Xəbər lenti

 
İyunun 20-də Naxçıvan Muxtar Respublikasında havanın temperaturu +33 dərəcə olub. Bu əlbəttə, kölgədəki temperaturdur. Üstəlik, gün boyu buludsuz və küləksiz hava şəraiti hökm sürüb. Loru dildə desək, dünən Naxçıvan yayın cıracırını yaşayıb. 


 
Belə bir istidə insanın könlündən nə keçər? Cavab bəllidir - əlbəttə ki, heç olmasa, günortanı kondisionerli otaqda keçirmək. Ya da uzaqbaşı Uzunoba gölündə üzmək və dərhal günəşin isti şüalarından qaçıb tapa bildiyin ağacın kölgəsinə sığınmaq. Batabat yaylağına çıxmaq, dağ zirvəsinin sərin və təmiz havasıyla ciyərlərini doldurmaq da pis olmazdı.
 
Amma Naxçıvanın iri məmurları bu səadəti yaşaya bilməyiblər. Səbəb Ali Məclisin sədri cənab Vasif Talıbovun təbiəti yaşıllaşdırmaq  və iməclik sevdası olub. 
 
Söhbət təkcə ondan getmir ki, Naxçıvanın məmur korpusu yayın bu cıracırında ağac əkmək, bağ salmaq kimi kənd təsərrüfatı üçün o qədər də münasib olmayan fəaliyyətə cəlb olunublar.
 
Haşiyə

Baş naziri kənd təsərrüfatı mütəxəssisi olan Muxtar Respublika rəhbərliyinə zəruri aqro-texniki məsləhət:
 
Ağacları ilin istənilən vaxtında istədiyimiz kimi kəsə bilmərik. Budama işləri ağaclar yarpaqları tökdükdən sonra cücərmə dövrünə qədər aparılmalıdır. Naxçıvan üçün bu mövsüm 15 noyabr-15 mart arasındadır. Uyğun olmayan vaxtlarda aparılan budama əməliyyatları ağacların ciddi zədələnməsinə və məhsul itkisinə gətirib çıxarır. Bundan əlavə, vaxtında aparılmayan budama işləri ağaclarda qarşısı alınmaz xəstəliklərə də yol aça bilər.
 

 
 
Söhbət həm də ondan gedir ki, Muxtar Respublikanın binəva məmurları fəslə uyğun olmayan bu fəaliyyəti kostyum-qalstukda həyata keçiriblər. Təsəvvür edirsinizmi, Naxçıvanın yay cıracırı, sən də rəsmi paltarda, boğazında qalstuk, əynində payız kostyumu, özü də kostyumun rəngi isti götürən qara və ya lacivərdi ola...  Ən pisi isə odur ki, Ali Məclisin sədri Vasif müəllim də əlində qayçı, səninlə bərabər iməclik edə… Məcbursan, gözə girmək üçün tər tökə-təkə işləyəsən. Əks halda cənab sədr özü işlədiyi halda, sənin “xaltura” etdiyini görsə, sözün həqiqi mənasında tifağın dağılar.
 
Ovqat.com xəbər verir ki, əsl cəhənnəm əzabını xatırladan bu mənzərə hər hansı şair fantaziyasının məhsulu deyil, Naxçıvanın rəsmi xəbər portallarının etirafıdır. İnanmırsınız? Onda gəlin, yayın cıracırında bağ budama iməcliyi xəbərini “Nuhçıxan”ın rəsmi məlumatından oxuyaq.


 
“Muxtar respublikada həyata keçirilən ekoloji siyasət nəticəsində geniş yaşıllıq zolaqları, meyvə bağları salınmışdır. Bu da ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir. İməciliklər zamanı ağaclara aqrotexniki qulluq göstərilməsi, təmizlik və səliqə-səhman işlərinin görülməsi isə ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Görülən işlərin nəticəsidir ki, insanlar təbiətlə bir vəhdət şəklində yaşayır, zəngin flora və faunamız qorunur.
 
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyunun 20-də muxtar respublikada iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığındakı terras üsulu ilə salınmış meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər. Ötən illərdə meyvə bağında 10 minə yaxın müxtəlif meyvə, meşə və dekorativ ağacları, eləcə də üzüm kolları əkilmişdir. Lazımi aqrotexniki qulluq göstərilməsinin nəticəsidir ki, artıq ağaclar məhsul verir.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə bağlarına qulluğun davam etdirilməsi barədə tapşırıqlar verib”.




Ana səhifəyə qayıt        Baxış: 7 376          Tarix: 21-06-2020, 07:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma