Xəbər lenti
Dünən, 19:25


Prof. Dr. Saleh Məmmədov

Bu günlərdə ADR Azərbaycanın xaricdəki  pullarının geri qaytarılması məqsədi ilə konfrans keçirmişdir. Mən də bu konfransa  dəvət almışdım, amma obyektiv  səbəblərə görə iştirak edə bilmədim.  Sonra konfransın materiallarını  dinlədim, mütaliə etdim və bir sıra nəticələrə gəldim. Təşkilatçılara, hörmətli professor Qubad İbadogluna, bütün iştirakçılara dərin təşəkkürümü bildirirəm. Burada konfransda toxunulmayan  üç daha təhlükəli momentdən və məqsədə nail olmaq üçün beş daha mümkün variantdan söz açmaq istərdim. 
 
Üç daha təhlükəli vəziyyət: 
 
‌1. Təbii ki, Azərbaycan çox zəngin resurslara malik ölkədir, yəni oğurlamağa çox böyük imkanlar var. Ölkədə ənənəvi idarəçilik üsuluna uyğun olaraq korrupsiyaya geniş imkan açılmış, korrupsiya ictimai xarakter almışdır. 80-ci illərin sonlarından başlayaraq bütün dövrlər  ərzində (Azərbaycanın sərbəst xarici əlaqələrə çıxdığı vaxtdan etibarən) çox böyük həcmdə vəsaitlər xarici banklara axıdılmışdır. Milli hökümət   devrildikdən   sonra bu talan daha da  sərbəstləşmiş və geniş vüsət almışdır.  Dövlət məmura rüşvət,  yəni qeyri-leqal paket halında əmək haqqı vermək üsulunu rəsmi qayda kimi tətbiq etmək durumunda qalmışdır. 2014-cü il regional böhrandan  sonra ABŞ konqresində Rusiya və keçmiş sosialist ölkələrindən  çıxarılan kapitalın yoxlanılması məqsədi ilə yaradılan komissiya müəyyən etmişdir ki, bu   ölkələrdən 1,7  trillion  dollar   kapital çıxarılmışdı ( o cümlədən təqribi hesablamalara görə bu qeyri-leqal pulların 45- 50 milyard manatı Azərbaycanın payına düşür).  Əlbəttə,   bu, çox böyük məbləğdir. Hər ildə də arta-arta gedir.  Komissiyalarının tərkibində əsasən yəhudi menecerlər  iştirak edirdi, amma ermənilərdən də olanlar az deyil. Bizim üçün yaxşı haldır ki yəhudilər dost xalqdir, bizimkilərə  bir qədər kömək edir, amma ermənilər ondan öz milli məqsədləri üçün istifadə edərək bizim üst düzey məmurları canlı şantaj alətinə çevrə bilirlər - cox  təhlükəli haldır. Təsadüfi deyil ki,  2014-cü ildən sonra Qarabağ  məsələsi üzrə Azərbaycan məmurlarının etiraz immuniteti sıfıra endirilmişdir.   Heç kim əmin ola bilməz ki,  ölkənin xarici siyasətinə cavabdeh olan şəxs övladının yaşadığı mənzili  itirməməsi  üçün erməniyə qarşı hər hansı bir  bəyanatla çıxış etsin. Bundan əlavə   bu əmlakların,  pulların itirilməsi qorxusu bir yana qalsın, ustəlik bütün xalq qarşısında oğru kimi ifşa   olunsun, vəzifəsini, karyerasını, mövqeyini itirsin.



2. Digər təhlükəli durum bununla əlaqədardı: ölkədə qanunvericilik bazası olmadığına  görə leqal biznes köçürmələr özü qeyri-leqal hala gətirilmişdir.  Azərbaycan vətəndaşlarının xaricə kapital çıxarması üçün, bunlardan pul qazanması, dividend alması üçün heç bir hüquqi baza yoxdur. Kimsə buna gedirsə, əvvəl, leqal qazancını qeyri-leqal etməli və ölkədən çıxarmalıdır. Bu pullar ABŞ və ya Avropa üzərindən çıxarılır və artıq qeyri-leqal pul kimi daxil olur. Qeyri-leqal pul artıq sahibinin deyil, beynəlxalq korrupsiya aktlarının təsiri altına düşür.   
 
3.   Uçüncü təhlükə - ölkədə idarəçilik sistemi bir çox hallarda Azərbaycanın beynəlxalq  konvensiyalar üzrə götürdüyü öhdəliklərə və eyni zamanda daxili qanunvericilik sistemindən kənarlasdığına görə  beynəlxalq sanksiyalar obyektinə çevrilmə  təhlükəsi yaranır.  Dünya idarəçilik sistemini yaxşı bilən hər kəsə məlumdur ki,  belə hallar nəinki qara pullara,  həmçinin dövlətin xarici ölkələrdə saxladığı rəsmi  valyuta və qızıl ehtiyatlarına da şamil edə bilər.   İstənilən an siyasi məhbuslara görə və ya  hansısa   beynəlxalq aktları pozmağa görə böyük sanksiyalarla üzləşə bilərik. Heç kim düşünməsin ki,   boş danışıq və hədə qorxu ilə bizim xeyrimizə nəsə edə bilərlər, əksinə, dərk etmək lazımdır ki,  xaricdə saxlanılan pullar böyük biznes qruplarının maraqlarına uyğunlaşırlar.  Bizdə insan hüquqlarının qorunması, beynəlxalq qaydalara riayət olunması bu biznes qruplarına o vaxta qədər lazım olur ki,  onların biznes maraqlarını tam  təmin etsin. Xarici  təcrübə ciddi surətdə bizi düşündürməlidir: Qəddafinin çox böyük pullarından ailəsi ayda min dollar ərzağa və dərmana vəsait ala bilmir. Xalqa qaytarmaq üçün isə  bu ölkənin qarşısında qoyulan şərt demokratik seçki keçirilməsi, demokratik hökumətin formalaşması -  inandırıram sizi müsəlman ölkəsində indən sonra yüz ilə də mümkün olmayacaq,  demək, bu   pullar da bu biznes qurumlarının əlində qalacaqdır.  47 milyard ekstra valyuta ehtiyatlarımız var,  bu gün onları hədəfə çevrilmək təhlükəsindən qorumaq lazımdır.


 
Bəs, necə qaytaraq bu pulları və ümumiyyətlə, bu mümkündürmü? 
 
Cavab heç də ürəkaçan deyil, təkrar etmək istəyirəm ki,  bu böyük pulların arxasında nəhəng biznes qruplarının və transmilli şirkətlərin,  dövlətlərin (hətta Ermənistan dövlətinin) maddi maraqları vardır, bu  maraq dairəsindən onları çıxarmaq olduqca problemli məsələdir,  amma təbii ki,  cəhd göstərilməlidir. 
 
Pulun coğrafiyası çox qeyri-obyektivdi. Dünya pulunun 80%-i inkişaf etmiş ölkələrin ərazilərində yerləşdirilib. Hər nə qaytarılsa,  yenə də qənimətdi. 
 
Bu istiqamətdə beş  tədbir üzərində dayanmaq istərdim: 
 
Birinci, bu çevrəyə daxil olan bütün üst düzey məmurların   səlahiyyətləri əllərindən alınmalı və cəmiyyətdən izolyasiya olunmalıdır, onlar şantaj alətindən azad olunmalıdır. Həmin məmurlardan santaj aləti kimi istifadə olunması bu dövlətə düşmən olkədən qat-qat çox zərbə vura bilər. Xudafərin körpüsünün tikintisinə icazə verilməsi faktı buna real sübutdur


 
İkinci, yeni təyin olunan rəhbərlər xarici komissiyalarla ciddi   danışıqlara başlamalı,  həmin məmurlarla bərabər,   bunlardan nə qədər mümkündürsə ölkəyə çəkib gətirmək zəruridir. Bu gün bunun fərqi yoxdur,  kimə gələcək,   əsas məsələ odur ki,  ölkənin içərisinə gəlsin və bu ölkənin inkişafına cəlb olunsun, həm də şantaj obyektindən çıxarılsın.  Qarşıda   2 yol var;  ya bu böyük pullar məmurların hesabında xaricilərin (daha çox düşmən ölkənin) santajı altında qalacaq,  ya nə yolla olsa bu pulların heç olmasa bir qismi geri qaytarılacaq. Bunun üçün isə mütləq maliyyə aministiyası qanunu qəbul olunmalıdır.
1992-ci ildə mən nazir təyin olunan kimi birinci parlamentə təqdim olunan qanun maliyyə aministiyası qanunu oldu və bu qanunun köməyi ilə xeyli valyuta ölkəyə qaytarıldı. Bu qanunu sadəcə təkmilləşdirərək  yenidən qəbul etmək mümkündür.
 
 Uçüncü, ölkədə qanunvericilik bazası hazırlanmalıdır,  həm də bu pulların ölkə ərazisində sərbəst hərəkət etməsi üçün sərbəst (ofşor) zonalar yaratmaq,  ofşor banklar, şirkətlər, investisiya fondları qurmaq lazımdır. Dünyanın 87  trillion dollar ÜDM-nin 38-40 trillion dolları ofşor zonalar vasitəsilə köçürülür. 


 
Azərbaycan isə həmin nisbətdə vəsaitləri ictimai dövriyyədən çıxararaq qeyri-leqal qara pul kimi korrupsiya obyektinə çevirir və çox hallarda xaricə çıxarır.  Təsəvvür edin, 47 milyard  dollarlıq umumi daxili məhsulu olan azərbaycanın hər ildə 25-30 milyard dollarlıq korrupsiya dövriyyəsi rəsmiyyətdən çıxarılır, bank aktivlərinin həcmi isə 20 milyard dollara çatmır. Hətta pul sahibləri dəyişmədən bunlar rəsmi dövriyyəyə cəlb olunsa, bir il ərzində ölkəyə investisiyaların həcmini  üç dəfə artırmaq, kredit faizlərini 2,7-2,8 dəfə azaltmaq mümkün olardı.  
 
Dördüncü, elektron maliyyə sisteminin tam qurulması vacibdir. E-maliyyə və onun beynəlxalq elektron qovşaga qoşulması korrupsiyaya ən kəskin zərbə sayılır. Nəqdi pulun aradan qaldırılması və ümumiyyətlə, nəqdi hesablaşmaların  ləğv olunması korrupsiya elementlərinin 95% aradan götürülməsinə səbəb olacaqdır. 


 
Beşinci, korrupsiya doğuran səbəblər aradan qaldırılmalı, ölkədə bütün sahələri əhatə edən rəqəmsal uçot yaradılmalıdır, həm də süni intellekt vasitəsilə, kontaktsiz və insan iştirakı olmadan. Harada polis, prokurorluq, xüsusi xidmət orqanları korrupsiyaya qarşı mübarizəyə qoşulur, orada korrupsiya daha da çiçəklənir (Rusiya, Türkiyə, Türkmənistan, Azərbaycan, Ukrayna və s), harada, əksinə,  prosesə süni intellekt, robotlar, data science proqramları cəlb olunur (Yaponiya, Sinqapur, Finlandiya, Baltik ölkələri, Norveç, C. Koreya və s), orada korrupsiya sıfıra endirilmək üzrədir. Bunun üçün bir sıra data science proqramları işlənməlidir: e-vergi bəyannaməsi (bütün vətəndaşların gəlir və xərclərinin uçotu), əhalinin siyahıya alınması və gündəlik fəaliyyətinin qeydiyyatı, seçkilərin keçirilməsi və reytinqlərin müəyyən olunması, Dövlət  büdcəsinin tərtibi və icrasi, Valyuta ehtiyatlarının icmal menecmenti, Tədiyyə balansı, Bığ data bazasının yaradılması və s. Bu proqramlar verilən böyük məlumatları süni intellekt vasitəsi ilə qəbul etməli, işləməli, riyazi model quraraq nəticə-qərar verməlidi. Məmurların və mütəxəssislərin vəzifəsi yalnız böyük məlumatları toplayıb maşına otürməkdən ibarət olacaq. Hesabatlar dəqiqələr üzrə icra olunacaq. Əgər bir nazir 3 min maaşla 3 milyonluq villa alırsa, həmin dəqiqə bu məlumat ictimaiyyətə çatdırılacaqdır. Proqram sənayesi Azərbaycanda çox aşağı səviyyədədir, amma bu gün dünyanın taleyi bu proqramlara bağlıdı. Bu iş ölkədə qurulmalıdır.

Dərin hörmətlə, 
Prof. Dr. Saleh Məmmədov


Ana səhifəyə qayıt        Baxış: 5 795          Tarix: 8-06-2020, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma