Xəbər lenti
Dünən, 19:25

 
Azərbaycanda son zamanlar “xalq diplomatiyası” adı altında vətəndaşlarımızı Dağlıq Qarabağın erməniləşdirilməsi siyasətinə hazırlayırlar
 
Ölkəmizin bəzi jurnalistlərinin ötən il Dağlıq Qarabağa səfərinin təşkilindən tutmuş, yazıçı Əkrəm Əylisinin “Daş yuxular” kitabına, ən yüksək kürsülərdə əyləşmiş dövlət rəsmilərimizin “xalq dostluğu” çərçivəsində verdikləri bəyanatlarına, Azərbaycan müğənnisi Yusif Eyvazovu Drezden Dövlət Operasında erməni həmkarı Ruzan Mantaşyanla eyni səhnədə çıxış etdirmək cəhdinə qədər bütün hadisələr məhz bu məqsədə yönəlib.
 
Sözsüz ki, biz də ermənilərlə əbədi düşmən olmağın tərəfdarı deyilik. Qafqazın bu iki xalqı arasında nə zamansa yaxın qonşuluq əlaqələri bərpa olunacaq və bu birgə əməkdaşlıqdan bütün tərəflər faydalanacaq. Zatən bizi bizə düşmən edən də rus imperiyasıdır və 200 ildir bu düşmənçilik siyasəti imperialist maraqlar üçün dayanmadan sürdürülür. İki xalq arasında düşmən münasibətlərin davamı rus siyasətinə xidmət etdiyindən bunu bir an öncə dayandırmaq regionumuzun gələcəyinə, perspektiv marağına uyğun olardı.


 
Fəqət bütün qalıcı sülhlər üçün vacib olan ən ümdə məsələ ədalətli anlaşmalardır. Əldə edilən anlaşmalar ədalətsiz olarsa və yalnız bir tərəfin güzəştini nəzərdə tutarsa, onun perspektivi də şübhə altında qalar, yeni müharibələrə zəmin hazırlayar. Necə ki, I Dünya müharibəsinin məğlubu Almaniya üzərinə yüklənən ağır şərtlər Avropada qalıcı sülhə yol açmadı, əksinə daha dağıdıcı savaşı körüklədi. 10 milyonlarla insanın qurban getdiyi II Dünya savaşının əsas səbəbinin məhz ilk müharibədəki ədalətsiz sülh sazişi olduğunu bütün tarixçilər qəbul edirlər.  Yaxud Fələstin-İsrail arasında əldə edilməyə çalışılan sülh təşəbbüslərinin də 75 ildir heç bir nəticə verməməsi də məhz bu ədalət yoxsulluğundan qaynaqlanır.
 



Konkret olaraq Azərbaycan-Ermənistan arasında başladılan və rus imperializminin   bölgəni əldə saxlamaq niyyətinə qulluq edən Qarabağ savaşına gəlincə, bu konfliktdə də qalıcı sülhə nail olmaq istəyiriksə, ilk növbədə tərəflər arasında ədalətli razılaşmalara imza atmalıyıq. Əks halda indiki hakimiyyət Dağlıq Qarabağı versə belə, nə özünü xalq qəzəbindən qoruya biləcək, nə də sülh təşəbbüsləri baş tutacaq. Beynəlxalq qurumlar da bunu anlamalı, “Azərbaycan xalqı yatıb, rəsmi Bakı hər güzəştə gedə bilər” xülyasına qapılmamalıdır.


 
 Nə yazıq ki, bizi sülhə səsləyən beynəlxalq qurumlar hələ də xalqımızı hər cür güzəştə məcbur edə biləcəklərinə inanırlar. Görünür, məhz buna görə də onların həyata keçirdikləri siyasətlərdə Azərbaycan birmənalı güzəştə gedən tərəf kimi nəzərdə tutulur. Zira torpağı əlindən alınan, minlərlə insanı öldürülən, yaralanan, 100 minlərə vətəndaşı digərgin salınan bizlərik. Ermənilər isə “qarşılıqlı güzəşt” təklifini belə qəbul etmirlər. Beynəlxalq qurumlar erməni inadkarlığını görüb güzəşti də bizdən gözləyirlər. Azərbaycan xalqını isə müxtəlif vasitələrlə bu ədalətsiz sülhə razı salmağa çalışırlar. “Xalq diplomatiyası” yoluyla bizə təlqin edilən fikir də budur. 
 


Acınacaqlıdır ki, ölkəmizin bəzi mədəniyyət xadimləri də düşmən hiyləsinə aldanır və öz ağılları çərçivəsində bu “mütərəqqi” bəzi addımlar atırlar. Azərbaycanın əməkdar artisti Aygün Bəylərin erməni müğənnisi İlona Nersesova ilə birgə “Tut ağacı” mahnısını ifa etməsi də, əlbəttə ki, bu məqsədə xidmət edir. 
 
İki müğənninin Azərbaycan dilində səsləndirdikləri mahnının ifası zamanı mehriban münasibətlər sərgiləməsi, xüsusilə Aygün Bəylərin erməni müğənnisinə az qala yalmanmağı xatırladan davranışları torpağının 20%-ni itirən bir ölkəyə yaraşmır. Erməni həmkarıyla səhnəyə çıxan Aygün Bəylər unutmamalı idi ki, o, həmin duetdə yalnız özünü təmsil etmirdi. O, azərbaycanlı müğənni adıyla orda idi və deməli, bir ölkənin simasını sərgiləyirdi. 
 

 
Açığı, bu məsələdə Aygün Bəylərdən daha çox dueti təşkil edənlər böyük məsuliyyət daşıyırlar. Ən azı ona görə ki, müğənnilər o səhnəyə öz təşəbbüsləriylə çıxmayıblar, bəlkə də ilk məşqlərə qədər bir-birilərini tanımayıblar da. Onları bir araya gətirənlər, neçə illərin rəfiqələri kimi qucaqlaşdıranlar cəmiyyətimizə, bəlkə də dünyaya hansı mesajı vermək istəyirlər? Torpağımızı işğal edən, hər gün müxtəlif bəyanatlarla Azərbaycanı aşağılayan düşmənlərimizlə eyni əyləncə məclisində gülüb-əylənəcək, mahnılar ifa edəcək qədər yumşaq təbiətli olduğumuzumu göstərmək niyyətindədirlər? Ümumiyyətlə, torpaq məsələlərinə aydınlıq gətirməmiş, biri digərinin dövlət suverenliyini, ərazi bütövlüyünü heçə sayan iki xalqın nümayəndələrinin bu qədər yaxınlaşmaqdan ziyadə, xosunlaşması nəyə lazımdır? Yoxsa, ermənilər qoltuğumuza bir mahnı verməklə milli namus hesab etdiyimiz dəyərlərimizi özününküləşdirəcəklərinə inanırlar?



 
Bizə ən anlaşılmaz gələn isə ölkəmizin milli heysiyyatını heçə sayan bu görüntülərin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev tərəfindən twitterdə paylaşması (retwit) oldu. Açığı, siyasətdən başı çıxmayan Aygün Bəyləri hardasa başa düşmək olar. Amma yurd-yuvasından didərgin salınmış bir icmanı beynəlxalq aləmdə təmsil edən deputatın bu hərəkətinə qiymət vermək çətindir. Axı onun dünən Milli Məclis tərəfindən AŞPA-da nümayəndə heyətimizin üzvü seçilməsi qərarının hələ mürəkkəbi belə qurumayıb. Dağlıq Qarabağda doğulmasına baxmayaraq, Tural Gəncəliyevin bu bölgənin erməniləşdirilməsi məqsədilə yürüdülən “xalq diplomatiyası”nda iştirakına nə ad vermək olar? Qarabağ məsələsinə guya ən həssas deputatlardan sayılan Tural Gəncəliyevin bu həssaslığından sonra onun familiyası dilə belə yatmayan həmkarı Nigar Arpadaraidən nə gözləyə bilərik? 


 
Açıq danışmaq lazımdır; yeni parlament formalaşdırılanda bir sıra politoloqlar bu təşəbbüsünün müvəqqəti xarakter daşıdığı, Milli Məclisin kosmopolit təfəkkürlü insanlardan təşəkkül tapan yeni tərkibinin Dağlıq Qarabağın ermənilərə verilməsi üçün istifadə ediləcəyi ehtimalını irəli sürürdülər. Bu təxminlərə qətiyyən inanmaq istəmirdim. Dağlıq Qarabağa ən həssas deputatımızın dünənki twitter paylaşımından sonra mənim də dalağım sancdı. Ümidvaram ki, yanılıram.
 
Heydər Oğuz,
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 256          Tarix: 28-04-2020, 17:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma