Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Rusiyanın TASS informasiya agentliyi Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlərlə oxucularını tanış edib.
Ovqat.com “Əliyev Ermənistanın günahı Azərbaycanın üzərinə atmaq cəhdlərini məntiqsiz adlandırıb” sərlövhəli məqaləni təqdim edir:
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sərhəddə gərginliyin artmasına görə günahı Bakının üzərinə atmaq cəhdlərini məntiqsiz adlandırıb və ölkəsinin həmin istiqamətdə heç bir hərbi planının olmadığını bildirib.
“Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edib, halbuki bu, heç bir məntiqə sığmır. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl mənim tapşırığımla sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunub. Bu da onu göstərir ki, bizim bu istiqamətdə hər hansı hərbi planımız yoxdur”, - deyə İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirib. Dövlət başçısının çıxışını dövlət telekanalı olan AzTV nümayiş etdirib.
Ölkə başçısı həmçinin erməni tərəfinin vəziyyətin gərginləşməsini əsaslandırmaq üçün göstərdikləri səbəbi də “çox ağılsız” adlandırıb. “Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd ediblər. Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə, UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur?”, - deyə Əliyev etirazını bildirib. O, vurğulayıb ki, nə Azərbaycan Ordusu, nə də dünyanın hər hansı Silahlı qüvvələri belə ağılsız addım atar.
“Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır”, - deyə İ.Əliyev bildirib.
Prezident qeyd edib ki, baş verənlərdən sonra o, dərhal beynəlxalq təşkilatları məlumatlandırmaq barədə göstəriş verib: “Operativ vəziyyət imkan verən kimi, biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşeləri, jurnalistləri, əgər belə istək olarsa, səfirliklərin digər nümayəndələrini həmin bölgəyə dəvət edəcəyik, onları bu vəziyyətlə tanış edəcəyik və onlar yerində görəcəklər ki, bu təxribatı törədən kimdir”.
Səfərbərlik zərurəti
İlham Əliyev hazırda Ermənistanla sərhəddə yaranmış vəziyyətə görə səfərbərlik elan edilməsinə ehtiyacın olmadığını bildirib: “Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur”.
Dövlət başçısı deyib ki, hökumət ordu üçün nə lazımdırsa edib və bundan sonra da edəcək: “Biz bilirik nə etmək lazımdır, nə vaxt lazımdır, hansı məsələlərin həlli üçün bizə nə qədər canlı qüvvə lazımdır”.
O, vətəndaşları səfərbərliklə bağlı polulist çağırışlardan çəkinməyə də çağırıb. “Bu gün meydanda səslənən və ola bilər yaxşı niyyətlə “mən gedim Qarabağda vuruşum” sözlərinə son qoymaq lazımdır. Populizmin vaxtı deyil” deyən prezident hesab edir ki, “özündən küçə qəhrəmanı düzəltmək pis yoldur”. Ölkə başçısı vurğulayıb ki, orduda xidmət etmək üçün hazırlıq keçmək lazımdır.
XİN-in fəaliyyəti
İlham Əliyev həmçinin Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid edib. “Mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”, - deyə dövlət başçısı qeyd edib.
Prezident deyib ki, o, dəfələrlə həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirlərilə görüşlərdə münaqişə ilə bağlı hansı addımları atmalı, xarici mətbuatla necə işləməli, ölkənin iqtisadi maraqlarını necə müdafiə etməli, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalı, beynəlxalq təşkilatlarda Azərbaycanın ünvanına səslənən əsassız ittihamlara necə cavab verməli olduqlarını söyləyib. “Amma biz bu göstərişlərin həyatda öz əksini tapdığını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldurlar”, - deyə Əliyev bildirib.
O həmçinin qeyd edib ki, iyulun 12-də Ermənistanla sərhəddə vəziyyət gərginləşən zaman xarici işlər naziri Elmar Məmmədyarovu iş yerində tapa bilməyib.
Vəziyyət haqqında
Ermənistan-Azərbaycan sərhədində vəziyyət iyulun 12-də gərginləşib. Azərbaycan Ermənistanı artilleriyadan istifadə etməklə hücuma keçməkdə günahlandırıb, Ermənistan isə buna səbəb kimi, Azərbaycan tərəfindən edilmiş hücum cəhdini göstərib. Bakı üç gün ərzində toqquşmalarda 11 nəfərin, o cümlədən general-mayor Polad Həşimovun həlak olduğunu, Yerevan isə dörd hərbçisinin öldüyünü və daha on nəfərin yaralandığını deyir.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ilin fevralında başlayıb. Səbəb Azərbaycan SSR-in tərkibindən çıxdığını elan etmiş Dağlıq Qarabağ olub. 1992-1994-cü illərdə baş vermiş hərbi münaqişə zamanı Azərbaycan həm bu vilayətə, həm də ona bitişik 7 rayona nəzarəti itirib. 1992-ci ildən münaqişənin nizamlanması üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyilə danışıqlar aparılır. Minsk qrupunun üç həmsədri var: Rusiya, ABŞ və Fransa.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar