Xəbər lenti
Dünən, 19:25


Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun yerinə diplomatik sahədə heç bir ciddi təcrübəsi olmayan Ceyhun Bayramovun gətirilməsi hər kəsi heyrətləndirdi. Xüsusilə ona görə ki, Azərbaycan xarici münasibətlərin tənzimlənməsində özünün ən ağır dövrünü yaşayır. Ölkəmiz bir tərəfindən Ermənistanla döyüşür və dünya faktiki olaraq bu döyüşdə iki yerə bölünüb. Türkiyə bizi açıq şəkildə dəstəklədiyi kimi, Rusiyanın da ermənilərin yanında yer alacağı aydın şəkildə sezilir. Moskvanı neytrallaşmaq, dünyanın digər dövlətlərinin dəstəyini qazanmaq üçün böyük diplomatik təfəkkürə və təcrübəyə ehtiyac var. Bəs yeni Xarici İşlər naziri Ceyhun Bayramov bu ağır yükü daşıya biləcəkmi? Ümumiyyətlə Xarici İşlər nazirləri niyə təcrübəsiz adamlardan seçilir?

“Hürriyyət”-in suallarını cavablandıran Heydər Oğuzun fikrincə, diplomatik korpusa yad bir adamın gətirilməsi heç də təsadüfi deyil və bir neçə səbəbdən qaynaqlanır.

“Əvvəla, Prezident İlham Əliyevin hakimiyyəti dövrünə nəzər salanda onun böyük təcrübəyə və savada malik Xarici işlər naziri tərcih etmədiyini görə bilərik. Bilirsiniz ki, prezident 2003-cü ildə hakimiyyətə gələndən az sonra müqayisədə daha samballı olan Vilayət Quliyevi çıxardıb Elmar Məmmədyarovu bu vəzifəyə təyin etdi. Düzdür, Vilayət Quliyevi də müdrik Baş diplomat saymaq olmazdı. Amma insafən, o, Elmar Məmmədyarovun yanında toya getməli idi. İndisə ixtisasca beynəlxalq münasibətlər üzrə mütəxəssis olan Elmar Məmmədyarovu işdən çıxarıb sizin də qeyd etdiyiniz kimi diplomatik təcrübədən yoxsul birisini onun yerinə gətirirdi. Düşünürəm ki, bunun səbəbi İlham Əliyevin ixtisasından irəli gəlir. Bilirsiniz ki, İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. Dünya siyasətini yaxşı bilir. Son çıxışında da bildirdiyi kimi, Azərbaycanın xarici siyasətini heç kimə həvalə etmir, özü müəyyənləşdirir. Belə görünür ki, onun bu sahədə bilikli adama yox, əmrləri olduğu kimi icra edən birinə ehtiyacı var. Bu adam Ceyhun Bayramov da ola bilər, Siyavuş Novruz da. Yetər ki, az-çox deyilənləri başa düşsün və danışanda dedikləri anlaşılsın. Təəssüf ki, bundan əvvəlki nazir bu məziyyətdən də məhrum idi. Hər halda Ceyhum Bayramovun o problemi yoxdur”.

Heydər Oğuzun fikrincə, Ceyhun Bayramovun tərcih edilməsində digər mühüm amil milli kadr olmasıdır: “Elmar Məmmədyarov Kiyevdə təhsil almış, rus təbiətli insan idi. Onun rus mədəniyyətinə bağlılığı mənən azərbaycanlılaşmasına imkan vermirdi. Adam 16 nazir oldu, bu müddət ərzində Azərbaycan dilini öyrənə bilmədi. Dolayısıyla, formaca bizdən, məzmunca ruslardan biriydi. Hazırda Rusiya ilə əlaqələrimizi qopardığımız bir zamanda belə bir adamın XİN-nin rəhbəri vəzifəsində saxlamaq ciddi risk doğururdu. Ceyhun Bayramov isə Azərbaycanda təhsil alıb. Məzun olduğu iki universitetin ikisi də Bakıdadır. Yəqin ki, təfəkkürcə də azərbaycanlıdır. Xarici İşlər naziri olacaq birisi də məhz milli keyfiyyətləri daşımalıdır”.

Partiya yetkilsinə görə, Ceyhun Bayramovun seçilməsinin ən başlıca səbəbi isə, qəribə də olsa, diplomatik korpusa yad birisi olmasıdır: “Yəni bu fərqlilik onun dəyərini azaldan yox, artıran məziyyətdir. Səbəbinə gəlincə, mənim mülahizələrimə əsasən, XİN-də böyük miqyaslı kadr islahatı aparılacaq və bu idarəyə elə adam rəhbərlik etməlidir ki, keçmiş kadrlardan komanda yarada bilməsin. Tərəfkeşlik edib yaxın iş yoldaşlarını qoltuğunun altına almasın. Görünür, bu kriteriyalara ən yaxşı cabab verən də elə Ceyhun Bayramov olub”.

Heydər Oğuzun fikrincə,  yaxın günlərdə XİN-də ən yüksək postda əyləşən rəhbər vəzifəlilərdən tutmuş səfiriklərin ən xırda əməkdaşlarınadək hər kəs dəyişiləcək: “Eşitdiyimə görə, 30-a yaxın səfirin işdən atılması, digərlərinin isə yerinin dəyişdirilməsi gözlənilir. Azərbaycanın cəmi 57 ölkədə səfirliyinin, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyinin, 9 baş konsulluğunun, 7 təmsilçilik ofisinin və 7 fəxri konsulluğunun olduğunu nəzərə alsaq, 30 səfirin işdən qovalanması ciddi rəqəmdir. Və onlar öz yarıtmaz fəaliyyətləri ilə bunu haqq ediblər. Təsəvvür edin ki, bəziləri Azərbaycandan təmsil olunduqları ölkələrə gömndərilən sovqatı mənimsəyiblər. Diplomatik fəaliyyətlə məşğul olmaq əvəzinə bizneslə uğraşırlar. Azərbaycanın maraqlarını 5 quruşa satanların da sayı az deyil.  Milli simasını itirmiş bu diplomatlar nəinki işdən çıxarılmalı, həm də həbsə atılmalıdır. Açığını desəm, mən bəzən İlham Əliyevin bu humanizminə təəccüblənirəm”.

Həmsöhbətimizin fikrincə, diplomatlarımızın bu naqislikləri Elmar Məmmədyarovun prinsiplərindən qaynaqlanıb: “Adam XİN-ni beynəlxalq biznes şəbəkəsinə çevirdiyindən diplomatik korpusa xeyli təsadüfi adamlar daxil ola bilib. Onlardan bəziləri Rusiyanın 5-ci kolonunun XİN-ə dürtüşdürdükləri, bəziləri isə “papalarının gül balaları”dır. Hansı iri məmurun ən ərköyün və qabiliyyətsiz övladı varsa xaricə səfir göndərib. Bacarıqlıları burda öz qurduqları biznes səltənətlərinin başında saxlayıb, bacarıqsızlardan keyf çəkmək üçün səfir düzəldiblər. Diplomatik korpusumuz elə insanlardan təmizlənməyədək bizim heç bir uğur əldə etməyimiz mümkün deyil. Bu gün hamımız Dağlıq Qarabağda hərbi əməliyyat keçirilməsini arzulayırıq. Deyək ki, biz cəbhədə bu qələbəni qazandıq. Axı onu əlimizdə qorumaq üçün həm də diplomatik savaş aparmalıyıq. Məşhur bir söz var: “Bir millətin qəhrəmanlığı hərb meydanlarında yaxşı savaşmağı ilə yox, diplomatik masalarda əldə etdiyi uğurla ölçülür”. Bir çox hallarda hərb meydanında qazandığını diplomatik masalarda uduzursan. Təəssüf ki, Azərbaycanın bugünkü diplomatik korpusu da hərbi uğurumuzu qoruyub saxlamaq gücündə deyil. Hesab edirəm ki, Ceyhun Bayramov da bu təmizlik işlərini aparmaq üçün indiki vəzifəyə gətirilib. Onun təcrübəsizliyi isə ötüşəndir. Zatən xarici siyasəti o yox, Prezident köməkçisi Hikmət Hacıyev yürüdəcək. Başqa sözlə desək, XİN-ni Ceyhun Bayramov, Ceyhun Bayramovu isə Hikmət Hacıyev idarə edəcək. Təbii ki, Hikmət Hacıyev də idarə olunan şəxsdir. Bir sözlə Azərbaycanda idarəçilik sistemi 3-4 qatlı “matruşka”ya bənzəyir.

Hurriyyet.org


Ana səhifəyə qayıt        Baxış: 6 169          Tarix: 17-07-2020, 14:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma