Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
“Xüsusi karantin rejimi şəraitində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Biz birlikdə güclüyük!” sosial aksiyası nəticəsində 100 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı edilib. Aksiya iştirakçılarının sayı gündən-günə artır. Bu təşəbbüsə həm dövlət qurumları, həm də özəl şirkətlər qoşulur”.
Ovqat.com xəbər verir ki, bu sətirlər Rusiyanın məşhur Pravda.ru nəşrinin ““COVID-19” xronikası: Azərbaycan – effektivlik və etimad nümunəsi” sərlövhəli məqaləsindəndir.
Müəllif Pyotr Deryabinin qələmə aldığı məqalədə həmçinin vurğulanır ki, Azərbaycan gün keçdikcə koronavirusa qalib gəlməyə başlayır və bir çox ölkələr bu təcrübədən faydalanırlar.
Bəs Azərbaycanın uğurlu koronavirus təcrübəsi nədən ibarətdir?
Gəlin, bu suala rusiyalı jurnalistin bələdçiliyi ilə cavab axtaraq:
Bütün dünyanı təhdid edən yeni növ koronavirus (“COVID-19”) dünənə kimi sarsılmaz görünən iqtisadiyyatlara belə, ağır zərər vurub. Pandemiyahəyatın bütün sahələri üçün ən ciddi sınağa çevrilib. Lakin bu, ilk növbədə səhiyyə sisteminin yarıtmaz və səmərəsiz olduğu ölkələrə təsir edib və domino effekti nəticəsində bütün sahələr “yanı üstə qalıb”.
Görünən odur ki, “COVID-19” pandemiyasına qarşı mübarizədə hər ölkənin öz yanaşması və üsulları var. Heç şübhəsiz, indi bütün ölkələrdə hakimiyyət vətəndaşlarına özünün böhran şəraitində nəyə qadir olduğunu nümayiş etdirir. Hakimiyyətin effektivliyi və xalqın etimadı uğurlu gələcək üçün çox vacib şərtdir.
Postsovet məkanında koronavirus pandemiyası ilə bağlı vəziyyət fərqlidir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, bu məkanda vəziyyət Avropa və ABŞ-da olduğundan daha nikbin təsir bağışlayır.
Bu mənada, bölgənin aparıcı dövləti olan, güclü və sabit iqtisadiyyata malik qonşu Azərbaycanın nümunəsi maraq doğurur.
Azərbaycanda hələ koronavirus pandemiyasından əvvəl həyatın bütün sahələrini əhatə edən böyük islahatların anonsu verilmiş və qısa müddətdə bu islahatlar həyata keçirilmişdi.
Neft sektorunun inkişafı ölkənin iqtisadi inkişafının əsas prioritetlərindən biri olub ki, bu da iqtisadiyyatın sabitliyini təmin etməyə və əhalinin məşğulluq problemlərinin həllinə imkan verib.
Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatı ilə mübarizədə ciddi addımlar atılıb ki, bu da dövlət orqanlarının fəaliyyətində şəffaflığı və informasiya texnologiyalarının tətbiqini təmin edib. Həmçinin əhaliyə xidmətlərin göstərilməsi üçün mərkəzləşdirilmiş elektron-informasiya sistemi yaradılıb və ölkə başçısının tapşırığı ilə onun təkmilləşdirilməsi bu gün də davam edir.
Bütün bu islahat və tədbirlər ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşdırılmasına hesablanıb. Azərbaycanın koronavirusla mübarizədə nümayiş etdirdiyi uğurlu nəticələrə də məhz bu zəmin yaradıb. Bu gün Azərbaycan dövləti yalnız öz ehtiyatları hesabına pandemiyaya qarşı effektiv mübarizə tədbirləri həyata keçirir, iqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyini təmin edir. Bunun üçün prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.
Kütləvi yoluxmanın qarşısının alınması üçün demək olar ki, dərhal bütün ölkədə əhalinin hərəkəti nəzarətə götürülüb.
Təhsil prosesi dayandırılıb, bütün kütləvi tədbirlər təxirə salınıb, ticarət və əyləncə mərkəzləri bağlanıb. Ölkə boyu xüsusi karantin rejimi tətbiq edilib və bu zaman əhalinin evdən yalnız xüsusi ayrılmış vaxt ərzində və konkret hallarda SMS-icazə ilə çıxmasına icazə verilir. Bakı metropoliteninin işi dayandırılıb, yerüstü ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Prezidentin tapşırıqları və şəxsi nəzarəti altında həyata keçirilən, iqtisadiyyatın bütün həssas sektorlarına dövlət dəstəyinin göstərilməsinə yönəlmiş geniş spektrli tədbirləri də xüsusi qeyd etmək lazımdır. İş yerlərinin qorunub-saxlanması, pandemiyadan zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, o cümlədən vergi güzəştləri, imtiyazları və tətilləri sayəsində sahibkarların vergi yükünün azaldılması, kreditləşmənin stimullaşdırılması və ən əsası, əhaliyə birbaşa sosial dəstəyin göstərilməsi də bu qəbildən olan tədbirlərdir.
Bundan başqa, bu gün dünyada çox vaxt yoluxmadan qorunma vasitələrinin qıtlığı hiss olunur. Azərbaycan isə koronavirusla mübarizədə əhalisini bütün qorunma vasitələrilə özü təmin edə bilir.
Ölkədə bir müddət əvvəl prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə tibbi maska istehsalı müəssisəsinin açılışı olub. Müəssisənin istehsal gücü günə 250 min ədəd maska təşkil edir. Həmçinin respublikada kifayət qədər tibbi spirt, dezinfeksiya məhlulu və digər qorunma vasitələri istehsal olunur ki, bununla da pandemiya şəraitində bu məhsullara tələbatın idxaldan asılılığı minimuma endirilib.
Virusun mütəmadi diaqnostikası üçün ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müasir avadanlıqlar və lazımi ləvazimatlarla təhciz edilmiş 18 müasir laboratoriya fəaliyyət göstərir.
Pandemiya ilə mübarizədə vacib addımlardan biri də bütün müasir avadanlıqla təchiz edilmiş 575 çarpayılıq yeni tibb müəssisəsinin açılışı olub.
Xüsusi karantin rejimi şəraitində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Biz birlikdə güclüyük!” sosial aksiyası nəticəsində 100 mindən çox aztəminatlı ailəyə ərzaq yardımı edilib. Aksiya iştirakçılarının sayı gündən-günə artır. Bu təşəbbüsə həm dövlət qurumları, həm də özəl şirkətlər qoşulur.
Bütün bunlar qısa müddətdə Azərbaycanda həyata keçirilmiş tədbirlərin kiçik bir hissəsidir. Bu səbəbdən əminliklə demək olar ki, Azərbaycan lideri İlham Əliyevin rəhbərliyi altında koronavirusa qalib gəlir. Artıq ölkədə yoluxma dinamikası sağalma statistikasından aşağıdır və ölkənin mayın 4-dən tədricən xüsusi karantin rejimindən çıxacağı elan edilib.
Əlbəttə, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da ciddi ziyan vurub. Buna baxmayaraq, ölkə rəhbərliyi öz vətəndaşlarının sağlamlığını qorumaq və təhlükəsizliyini təmin etmək üçün tədbirləri vaxtında görüb. Üstəlik, bütün görülən tədbirlərin strategiyası pandemiyanın milli iqtisadiyyata mənfi təsirinin azaldılmasına və onun pandemiyadan sonra inkişafına hesablanıb.
İlham Əliyevin uğurları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Təşkilatın baş direktoru Tedros Adhan Gebreyesus görülmüş tədbirləri yüksək qiymətləndirib, Azərbaycanı pandemiyaya ilə mübarizədə nümunəvi ölkə adlandırıb.
Aprelin 10-da prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə sammiti keçirilib. Azərbaycanın sədrlik etdiyi Şuranın videokonfrans formatında keçirilən toplantısı koronavirus pandemiyasına həsr olunub.
Mayın 4-də isə Qoşulmama Hərəkətinə sədrlik edən prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Əlaqələndirmə Qrupu formatında “Birlikdə “COVID-19”a qarşı” mövzusunda videokonfrans keçiriləcək. Sammit koronavirusa qarşı mübarizəyə həsr olunacaq.
Beləliklə, Azərbaycanın pandemiyanın iqtisadi subyektlərə mənfi təsirinin qarşısının alınması istiqamətində gördüyü tədbirlər nümunəyə çevrilib. Artıq bir çoxları Azərbaycanın bu sahədə təcrübəsinə müraciət edir. Bu uğuru şərtləndirən isə ölkə rəhbərliyinin ünsiyyətə açıqlığı, iqtisadiyyatın şəffaflığı, cəmiyyətin prezident ətrafında sıx birləşməsi və səfərbər olması, biznes ictimaiyyətilə dövlətin hədəflərə ortaq baxışıdır. Və burada “Biz birlikdə güclüyük!” şüarı hakimiyyətlə bütün vətəndaşların təhlükə qarşısında birliyini nümayiş etdirir, çətinlikləri yalnız birgə səylərlə dəf etməyin mümkünlüyünü göstərir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar