Xəbər lenti

 
Məlum olduğu kimi, dünən Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib. X.Xələfov Serbiyadan Ermənistana Gürcüstan üzərindən minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcmdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirib. X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb
 
Maraqlıdır ki, istər Serbiya, istərsə də Gürcüstan guya Azərbaycanla strateji tərəfdaş və dost dövlətlərdir. Xüsusilə Gürcüstanın ayaqda qalması Azərbaycanın birbaşa səyləri nəticəsində mümkün olub. Bəs bu iki dövləti Azərbaycana qarşı cinahda yer almasını necə qiymətləndirmək olar?


 
Ovqat.com-un suallarını cavablandıran AMİP Siyasi Şurasının üzvü Rəşad Bayramovun fikrincə, rəsmi Bakı bu “dost xəyanətinə” laqeyd qalmamalı, “istər Serbiya, istərsə də Gürcüstan sərt şəkildə cəzalandırılmalıdır”
 
Onun sözlərinə görə, müasir dünyanın başa düşdüyü tək dil güc dilidir: “Alman rusun, rus fransızın, fransız ingilisin dilini başa düşməyə də bilər, amma gücün dilini içi onlar qarışıq, bütün dünya dövlətləri başa düşür. Əgər gücünü göstərib haqqını tələb edəcəksənsə, o zaman səninlə hesablaşacaqlar, yox əgər   sənə arxadan zərbə vurana qarşı qəti addımlar atmayacaqsansa, o zaman başqalarına da səni əzib keçməsi üçün imkan yaratmış olacaqsan. Odur ki, bu məsələdə hökumətdən prezidentin hücum diplomatiyası göstərişlərinə adekvat addımlar atmasıni istəyirik”. 
 
AMİP yetkilisinin fikrincə, təkcə səfirə xəbərdarlıq etməklə iş bitmir, həm Serbiyanın, həm də Gürcüstanın rəsmi şəkildə üzr istəməsinə nail olmaq lazımdır: “İstər Serbiyanın, istərsə də Gürcüstanın belə bir mövqe sərgiləməsi təbii olaraq hiddət doğurur. Söhbət uzun illərdir əməkdaşlıq etdiyimiz, yardımlar etdiyimiz dövlətlərin xəyanətindən gedir. 


 
Başlayaq Serbiyadan. Bu həmin Serbiyadır ki, Kosovanın ondan ayrılmasından və 2008-ci ildə müstəqillik elan etməsindən sonra ABŞ və Qərb ölkələri başda olmaqla əksər dövlətlər Kosovanın müstəqilliyini tanıdığı halda Azərbaycan "Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur" şəklində bəyanat verdi və Serbiyanın ərazi bütövlüyünü dəstəkləyən tək-tük ölkədən biri oldu. Bu həmin Serbiyadır ki, bir çox ölkələrlə viza rejimini saxladığımız halda, bu ölkəylə 2018-ci ildən etibarən viza rejiminin aradan qaldırmışıq. Serbiyanın ən iri layihələrdən olan Liq-Prelin avtomagistralının inşası da məhz Azərbaycanın illik cəmi 4 faizlə verdiyi 308 mln. avroluq kredit hesabına tikilir. Mən hələ Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsindən, eləcə də bir müddət öncə koronavirusdan əziyyət çəkən ölkə olaraq bu dövlətə humanitar yardım kimi verdiyimiz maliyyə və tibbi ləvazimat dəstəyindən danışmıram. Bu da əvəzi”. 
 
Rəşad Bayramovu ən çox hiddətləndirən digər bir məsələ isə Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviçin bu hadisənin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd etməsidir: “Sən mənimlə strateji tərəfdaş ola-ola düşmənimi silahlandır, sənin verdiyin silahla mənim insanımın qanı tökülsün və sonra da utanmaz-utanmaz “ümidvaram ki, bu hadisə münasibətlərimizə xələl gətirməyəcək” de. Yeri gəlmişkən Serbiyanın Azərbaycanda diplomatik təmsilçiliyinin müvəqqəti işlər vəkili səviyyəsində olmasını da bu ölkənin bizimlə strateji tərəfdaşlığımıza, dövlətlərarası əlaqələrə verdiyi qiymət kimi dəyərləndirmək olar. Bu, diplomatik münasibətlərdə ən aşağı göstəricidir”.


 
Gürcüstanla bağlı vəziyyətin isə ümumiyyətlə heyrət doğurduğunu vurğulayan Rəşad Bayramovun qənaətinə görə, bu ölkə nə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığında, nə də  Türkiyə-Gürcüstan-Azərbaycan birliyində səmimi deyil: “Gürcüstanın bütün tarixi ərzində Azərbaycan qədər bu ölkəyə pul qazandıran ikinci bir ölkə olmayıb. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində də əməkdaşlığımız mövcuddur. Regionda Türkiyədən sonra ən yaxın müttəfiq hesab etdiyimiz, qazla, yanacaqla, elektrik enerjisi ilə təchis etdiyimiz, iqtisadiyyatına 3,2 mlrd. ABŞ dolları investisiya yatırtdığımız bir dövlətin bütün bunlara baxmayaraq, xəyanət yolu tutmasının hesabı mütləq və ciddi şəkildə sorulmalıdır. Keçikçidağ insidentində əsgərimizin silahı əlindən alınanda sərt mövqe nümayiş etdirməməyimizin nəticəsidir ki, bu gün Gürcüstan bizə qarşı belə mövqe sərgiləyir.
 


Rəşad Bayramov onu da vurğulayıb ki, iqtisadi yardımlarımızla indiki səviyyəyə gəlib çıxan Gürcüstanın “çörəyinin dizi üstündə” olmasının əsas günahkarı rəsmi Bakının səhv iqtisadi siyasətidir: “Biz ölkəmizə gələn neft və qaz pullarından faydalanaraq öz qeyri-neft sektorumuzu inkişaf etdirə bilmədik. Bizim milli sərvətlərimiz sayəsində Gürcüstanın, Serbiyanın və Şərqi Avropanın digər cirtdan dövlətləri inkişaf etdi. Biz isə neft və ixracatından asılılıqdan qurtula bilmədik. Bu gün də Azərbaycan iqtisadiyyatının 80%-dən çoxu neft ixracatına bağlıdır. Neftimizi, qazımızı satmasaq, özümüz acından ölə bilərik. Ona görə də Gürcüstan ona qarşı tətbiq edəcəyimiz heç bir iqtisadi sanksiyadan qorxmur. Əksinə, bu ölkədən keçən qaz və neft kəmərləri bizim onun əlində olan boğazımızdır. İstənilən zaman həmin kəmərləri bağlasa, Azərbaycanın nəfəsi kəsilər, iqtisadiyyatı çökər. Görünür, buna görə də rəsmi Tiflis bizi özündən asılı hesab edir və ölkəmizə qarşı hər bir xəyanətdən çəkinmir. Azərbaycan xarici siyasətdə güclü olmaq üçün ilk növbədə öz daxili siyasətini düzgün qurmalı və iqtisadiyyatını şaxələndirməlidir. Əks halda, bu cür “dost xəyanətləri” ilə tez-tez rastlaşacağıq. Sözsüz ki, bu iqtisadi hədəflər tezliklə başa gələcək layihələr deyil. Amma regionda təsirli gücə çevrilməyimizin başqa alternativləri də yoxdur”.



Bununla belə, “Azərbaycan mütləq və mütləq şəkildə hər iki ölkədən bu xəyanətin hesabını sormalıdır”,-deyən partiya yetkilisi fikirlərini belə əsaslandırdı: “Azərbaycanın müvafiq dövlət qurumları anlamalıdırlar ki, əgər bu gün Serbiya və Gürcüstan kimi dövlətlərə hər şeyə rəğmən üzüyola siyasət sərgiləyəcəksənsə, sabah digər ölkələrin növbəti zərbələri ilə üzləşmiş olcaqsan”. 
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 578          Tarix: 21-07-2020, 08:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma