Xəbər lenti

 
Yeni Xarici İşlər nazirinin Ceyhun Bayramovun təyin olunması ehtimalı Azərbaycan ictimaiyyətində xeyli təəccüblə qarşılanıb. Nədən ki, xarici siyasət idarəsinə ən şanslı namizəd kimi adı hallanan bu adamın karyerasında diplomatiyanın zərrə qədər əlaməti də yoxdur. Onun rəsmi bioqrafiyası da bu söz-söhbətləri haqlı çıxarır. 
 
Gəlin, ən şansli Baş diplomatın kimliyi ilə tanış olaq:
 
Ceyhun Əziz oğlu Bayramov: 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.
 
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.
 
2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.
 
Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri təyin olunub.
 
Göründüyü kimi, ən şanslı namizədin 1996-cı ildən başlayan 24 illik iş təcrübəsində bir gün belə diplomatik fəaliyyət gözə dəymir. Təhsilinin də beynəlxalq münasibətlərə dəxli yoxdur. Bununla belə, onun Xarici İşlər naziri təyin olunması ehtimalının, zənnimizcə, iki mühüm əsası var.
 
I əsas
 
 
Prezident İlham Əliyev dünənki çıxışında rəsmən bəyan etdi ki, xarici siyasəti özü müəyyənləşdirir. Əgər belədirsə, həmin postda kimin oturmasının əhəmiyyəti də yoxdur. Hansısa rayonun JEK müdirini gətirib Xarici İşlər naziri qoymaq 16 illik öz bildiyini edən mürgülü nazirdən daha faydalı olar. Ən azı ona görə ki, bu cür sıfır keyfiyyətə malik olan nazir özbaşına hərəkət etməz, tamamilə Prezident Administrasiyasının Xarici Məsələlər şöbəsinin müdiri Hikmət Hacıyevin direktivi ilə işləyər. O Hikmət Hacıyevin ki, həm də Prezidentin köməkçisidir və “gündə 10 dəfə onunla məsləhətləşir”.
 
II əsas
 
Ceyhun Bayramovun Xarici İşlər naziri təyin olunmasının həm də simvolik mənası var. Bu o deməkdir ki, artıq danışıqlar prosesinə son qoyuldu, Elmar Məmmədyarov kimi erməni həmkarıyla koronavirus problemlərini müzakirə edən nazirə də ehtiyac qalmadı. 

Heydər Oğuz,
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 7 043          Tarix: 16-07-2020, 14:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma