Xəbər lenti
2-07-2020, 19:26



Beynəlxalq sanskiyalara məruz qalan və koronavirusla mübarizədə ciddi sıxıntılar yaşayan İran bir tərəfdən də neftin qiymətlərinin ucuzlaşmasından doğan problemlərlə üz-üzədir.
 
Ovqat.com xəbər verir ki, ağır maliyyə böhranı keçirən İran Yaxın Şərqdəki müttəfiqlərinin dəstəyinə bel bağlayıb.
 
İran parlamentinin deputatı Həşmətullah Fəlahətpişənin SEPAH-a bağlı “Etimad” qəzetinə açıqlamasında dilə gətirdiyi iddialar da bundan xəbər verir.


 
Deputat Suriyanın İrana 20-30 milyard dollar verməli olduğunu bildirib. Onun fikrincə, İran sanksiyalara məruz qaldığı dövrdə Suriyadakı əməliyyatlara 20-30 milyard pul xərcləyib. İndi Bəşər Əsəd rejimi zəhmət çəkib həmin pulları qaytarmalıdır.
 
 "Suriyadan xərclənən pulu geri almalıyıq. Ölkəmizin pulu oraya getdi. Əsəd seyfimizdən çıxıb Suriyaya axan pulları İrana qaytarmalıdır”,-millət vəkili belə deyib.
 


Deputata görə, Suriyada 9 ildir davam edən vətəndaş müharibəsi dövründə İran Əsəd rejimi üçün çox əhəmiyyətli bir müttəfiq olub: “İran şiə könüllü döyüşçülərinin, SEPAH komandirlərinin, silah və avadanlıqların və Hizbullah kimi vəkil qruplarının maliyyələşdirilməsini şəxsən həyata keçirib. İndi Suriya bu vəsaitləri geri qaytarmalıdır”.
 
İran parlament üzvünün “pulumuzu verin” çağırışları təsadüfi deyil. Suriyadan gələn məlumatlarda bildirilir ki, Bəşər Əsədi dəstəkləyən regional ittifaq artıq dağılmaq üzrədir. Koalisiyanın aparıcı aktoru Rusiyanın İsrail və ABŞ-la separat danışıqlara başladığı xəbər verilir. Məlumata görə, Putinin Təl-əvivdə apardığı danışıqlarda İranın bölgədən uzaqlaşdırılması, Suriyaya nəzarətin ABŞ-la Rusiya arasında bölüşdürülməsi, hətta Bəşər Əsədin devrilməsi barədə ilkin razılığa gəlinib. Təsadüfi deyil ki, son zamanlar Suriya rəsmiləri, o cümlədən bəzi deputatları tərəfindən Rusiyanı ittiham edən çıxışlar artıb. Rejim rəsmiləri iddia edirlər ki, Rusiya bu zamana qədər Suriyada heç bir önəmli iş görməyib, sadəcə döyüşü uzaqdan seyr etməklə kifayətlənib. Suriyanın qorunması isə İranla Bəşər Əsədə bağlı silahlı qüvvələrin öhdəsinə düşüb.


 
Bölgədən digər xəbərlərə görə, sanksiyalar səbəbindən böyük maliyyə böhranı yaşayan İran üçün də Suriyada duruş gətirmək artıq imkansız hala gəlib. Rəsmi Tehranın Suriyadakı qüvvələrini geri çəkmək barədə düşündüyü bildirilir. 
 
Üstəlik, müttəfiqlərin rus xəyanətilə üzləşməsi tezliklə bölgədəki hərbi vəziyyətdə də ciddi dönüşlərin yaranması ilə nəticələnə bilər. Türkiyə ilə İdlibdə qarşı-qarşı gələn İrana bağlı qüvvələrin tam təsirsiz hala düşmələri də yeni çarpışmların asan keçməyəcəyinə işarədir. 
 


Nəzərə alsaq ki, İranda müharibənin səbəb olduğu iqtisadi böhranın dərinləşməsi ölkə sosial naraşılıqları da artırır, bütün bu amillər Tehranı qlobal imperializmə qarşı mübarizədə cəbhə xəttini öz sərhədlərinə doğru çəkməyə vadar edir.
 
Belə görünür ki, Bəşər Əsədin perspektivinə ümidini tamamən itirən rəsmi Tehran heç olmasa savaşa yatırdığı pullarını qurtarmaq istəyir. Hansı ki, bu pullar onu ən kritik dövrünü yaşadığı indiki zamanda qarşılaşdığı maliyyə böhranından qismən də olsa xilas edə bilər.


Ana səhifəyə qayıt        Baxış: 3 255          Tarix: 30-05-2020, 21:28      


Paylaş: