Xəbər lenti
Dünən, 19:25


Rəşad Bayramov,
AMİP Siyasi Şurasının üzvü

 
Ötən əsrin 80-ci illərinin sonlarından getdikcə vüsət alan ümummilii hərakat qısa zaman kəsiyində Milli Azadlıq Hərakatına çevrildi. Azərbaycanda başlanan bu hərakat ciddi böhran dövrünü yaşayan Sovet İmperiyasının çöküşünü sürətləndirməklə yanaşı, dünaya düzənin dəyişməsinə, qlobal beynəlxalq münasibətlərin yenidən formalaşmasına həlledici təsir göstərdi. Belə bir görünməmiş tarixi gerçəkliyin həyata keçməsinə böyük tövhə verən xalqımızın qarşısında müstəqilliyinə təkrarən qovuşmasından sonra daha mühüm, həm də olduqca çətin vəzifələr dururdu. Verilən qurbanlar və gərgin mücadilələr hesabına qazanılmış müstəqilliyi qorumaq, erməni işğalçıları ilə ölüm-dirim müharibəsi aparmaq, dövlətçiliyi qurmaq, dağılmış və bərbad hala düşmüş iqtisadiyyatı bərpa etmək, ölkəni beynəlxalq subyekt kimi tanıtdırmaq, eləcə də, demokratik və hüquqi cəmiyyət qurmaq. Lakin bütün bu çətinliklərin öhdəsindən gəlmək üçün mütəşəkkil və vahid ideya, məqsəd uğrunda birləşəcək nə strukturlar var idi, nə taşkilatlanmış vahid siyasi qüvvə
 
Eyni zamanda 70 il ərzində Kommunist Partiyasının hegomonluğu insanların azad və müstəqil şəkildə düşünmələrinə, sərbəst qərar vermələrinə, fikir plüralizminə, alternativ proqram və ideyalara imkan vermədiyindən, cəmiyyət inzibati idarəçiliyin və ənənəvi psixologiyanın təsirindən hələ də qurtara bilməmişdi. Yuxarıda sadalanan bu şərtlər və tarixin yetişdirdiya zaman ölkədə bütün məsuliyyətin ağırlığını üzərinə götürə biləcək yeni bir siyasi qurumun yaradılmasını diqtə edirdi. Bu şərəfli, ağır və məsuliyyətli vəzifəni Milli Azadlıq Hərakatının Lideri Etibar Məmmədovun rəhbərliyi ilə istiqlaldan hürriyyətə ideyasını qəbul edən minlərlə hərakat nümayəndələri öz üzərlərinə gütürdü.
 
Beləlıklə, Azərbaycanın ictimai-siyasi həyatında öz nüfuzu, təsir gücü, aydın ideoloji xətti, milli dəyərlərin mühafizəçisi kimi tanınan, uğurlu beynəlxalq əlaqələr quran, müasir dünyanın tələblərinə cavab verən, daim yenliklərə imza atan, ali dəyərləri özünün başlıca prinsipləri elan edən Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycanın istiqlalının bərpası ərəfəsində, 15 oktyabr 1991-ci ildə Dövlət Televiziyasının partiyanın yaradılması barədə Təşkilat Komitəsinin Bəyannaməsi haqqında məlumat verməsi və bir gün sonra “Millət” qəzetinin sınaq sayında bəyannamənin dərc olunması ilə siyasi səhnədə ilk addımlarını atdı. Bununla da, Azərbaycanın cağdaş siyasi tarixində təkpatiyalı siyasi sistemdən çoxpartiyalı siyasi sistemə keçidin əsası qoyuldu. 3-4 iyul 1992-ci ildə isə AMİP-in Azərbaycan Milli Opera və Balet Teatrının salonunda keçirilən 1-ci Təsis Qurultayında Partiyanın Məramnamə və Nizamnaməsi, eləcə də, 4 bəndən ibarət qətnamə qəbul edilmiş, Qurultay adından Azərbaycan xalqına müraciət ünvanlanmış, partiyanın strukturları formalaşdırılmış, Etibar Məmmədov sədr olmaqla partiyanın rəhbərliyi seçilimişdir. AMİP 17 iyul 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən ilk rəsmi qeydiyyatdan keçən partiya kimi də tarixə düşüb.


 
AMİP yarandığı gündən etibarən qarşısına saf və nəcib məqsədlər qoyaraq xalqın və dövlətçiliyimizin mənafei naminə siyasi mübarizəyə atıldı və artıq 28 ildir ki, davamlı olaraq, öz hədəflərindən sapınmadan, prinsipial mübarizəsini aparmaqdadır. Doğrudan da, elə ilk günlərdən AMİP xalqın inandığı, etbar etdiyi və güvəndiyi ümummilli bir partiyaya çevrildi. Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan, cəmiyyətdə ciddi təsir imkanlarına malik olan, milli şüurun formalaşmasında müstəsna rol oynayan, ölkədəki prosesləri dəyişmə gücünə yiyələnən AMİP Azərbaycanda siyasi kadrların yetişməsində, yeni idarəçilik metodlarına yiyələn idarəcilərin hazırlanmasına da öz əvəzsiz töhvəsini verdi. Bu mənada AMİP həm də Azərbaycan cəmiyyəti üçün kadrlar hazırlayan bir siyasi məktəb funksiyasını da yerinə yetirməkdədir.
 
 Xarici əlaqələrinin genişlənməsinə böyük önəm verən partiya 1 may 1999-cu ildə dünyanın 60-dan çox ölkəsinin 80-ə yaxın sağ-mərkəzçi partiyasını özündə birləşdirən nüfuzlu təşkilat olan Beynəlxal Demokrat İttifaqına tam hüquqlu üzvlüyünə qəbul edilmişdir. Bu üzvülük AMİP-in bəşəri dəyərlər uğrunda uzun illərdən bəri apardığı ardıcıl mübarizəsinə və qazandığı nailiyyətlərə beynəlxalq aləm tərəfindən verilən qiymətdir. Təsadüfi deyil ki, partiyanın Lideri Etibar Məmmədov 2005-ci ildən fasiləsiz olaraq həmin qurumun sədr-müavini postunu tutmaqdadır. 
 
Bu cür beynəlxalq əlaqələr isə Azərbaycan gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılması və ölkəmizin beynəlxal aləmdə tanıdılması baxımdan çox önəmlidir. Məhz bunun nəticəsidir ki, AMİP-in hazırladığı bir sıra sənədlər, o cümlədən, Güney Azərbaycanda yaşayan soydaşlarımızın fundamental hüquqlarının qorunması və tanıdılması, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, ölkədə köklü islahatların həyata keçirilməsi, demokratik cəmiyyətin qurulması ilə bağlı bir sıra vacib sənədlər BDİ-nin müxtəlif səviyyəli toplantılarında geniş müzakirələrə çıxarılaraq, müvafiq qərarlar qəbul edilmişdir. Partiyanın beynəlxalq əlaqələrindən danışarkən, Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası arasında qurulan sıx münasibətləri də diqqətə almaq lazımdır. Gələcəkdə həmin quruma AMİP üzv qəbul edilməsi həm partiya, həm də Azərbaycan üçün yeni bir yüksək tribunanın qazanılması, beynəlxalq aləmdə mövqeynin daha da möhkəmləndirməsi deməkdir.
 
AMİP-i yenlikçi partiya kimi tarixə salan həm də ilk dəfə siyasi hakimiyyətə gəlmək iddiasını açıq şəkildə elan etməsidir. Lakin partiya hakimiyyətə gəlməyin yeganə yolunun seçkilərlə və xalqın iradəsinə bağlı olmasını dəfələrlə bəyan edib. AMİP Lideri Etibar Məmmədov partiyanın 1-ci Təsis Qurultayında etdiyi siyası məruzəsində: “Təbiidir ki, bu günün müxalifəti nə zamansa iqtidara gəlmək arzusundadır və bu yolda da mübarizə aparır. Ancaq bu mübarizəni təkcə iqtidarda olanları tənqid etməklə, onların səhv addımlarını görüb xalqa çatdırmaqla məhdudlaşdırmaq olmaz. İqtidarın səhvlərini faş edib, onun hakimiyyətdən getməsinə nail olmaq hələ o demək deyil ki, müxalifət hakimiyyətə layiqdir. Bizim hakimiyyətə layiq olub-olmadığımızı yalnız millət müəyyənləşdirməlidir. Bunun üçün də millət bizim niyə mübarızə apardığımızı və nə istədiyimizi, nə cür dövlət quracağımızı, hansı sistemi yaradacağımızı bilməlidir. Bu baxımdan fəaliyyətimiz, fikirlərimiz bütün aydınlığı və açıqlığı ilə millətə çatdırılmalıdır ki, o bizim layiqliyimizi, siyasi qabiliyyətimizi görüb qiymətləndirə bilsin” - deməklə, hakimiyyətə gedən yolun düzgün istiqəmətini göstərmişdir. O, həmçinin, partiyanın hakimiyyə gəlmə məqsədini də açıq tərzdə belə ifadə etmişdi: “Hakimiyyət bizim üçün son məqsəd deyil, Vətənimiz naminə quruculuq planlarımızı həyata keçirmək üçün bir vasitədir”.
 
AMİP müxalifət partiyası olaraq fəaliyyətini yalnız tənqidlər üzərində qurmadığından, konstruktiv mövqe sərgilədiyindən, problemlərdən çıxış yollarını göstərdiyindən, mükəmməl proqramlar və alternativ layihələr ortaya qoyduğundan, eləcə də, müstəqil və ardıcıl siyasi xətt yürütdüyündən, cəmiyyət arasında böyük dəstəyə sahibliyindən, sabit elektorata malikliyidən dolayı həmişə sağdan-soldan hücumlara məruz qalıb. Partiya həm iqtidar, həm də müxalifət cəbhəsinə qarşı eyni vaxtda mübarizə aparmaq məcburiyyəti ilə üzləşsə də, doğru bildiyi yolundan, ideya və prinsiplərindən bir addım da olsa geri çəkilməyib. Ölkədə keçirilən bütün seçkilərdə iştirak edən partiyanın qazandığı uğurlar bir daha sübüt etdi ki, AMİP ölkənin ölkənin ictimai-siyasi həyatında ciddi dəstəyə malikdir. 
 
Təsadüfi deyil ki, Azərbaycanda yüz minlərlə insan ölkənin inkişafını, firavan gələcəyini, demokratik, azad cəmiyyət quruculuğunu, vahid və Böyük Azərbaycana qovuşmağın ümidlərinin gerçıkləşməsini məhz AMİP-də görməkdədir. Heç şübəsiz ki, ölkəmizin 28 yaşlı ən qocaman partiyası bu vəzifəsinin öhdəsindən də ləyaqətlə və şərəflə gələcək.
 
Bu gün münasibətilə bütün Milli İstiqlalçıları təbrik edir, hər birinizə firavan həyat, demokratik cəmiyyət və güclü dövlətin vətəndaşı olmağı arzulayıram.




Ana səhifəyə qayıt        Baxış: 6 494          Tarix: 3-07-2020, 19:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma