Xəbər lenti
 
 
Bir neçə il əvvəl Azərbaycan xalqı Afrikanın Sudan adlı məmləkətində insanların aclıqdan necə əziyyət çəkdiyini eşidib, video-görüntülərdə çörək üstündə bir-birini az qala qırdığını seyr edib xeyli üzülürdülər. Hətta ölkəmizdə Sudan dindaşlarımız üçün yardımlar belə yığılırdı.
 
Bu o zaman idi ki, dünya bazarında neft 100 dollardan baha satılırdı. Biz də iri məmurlarımızdan artıq qalanları yeyib kef edirdik. İnana da bilmirdik ki, bir neçə ildən sonra neftin qiyməti yerlə sürünəcək, bu da azmış kimi, koronavirus adlı bir mərəz səbəbindən evimizə çəkilərək, 2 gün burnumuzu belə çölə çıxara bilməyəcəyik. Ən əsası isə, iki günlük ərzaq ehtiyatımızı mağazadan alarkən çörək üstündə zavallı sudanlıları xatırladan yarışa girəcəyik. Və bizim bu halımız xarici mediada gündəmə gətiriləcək.
 
Ovqat.com xəbər verir ki, Rusiyanın TASS portalı Azərbaycanda koronavirus karantinindən bəhs etdiyi reportajında mağazalarda yaşanan ərzaq növbəsinə də işıq tutub. “Boş küçələrdə sakitlik. Azərbaycanda həftəsonu karantin necə keçir?” sərlövhəli məqalədə müəllif yazır: “Bəzi sosial şəbəkə istifadəçiləri lokdaun ərəfəsində insanların mağazalardan böyük həcmdə ərzaq aldıqlarını əks etdirən fotolar paylaşıb. Həqiqətən də, qapalı həftə sonundan bir gün əvvəl mağazalarda alıcı ajiotajı müşahidə edilirdi”.
 
Xaricdən necə göründüyümüzü anlamaq üçün yazını oxucularımızın ixtiyarına müzakirəsinə buraxırıq:




  Azərbaycan hökumətinin ölkədə koronavirusa yoluxma sayının kəskin artması səbəbindən istirahət günləri üçün elan etdiyi lokdaundan sonra paytaxtın küçə, prospekt və parkları tam boşalıb. Vətəndaşlara iki gün ərzində evdən çıxmaq qadağan edilib, mağaza, aptek və restoranlar bağlanıb, ictimai nəqliyyat işləmir.
 
Küçələrdə sakitlik və blokpostlar
 
Şənbə günü şəhər sükuta qərq olmuşdu. Yollarda avtomobil, tikintilərdə texnika səsi, həyətlərdə oynayan uşaqların qışqırtısı – bir sözlə, vərdiş etdiyimiz səslər eşidilmirdi. Sakitliyi yalnız ara-sıra post-patrul xidməti avtomobillərindən səsgücləndirici vasitəsilə edilən evdə qalmaq, karantin rejiminə əməl etmək çağırışları pozurdu. 
 
Dövlət telekanalının xəbər buraxılışlarında boşalmış küçə və prospektlər göstərilir. Kadrlarda həmçinin polis blokpostlarının fəaliyyəti əksini patır. Qanun keşikçiləri ara-sıra rast gəlinən avtomobilləri saxlayır və sürücünün hərəkət üçün xüsusi icazəsinin olub-olmamasını yoxlayır. Belə icazələr yalnız ümumi karantin şəraitində fəaliyyətini davam etdirən dövlət idarə və müəssisələrinin xidməti avtomobillərinə, həmçinin təcili tibbi yardım, qəza-xilasetmə maşınlarına verilib.


 
Yerli informasiya agentliklərindən birinin texniki dəstək xidmətinin əməkdaşı telefonla söhbət zamanı TASS-a bildirib ki, onu işdən evə gətirən xidməti avtomobili polislər bir neçə yerdə saxlayıb. Asayişin qorunmasına Daxili Qoşunların hərbi qulluqçuları da cəlb olunub. “Şəhər tamamilə boşdur. Polis hətta yaşayış məhəllələrində həyətləri belə, yoxlayır”, - deyə o, bildirib.
 
Psixoloji diskomfort
 
“Mənim evim şəhərin “qaynar” prospektində yerləşir. Bu prospekti boş görmək adama qəribə gəlir. Sanki reallıqdan uzaq nəsə baş verir. Lakin anlamaq lazımdır ki, sərt tədbirlər insanların sağlamlığı üçündür”, - deyə Bakı sakini Səbinə Əliyeva bildirir.


 
Onun sözlərinə görə, əsas narahatlıq psixoloji amillə bağlıdır, çünki insan özünü adi həyat ritmindən kənarda qalmış hiss edir: “Əlbəttə, indi payızın ortası və ya qış olsaydı, asan olardı. Lakin bayırda biraz küləkli olmasına baxmayaraq, gözəl yay havası var. “Əvvəlki” həyatda belə günlərdə dənizkənarı parka gəzintiyə çıxmaq və ya açıq havada kafedə oturmaq olardı. Yeganə təsəlli odur ki, bütün bunlar müvəqqətidir və yoluxma sayının azalmasına müsbət təsir edəcək”, - deyə o, qeyd edir.
 
TASS müxbirinin telefonla danışdığı insanların çoxunu ev heyvanlarının aqibəti də düşündürür. “İki günlük sərt karantin qaydalarında bu məqam nəzərə alınmayıb. Axı ev heyvanları hər gün gəzdirilməlidir. Cərimələnmək riskini gözə alaraq, qısa müddətə də olsa həyətə düşürük”, - deyə iş adamı Samir A. bildirir. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları adətən belə halları anlayışla qarşılayır və cəza tətbiq etməyə tələsmir.
 
Azərbaycanda karantin rejiminin pozulmasına görə qanunla fiziki şəxslər üçün 100 manatdan 200 manatadək (58 ABŞ dollarından 117dollaradək), vəzifəli və hüquqi şəxslər üçün isə 1,5 min manatdan 2 min manatadək (881 dollardan 1 175 dollaradək) cərimə və ya 1 ayadək inzibati həbs cəzası nəzərdə tutulub.


 
Ehtiyat bazarlıq
 
Ərzaqla təminata gəlincə, sakinlər ötən cümə iki günlük karantin üçün ehtiyat görüblər. Həmin gün hökumət qısa iş günü elan etmişdi. Bəzi sosial şəbəkə istifadəçiləri lokdaun ərəfəsində insanların mağazalardan böyük həcmdə ərzaq aldıqlarını əks etdirən fotolar paylaşıb.
Həqiqətən də, qapalı həftəsonundan bir gün əvvəl mağazalarda alıcı ajiotajı müşahidə edilirdi. Hərçənd zəruri ərzaq məhsullarının qıtlığı yox idi. Bəzilərisə ehtiyat ərzaq almağa zərurət olmadığını deyir, bunu sərt karantinin cəmi iki gün davam edəcəyilə əsaslandırırdı. Tam özünütəcrid rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində, həmçinin Abşeron rayonunda həyat bazar ertəsi saat 06:00-dan normal ritminə qayıdacaq.   
 


Ciddi pozuntular yoxdur
 
Daxili İşləri Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun TASS-a verdiyi məlumata görə, hələlik karantin rejiminin ciddi pozulması halı qeydə alınmayıb. “Sakinlər hökumətin tətbiq etdiyi məhdudiyyətləri anlayışla qarşılayaraq, evlərində oturur. Bazar ertəsindən etibarən hər kəs fəaliyyətini adi rejimdə davam etdirəcək”, - deyə o, bildirib.
 
Hökumət yoluxma statistikasında neqativ dinamikanın davam edəcəyi təqdirdə, tam özünütəcrid təcrübəsinin növbəti istirahət günləri də tətbiq olunacağını istisna etmir. Üstəlik bu, digər bölgələri də əhatə edə bilər.


 
Yoluxma statistikası
 
Azərbaycanda xüsusi karantin rejiminin mərhələli yumşaldılmasından sonra yoluxma sayı artmağa başlayıb. Ötən həftə ilk dəfə olaraq sutkalıq yoluxma göstəricisi 200 nəfəri, bu həftə isə 300 nəfəri keçib. Halbuki, mayın ortalarınadək ölkədə sutkada 30-60 yoluxma qeydə alınırdı. Bununla belə, həkimlər baş verənləri epidemiyanın ikinci dalğası kimi qiymətləndirmir.
 
Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də qeydə alınıb. Martın 14-dən ölkədə bir sıra özünütəcrid tədbirlərini nəzərdə tutan karantin rejimi, 24-dən isə xüsusi karantin rejimi tətbiq olunub. Hökumət aprelin 27-dən başlayaraq, məhdudiyyətləri tədricən yumşaltmağa başlayıb.
 
Pandemiya dövründə Azərbaycanda 82 insan ölüb, 3 871 xəstə sağalıb.


Ana səhifəyə qayıt        Baxış: 3 460          Tarix: 15-06-2020, 23:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma