Xəbər lenti
 
 
Yəqin ki, ölkə başçısı İlham Əliyevin iyul ayının 15-də Nazirlər Kabinetinin məşhur video-konfrans formatlı iclasında sabiq Xarici İşlər nazirilinin “itməkliyinə” toxunduqdan sonra Azərbaycan diplomatiyasının qarşısında dayanan vəzifələrdən danışdığını unutmamısınız. Nə demişdi Prezident? Demişdi ki, artıq “müdafiə diplomatiyası”na son qoyuldu, bundan sonra “hücum diplomatiyası” erası başlayır. Səfirlərimizin isə bu yeni diplomatik erada vəzifələri bunlardan ibarətdir: “Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz... Düşməni necə susdurmalısınız... Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük.”
 
Dünən I vitse-prezident Mehriban xanım Əliyeva da xalqa yazılı müraciətində hər kəsin müsəlləh əsgər olmasını tələb etmişdi. Kimisi səngərdə, kimisə komputer arxasında. İstər xarici, istərsə də daxili auditoriyada düzgün ictimai yaradılmadan Dağlıq Qarabağda uğur əldə edə bilməyəcəyimizi vurğulayan Mehriban xanımın fikrincə, “sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər”.
 
Gözləmək olardı ki, Prezidentin və I vitse-prezidentin bu çıxışlarından sonra səfirlərimiz gecəsini-gündüzünə qatıb xarici mətbuat orqanlarının qarşısında yatacaqlar, Azərbaycan həqiqətlərini dünyaya çatdıracaqlar. İçərilərindən bəziləri həqiqətən də bu gözləntiləri doğrultdu. Bu sahədə Bolqarıstan səfirliyimizin səyləri diqqətə şayandır. Böyük əksəriyyəti isə... 

 
Prezidentin çıxışından heç bir həftə keçməyib, dünya mətbuatında tamamilə fərqli informasiyaların getdiyinin şahidi oluruq. Özü də hansı nəşrlərdə? O nəşrlərdə ki, bağlı olduqları qurum və siyasi çevrələr Azərbaycanın dostu kimi tanınırlar. Onlardan biri də yəhudi siyasi iradəsinə yaxınlığı ilə seçilən “The Jerusalem Post”-dur. 
 
Ovqat.com xəbər verir ki, “The Jerusalem Post”-un bugünkü buraxılışında Amerika Erməni Milli Komitəsinin Qərb regionunun kommunikasiyaları üzrə direktoru Aleks Qalitskinin Azərbaycana qarşı hədyanlarla dolu məqaləsi dərc olunub. “İsrail Azərbaycanla əlaqələrinə yenidən baxmalıdır sərlövhəli məqalənin ilk cümləsindən son nöqtəsinə qədər rəsmi Bakı ilə yanaşı, dövlətimiz, xalqımız barədə də xeyli ağır ittihamlar yer alıb. Məqalə bu cümlələrlə başlayır:
 
Azərbaycanın İsraillə inkişaf etməkdə olan münasibətləri artıq çoxdandır ki, "tolerantlıq ölkə" olduğu barədə yanlış qənaətə əsaslanır. Rəsmi Bakı tez-tez ölkədə kiçik, lakin enerjili yəhudi icmasının mövcudluğunu plüralizmin və dözümlülüyə sadiqliyinin sübutu kimi nümayiş etdirib. Ancaq eyni ailə tərəfindən yarım əsrdən artıq müddətdə idarə olunan, petrodollara əsaslanan Azərbaycan tolerantliğı bundan başqa bir şey deyil”.


Erməni gənclərinin əyləncə mərkəzinə çevrilmiş Gövhər Ağa məscidi
 
Türkiyə ilə yaxın müttəfiq olan və erməni soyqırımını inkar edən Azərbaycanın “fəal şəkildə regionun yerli erməni sakinlərinin və minillik sivilizasiyalarının izlərini aradan qaldırmağa çalışdığını” bildirən müəllifin fikrincə, erməni icmasının hüquqları sovet hökuməti illərində təkcə Dağlıq Qarabağda deyil, həm də Naxçıvanda boğulurmuş:  “Azərbaycan hökumət məmurları işğal edilmiş Qarabağın müstəqilliyinə çağırışları yatırmaq üçün ermənilərin represiyyasını və soyqırımını dəstəkləməyə başlamışlar. Bu qırğınlar həm də kütləvi şəkildə Bakıdan qaçmağa başlayan yəhudi icmalarına yönəlib.
 
Azərbaycanın regionda ermənilərə hücumu tammiqyaslı müharibəyə gətirib çıxardı ki, bu da son nəticədə atəşkəs ilə nəticələndi və bu müharibə müstəqil və demokratik Artsaxın yaradılmasını səmərəli şəkildə təmin etdi.
 
Son 30 il ərzində Azərbaycan hökuməti Artsaxda və Ermənistan Respublikasında ermənilərin etnik təmizləməsinə tərəfdar olmuş, mütəmadi olaraq ermənilərə dövlət düşməni kimi baxaraq, regionda minillik erməni sivilizasiyasını rədd etmiş ritorikaya start vermişdir”.
 
Müəllif iddia edir ki, guya 2000-ci illərin əvvəllərində Naxçıvanda 28 000-ə yaxın erməni mədəniyyət abidələri Azərbaycan tərəfindən misli görünməmiş mədəni soyqırımı çərçivəsində dağıdılıb:Müstəqil hesabatlar göstərir ki, hökumətin antierməni əhval – ruhiyyəsi, kütləvi informasiya vasitələrində və dövlət idarələrində o qədər möhkəmlənib ki, bütün azərbaycanlılar sadəcə ermənilərə qarşı nifrət nitqini dinləyərək böyüyüblər.
 
Bir sözlə, “adımı sənə qoyaram, səni yana-yana qoyaram” atalar sözünü xatırladan bu məqalənin geniş icmalını təqdim etmək niyyətindən uzağıq. Başdan-ayağa erməni məkriylə “cilalanmış” məqalənin Azərbaycanın milli maraqlarına qarşı yönəldiyinə apaçıq ortadadır. Belə olduğu üçün həmin məkrli yazının tamamını saytımızın səhifələrinə çıxarmaq doğru deyil və biz də düşmən dəyirmanına su tökmək istəmirik. İndiyədək gətirdiyimiz örnəklərin isə bir səbəbi vardı: Azərbaycan hökumətini və ictimaiyyətini üzümüzə gülümsəyən sionizmin məkrli siyasəti barədə xəbərdar etmək, dostu-düşməni tanıtmaqdır. Multikultural dəyərlər xətrinə az qala digər müsəlman dövlətlərin iradəsinin xilafına gedərək biz İsraillə siyasi-iqtisadi əlaqələri gücləndirdiyimiz halda, sionizmin ən iri təbliğat makinası erməni hədyanlarına yer verir, öz səhifələrində bizi mədəniyyətdən, insanlıqdan nəsibini almamış toplum kimi göstərir.
 


Ana səhifəyə qayıt        Baxış: 4 766          Tarix: 21-07-2020, 18:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma