ucuzlaşmasına tab gətirə biləcək? Hansı ölkə neftin satışı sayəsində qurduğu imperiyasının çöküşünün qarşısını alacaq? Bu dəfə bu suallara cavab tapmağa çalışacağıq. 
 
ABŞ nefti niyə belə ucuzlaşdı? 
 
Ötən gün ABŞ-ın Nyu-York şəhərindəki "Nyumex" əmtəə birjasında WTI markalı Qərbi Texas neftinin qiyməti mənfiyə düşdü. Bu vəziyyət iki amillə əlaqələndirilir. İlk olaraq ABŞ-ın Oklohoma ştatındakı daxili və xarici bazara neft ötürülən anbarların dolu olması göstərilir. Aprelin 20-də neftin qiyməti qısa müddət ərzində 5 ABŞ dollarına, daha sonra isə mənfiyə düşdü. 
 
İkinci səbəb kimi isə Səudiyyə Ərəbistanından hər birinin tutumu 1 milyon barel olan 20 tankerin ABŞ-a göndərilməsi ilə bağlı xəbərlərin yayılması göstərilir. Bu tankerlər gələn ayın ortalarında ABŞ-a çatacaq. Təbii ki, neftlə aşıb-daşan ABŞ-a əlavə neftin gəlməsi xəbəri isə bazarda təzyiq yaratdı və qiymətlərə təsir göstərdi. 
 
ABŞ düşən neft qiymətlərindən həm faydalanan, həm də itirən ölkələrdəndir. Aşağı vergi faizləri sayəsində neftin istehsal xərcləri 1 ildə 40 faizdən də çox azalıb. İş yerlərinin ixtisarı başda olmaqla, bu vəziyyət ABŞ iqtisadiyyatına son dərəcə mənfi təsir edir. 
 
Səudiyyə rəhbərliyi qorxuya düşdü 
 
Səudiyyə Ərəbistanı hakimiyyəti mayın 1-dən etibarən OPEC + sazişində göstərilən tarixdən əvvəl neft hasilatında azalmanı başlatmaq istəyir. Bu barədə "The Wall Street Journal" yazıb. Krallıq tarixdə misilsiz xammal qiymətlərinin ucuzlaşması səbəbindən qorxuya düşüb. Hasilatın dərhal azaldılması qərarı Səudiyyə Ərəbistanı rəhbərliyinin neftin ucuzlaşan qiymətinə təsir etmək istəyindən xəbər verir. 
 
Aprel ayında Səudiyyə Ərəbistanı qiymət müharibəsi çərçivəsində hasilatı kəskin şəkildə gündəlik 12,3 milyon barelə qədər artırmışdı. May ayında isə Rusiya kimi, gündə 8,5 milyon bareldən çox neft hasil etməyəcəyinə dair söz verib. OPEC + sövdələşməsi neft bazarından 9,7 milyon barel neftin çıxmasına imkan versə də, bu qiymətlərin stabilləşməsi üçün yetərli deyil. 
 
Səudiyyə Ərəbistanı mövcud vəziyyətdə xarici valyuta ehtiyalarını itirir. Fondların əriməsi bu şəklildə davam edərsə, ölkənin nəinki büdcə çətinlikləri ilə üzləşəcəyi, hətta ümumən pis vəziyyətə düşəcəyi qaçılmazdır. Səudiyyənin dövlət neft şirkəti olan "Saudi Aramco"nun da səhm paylarını satışa çıxarması ölkənin nə qədər çətin durumda olduğunu göstərir. 
 
Bundan əlavə, milyardlarla dollarlıq sənayə proyektləri, silah satışına sərf olunan fantastik pullar və regionda ölkələrə müdaxilə planlarına xərclənən fövqəladə vəsaitlər Səudiyyə rejiminin büdəsini necə havaya sovurmasından xəbər verir. Neft satışı ilə iqtisadiyyatını təmin edən Səudiyyə rəhbərliyinin ucuzlaşan qiymətlər fonunda hansı pullarla ölkəsini saxlaya biləcəyi sual doğurur. 
 
Rusiya ucuzlaşan neftin qimətinə hazırdır? 
 
İqtisadiyyatı bütünlüklə neftdən asılı olan ölkələrin ucuz qiymətlərə nə qədər tab gətirə biləcəyi həyəcanla gözlənilir. Ekspertlər hesab edir ki, iqtisadiyyatları neft və təbii qaz kimi enerji mənbələrinin ixracından asılı olması ölkələr üçün təhlükəli haldır. Beynəlxalq Valyuta Fondunun (BVF) 2020-ci il üçün proqnozlarına görə, bir barel neftin qiyməti Səudiyyə Ərəbistanı büdcəsi üçün 78,3 dollar, Rusiya üçün 49,2 dollar, İraq və Liviya üçün 59 dollar olmalıdır. Rusiya neftin daha aşağı qiymətə satılmasına dözə bilər, çünki büdcəsini aşağı qiymətlərlə tarazlaya bilir və 570 milyard dollarlıq valyuta ehtiyatı bu mənada ciddi müdafiəni təmin edir. Həmçinin Rusiya faktiki olaraq əmtəə qiymətləri bareli üçün 15-20 dollar səviyyəsində normal işləyə bilən yeganə qlobal neft istehsalçısıdır. 
 
Xammal hasilatı Rusiyanın ən böyük neft şirkətlərinə bir barel üçün cəmi 4 dollar, nəqliyyat üçün 5 dollara başa gəlir. Rusiya neft sənayesi işçilərinin kapital xərcləri (məsələn, əsas vəsaitlərin alınmasına qoyulan investisiyalar, kreditlərə xidmət xərcləri) bir barel üçün cəmi 6-8 dollar səviyyəsində qiymətləndirilir. 
 
Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov neftin qiymətinin ucuzlaşması barədə danışarkən deyib ki, vəziyyət üçün apokaliptik bir ssenari yazmağa ehtiyac yoxdur: "Neft qiymətləri müsbət bir tendensiyada olmasa da, qiymət çöküşü də yaşanmır. Neft qiymətinin düşməsinin Rusiya iqtisadiyyatına təsirini azaltmaq üçün bütün vasitələrimiz var. Zərurət olduqda Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və bəzi OPEC üzvü olmayan xam neft istehsal edən ölkələrlə lazımi əlaqə yaradılacaq".

Hüseyn Abdullah 
Eastnews.org



Ana səhifəyə qayıt        Baxış: 2 691          Tarix: 22-04-2020, 18:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma