Xəbər lenti

 

 

Türkiyədə on minlərlə insanın həbsinə, işdən uzaqlaşdırılmasına və digər üsullarla cəzalandırılmasına səbəb olmuş FETÖ istintaqı ölkənin bundan əvvəlki prezidenti Abdullah Gülə doğru uzanmaqdadır.

Ovqat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində eks-prezidentin məsləhətçisi Ayşə Yılmaz artıq həbs olunub.

Bundan əvvəl də göz altına alınan Ayşə Yılmaz məhkəmə nəzarəti şərtiylə sərbəst buraxılmış, lakin prokurorların şikayəti əsasında onun yenidən saxlanılması barəsində qərar verilmişdi. Qərarın ardından bu gün polis idarəsinə gələn Ayşə Yılmazın həbsxanaya göndərildiyi xəbər verilir.

Ayşə Yılmazın məsləhətçisi olduğu Abdullah Gül Rəcəb Tayyib Ərdoğanın ən yaxın partiya yoldaşı hesab olunurdu. O, uzun müddət AKP-nin ikinci adamı olmuş, Rəcəb Tayyib Ərdoğanın deputatlığı qəbul olunmayanda qurulan ilk AKP hökumətinə rəhbərlik etmiş və Konstitusiyada müəyyən dəyişikliklər aparılmasında müstəsna rol oynayaraq liderinin parlamentə seçilməsinin önünü açmışdır.

Daha sonra AKP hakimiyyəti dövründə boşalan prezident kürsüsünə də Ərdoğanın seçilməsinə imkan verilməyəcəyi anlaşılınca, yenə həmin partiyadan bu vəzifəyə göndərilən şəxs Abdullah Gül olmuşdur. Prezidentliyi dövründə Ərdoğanın bu mərtəbəyə yüksəlməsinə bacardığı qədər dəstək verən Abdullah Gül bu sahədə də AKP liderinin ön ayağı sayılırdı.

Ərdoğanla Gül arasında münasibətlər Türkiyə prezidentinin Fətullah Gülən və tərəfdarlarına qarşı apardığı təmizləmə siyasətindən sonra xeyli sərinləməyə başlamışdı. Hətta bəzi mülahizələrə görə, Abdullah Gül növbəti prezident seçkilərində birləşmiş müxalif qüvvələrinin ortaq namizədi belə ola bilərdi. Onun məsləhətçisinin məhz bu mərhələdə həbsə atılması Gülün “barmağa batan tikənlərinin budanması” təəssüratı yaradır.

Ərdoğanın keçmiş dava yoldaşları arasında Gülənçilikdə şübhəli bilinən yeganə şəxsiyyət Gül deyil. AKP-nin onlarla millət vəkilinin adı FETÖ-çülükdə hallandırılır və görünən budur ki, hörmətli prezident “dost xəyanətini” bağışlamaq niyyətində deyil.




Ana səhifəyə qayıt        Baxış: 1 302          Tarix: 16-06-2017, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma