Xəbər lenti


Azərbaycanın müdafiə naziri və Prezident köməkçisi düşmənlə üz-üzə dayanan hərbçilərimizlə bir yerdə; Elxan Şahinoğlu: “Prezidentin bir neçə kanaldan hərbi hissələrdəki vəziyyət barədə məlumatlandırılması ümumi işin xeyrinədir”; Qafar Çaxmaqlı: “Ermənilər Azərbaycanla müharibənin qaçılmazlığını anlayırlar”

Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən sonra general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib. Ön xətdə olan müdafiə naziri cəbhənin Talış kəndi istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb. Sonra tank bölmələrində olan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov tank ekipajları ilə görüşərək onların döyüş hazırlığını yoxlayıb və xidmətləri ilə maraqlanıblar. Sonda hərbi qulluqçularla birgə nahar süfrəsi təşkil edilib.

Partiya sədrləri generalların cəbhə bölgəsinə səfərini şərh edib ...

Qeyd edək ki, bundan əvvəlki gün ordu rəhbərliyi cəbhənin digər istiqamətində olmuşdu. Onlar cəbhə bölgəsində yeni hərbi kazarmanın açılışında da iştirak etmişdilər. Azərbaycanın Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyi fonunda ordumuza rəhbərlik edən şəxslərin və Prezident köməkçisinin cəbhə bölgəsinə səfəri düşməni təbii olaraq narahat edir. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, müdafiə naziri Zakir Həsənov və prezidentin hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyev tez-tez hərbi kazarmalarda olurlar, bunun da bir neçə səbəbi var: “Birincisi, Zakir Həsənov və Məhərrəm Əliyev yerlərdə hərbi hissələrin vəziyyəti ilə tanış olurlar. Onlar eyni zamanda hərbçilərin sosial şəraitlərini öyrənirlər. Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra Azərbaycanda yeni kazarmalar tikilib, köhnə kazarmalar isə təmir olunub. Əsas məqsəd Azərbaycanın hər yerində müasir hərbi kazarmaların varlığını təmin etməkdir. Qışda hərbi kazarmalar istilik sistemi ilə qızdırılmalı, istidə isə havalandırma sistemi ilə təmin olunmalıdır. Hərbi birliklərdə hərbçilərin ərzaqla təminatına da xüsusi diqqət yetirilir. İkincisi, Zakir Həsənov və Məhərrəm Əliyev hərbi kazarmaları tez-tez ziyarət etməklə Ermənistana da mesaj göndərirlər”. Politoloq müdafiə nazirinin son xəbərdarlığına da diqqət çəkdi: “Zakir Həsənov cəbhə bölgəsinə yaxın ərazidə ziyarət etdiyi hərbi hissədə dedi ki, ordu istənilən an hücuma hazır olmalıdır. Bu kimi açıqlamalar işğalçı Ermənistanı narahat etməlidir.


Generallar cəbhə xəttinə getdi, düşmənə mesaj verdi - son xeberler

Ermənistan cəmiyyəti müharibə və itki istəmir. Buna baxmayaraq, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmır. Əksinə, Ermənistanın baş naziri və müdafiə naziri tez-tez Dağlıq Qarabağa gələrək hərbi hissələrdə olurlar”. E.Şahinoğlu düşmən ölkə təmsilçilərinin addımlarını təsadüfi saymadı: “Onlar bununla demək istəyirlər ki, guya müharibəyə tam hazırdırlar. Belə vəziyyətdə Azərbaycan ordusunun Ermənistana təzyiq etməkdən başqa alternativi yoxdur”. Ekspert dedi ki, doğrudur, bütün dünyada olduğu kimi Cənubi Qafqaz ölkələri hazırda koronavirusla mübarizə aparırlar. Ancaq koronavirusun yayılması işğal faktını arxa plana keçirməməlidir: “Bu baxımdan Zakir Həsənovun hərbi birlikləri gücləndirməsi siyasəti və verdiyi açıqlamalar doğrudur. Sadəcə, bu açıqlamalardan sonra işğalçı öz üzərində təzyiqi hiss etməlidir. Yəni Ermənistan anlamalıdır ki, vəziyyət ciddidir”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris ...

E.Şahinoğlu prezident köməkçisi general Əliyevin də müdafiə naziri ilə birgə ön cəbhəyə getməsini yüksək qiymətləndirdi: “Məhərrəm Əliyevin Zakir Həsənovla birgə hərbi birliklərdə olmasının mühüm əhəmiyyəti var. Keçmiş illərdə prezidentin hərbi məsələlər üzrə köməkçisi vəzifəsi bir qədər simvolik idi. Hərbi məsələlər üzrə müavin müdafiə naziri ilə birgə hərbi hissələri təftiş etmirdi. Ancaq hazırda Məhərrəm Əliyev eyni zamanda Sərhəd Qoşunları Xidmətinin rəhbəri Elçin Quliyevlə birgə sərhəddə də təftişdə iştirak edir. Beləliklə, Məhərrəm Əliyevin yeni vəzifəyə təyin olunması prezidentin hərbi məsələlər üzrə köməkçisinin statusunu artırıb. Məhərrəm Əliyev müşahidələrini və hazırladığı hesabatları prezidentə çatdırır. Prezidentin bir neçə kanaldan hərbi hissələrdəki vəziyyət barədə məlumatlandırılması ümumi işin xeyrinədir. Ordumuzda problemlər olmamalıdır. Bu problemlərin olmaması üçün hərbi birliklərin ümumi vəziyyəti daima nəzarətdə olmalıdır. Əsas məqsəd üzə çıxan problemləri yerindəcə həll etməkdir. Çünki sabah müharibə şəraitində cəmiyyət ordudan uğur gözləyəcək. Bu uğurun əldə olunması üçün hərbi birliklər gücləndirilməlidir”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı isə ordu rəhbərliyinin son səfərlərini yüksək qiymətləndirməklə yanaşı, bildirdi ki, ermənilər Azərbaycanla müharibənin qaçılmazlığını anlayırlar: “Çünki bu dövlətin başında olan adamlar işğal altında olan Azərbaycan torpaqlarının hər hansı şəkildə geri qaytarılması fikrini qəbul etmirlər. Ermənistanda belə hesab olunur ki, Dağlıq Qarabağ bir müharibə nəticəsində Azərbaycandan alınıb və Dağlıq Qarabağın kənarındakı rayonlar da o zaman verilə bilər ki, Azərbaycan Dağlıq Qarabağın Ermənistanın olduğunu qəbul etsin. Bu fikir Ermənistanın hərbi, siyasi və diplomatik fəaliyyətinə yön vermişdir və Lavrovun bəyanatı Ermənistanı bu mənada qorxuya salıb ki, müharibə olduğu təqdirdə Rusiya Ermənistanı müdafiə etməz. Buna qədər işğalçı ölkə arxayın idi. İndi təşvişə səbəb olan budur”. Q.Çaxmaqlı qeyd etdi ki, Naxçıvandan gələcək zərbə ilə bağlı uzun müddət müzakirələr olub: “Hətta başlayacaq hərbi əməliyyatlarda Türkiyənin iştirakı ilə bağlı Ermənistanın məsələ qaldırdığı da məlumdur. Amma bu, o zaman ola bilər ki, Azərbaycanın antiterror əməliyyatları ölkənin xaricinə sıçrasın”.

Bundan əvvəl David Tonoyanın Qarabağa gəlməsinə və iki gün ərzində ön xətdəki hərbçilərlə görüşməsinə münasibət bildirən politoloq qeyd etdi ki, əslində Ermənistan müdafiə nazirinin bu bölgələrə səfərində qeyri-adi heç nə yoxdur: “Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını onların dedikləri kimi, ”Dağlıq Qarabağ özünümüdafiə ordusu" deyil, Ermənistan həyata keçirib və bunu da Rusiyanın yardımı ilə edib. Bunlar danılmaz həqiqətlərdir. Bütün bunlara rəğmən, biz torpaqlarımızı düşməndən azad etmək haqqını əlimizdə saxlamaqdayıq və bunları etmək məcburiyyətindəyik. Yoxsa bütün zamanlarda Azərbaycan dövlətçiliyi təhlükə içində qalacaq".

Müşahidələr və ekspertlərimizin rəyləri savaşın sadəcə an məsələsi olduğunu deməyə əsas yaradır. Hər iki tərəfdə hazırlıqlar var. Təbii ki, düşmən çox narahatdır, Azərbaycanla təkbətək qaldığı, hətta ATƏT-in şəxsi nümayəndəsinin də bölgəni koronovirus səbəbindən tərk etdiyi bu günlərdə sarsıdıcı zərbələr ala bilər, deyə...

E.PAŞASOY,
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 465          Tarix: 9-05-2020, 00:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma