Xəbər lenti

 
Ötən gün iki hadisə ilə yadda qaldı. Bunlardan biri Ramiz Mehdiyevin kürəkənin və onun qudasının həbsi idi. Abşeron rayon məhkəməsi karantin məhdudiyyətlərini pozduğuna görə hər iki qudanı 15 sutka azadlıqdan məhrum etdi. 
 
Digər hadisə isə medianın diqqətindən yayınsa da, DİN-nin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov tərəfindən açıqlandı. E.Zahidovun media orqanlarına verdiyi məlumata əsasən, müğənni Nüşabə Musayeva da karantin qaydalarını pozub özünə ad günü şənliyi keçirdiyi üçün 200 manat cərimələnib.
 
İki eyni hadisəyə müxtəlif cəzaların kəsilməsi istər-istəməz müəyyən suallara yol açır: Bu hansı ədalətə sığar ki, eyni qeyri-qanuni əmələ görə Nüşabə Musayevaya 200 manat cərimə, uzun illər Azərbaycanı idarə edən Ramiz Mehdiyevin kürəkəninə isə 15 sutka cəza verilə?
 
İlk baxışdan Ramiz Mehdiyevin qohumuna verilmiş cəza Nüşabə Musayevanın cəriməsinin yanında ifrata varılmış hal kimi görünür. İki hadisənin mahiyyətinə və dərinliyinə enəndə isə 15 sutkanın xeyli yumşaq cəza olduğu, keçmiş xidmətlərinə görə “ağsaqqal”a hörmətlə yanaşıldığı ortaya çıxır
 
Məsələ ondadır ki, Nüşabə Musayevə həqiqətən ad günü münasibətilə karantin qaydalarını pozduğu üçün cəzalandırılıb. “Ağsaqqal”ın kürəkəninə gəldikdə isə, onu qızına toy etdiyinə görə yox, 25 ildir qaynatası ilə əlbir olub Azərbaycanı taladığına, indi belə, böyrü üstə qoyduqları məmləkətdə islahat tədbirlərini boykot etdiyinə, mane olduğuna görə bu cəzaya layiq görüblər. Hüquq mühafizə orqanları hansısa səbəbdən sözügedən cəzanın əsl mahiyyətini açıqlaya bilmədikləri üçün bu cür xoşagəlməz görüntü ortaya çıxır. Başqa sözlə desək, iki eyni hərəkətin niyyəti və məğzi ayrı olduğundan məhkəmə qərarları da bir-birindən fərqlənir
 
Bu ona bənzəyir ki, bir adam öz düşmənini öldürmək üçün onun yeməyinə ilan zəhəri qatır, başqa bir həkim isə xəstəsini sağaltmaq niyyətilə eyni zəhərdən dərman hazırlayır. Bu nümunədə istifadə edilən vasitələr eyni kimi görünsə də, niyyətlər fərqli olduğundan biz həkimlə qatilə eyni gözlə baxa bilərikmi? Əlbəttə, xeyr. Eyni məntiqlə, Ramiz Mehdiyevin kürəkəninə verilmiş cəza ilə Nüşabə Musayevaya kəsilmiş cəriməni də müqayisə etmək olmaz. Zahirən bir-birinə bənzəsələr də.


 
O zaman başqa sual ortaya çıxır: Qaynatanın cəzasının kürəkənə verilməsi nə dərəcədə ədalətlidir? Axı ölkəni talayan, idarəçilik sistemini məhv edən Ramiz Mehdiyevdir. 82 yaşlı bu adam isə əlini-qolunu sallaya-sallaya azadlıqda gəzir, hər gün lüzumsuz dövlət orqanına çevrilən AMEA-ya gedib özü kimi pensiya yaşları çoxdan çatmış yaşıdları ilə bərabər keçmiş zamanların nostaljik laqqırtısını vurur, ölkəni yenidən köhnə günlərinə qaytarmaq planları qurur. Dövlət də bu zərərli laqqırtı ədəbiyyatı üçün hər il büdcədən milyonlarla pul ayırır. Di gəl ki, Ramiz Mehdiyevin köhnə komandası zərərli fəaliyyətləri üçün ayrılan vəsaitlərlə razılaşmır, gözlərini daha yüksək vəzifələrə tikirlər. Cəza isə kürəkənə kəsilir.
 
Bəri başdan qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəni düşünüldüyü qədər süddən çıxmış ağ qaşıq deyil. Bir müddət əvvəl media orqanlarında onun deputat seçildiyi Şabran rayonunda xeyli vətəndaşın mülkiyyətini zorla ələ keçirdiyi, zərərçəkmişlərin şikayəti ilə rayon məhkəməsinin həmin torpaq sahələrini əsl sahiblərinə qaytardığı barədə məlumatlar dərc olunmuşdu. Bundan əvvəl isə “Yasavul” Hüquq Şirkətinin direktoru Əliabbas Rüstəmov da özünün və əməkdaşlarının represiyalara məruz qalması və bunun arxasında “kürəkən”in dayandığını iddia etmişdi. Bunlar hələ media orqanlarına çıxarılanlardır. İndiyədək Ramiz Mehdiyevin qorxusundan “kürəkən” barədə şikayətlər edilmir və gizli saxlanılırdı. 15 sutkalıq həbsdən sonra, yəqin ki, “kürəkən”dən şikayətlərin də sayı artacaq və onun əsl mahiyyəti gün işığına çıxacaq. Fikrimizcə, hüquq mühafizə orqanlarının əsl işi bundan sonra başlayacaq və ötən ilə qədər deputat cildinə girib toxunlmazlıq statusu qazanan bu adam həqiqi cəzasına layiq görüləcək. Hələlik isə ona verilmiş 15 günlük cəza bu ümumi yarğılanmanın müqəddiməsidir
 


Ən pisi isə odur ki, PA-dan qovulmasına baxmayaraq, Ramiz Mehdiyev və onun komandası 25 il ərzində dövlətin müxtəlif orqanlarına yerləşdirdilkləri kadrlarını yeni dövrün tələbləri ilə ayaqlaşmamağa, əvvəlki kimi talançılığa davam etməyə həvəsləndirib və həvəsləndirməkdədir. Media orqanlarına sızdırılan məlumatlara görə, “ağsaqqal” indiyədək boş dayanmır, şübhəli toplantılar keçirir, hansısa məxfi əməliyyatlar planlaşdırırdı. Onun xüsusilə Rusiyaya bağlı qüvvələrin aktivləşdiyi, bəzilərinin artıq həbs edildiyi bir zamanda bu cür toplantılar keçirməsi təsadüfə bənzəmirdi. Görünür, onun karantin qaydalarına əməl etməməsinin ifşası da bununla bağlıdır və rəmzi xarakter daşıyır. Hüquq mühafizə orqanları bu ifşa ilə əslində “boz kardinal”ın ölkədəki asayiş qaydalarını pozmaq mərhələsində olduğunu diqqətə çatdırıb və əsl təhlükəni proflaktik tədbirlərlə zərərsizləşdiriblər.
 
Azərbaycan xalqı “boz kardinal”ın inqilabi şəraitə zəmin hazırlayan sosial narazılığı artırmaq tədbirlərini DTX-nın keçirdiyi son əməliyyatlarda bir daha gördü və icra başçılarının sərhədtanımayan acgözlüklərinə şahid oldu. Təsəvvür edin ki, onillərlə icra başçısı kreslosunda oturub rayonun sosial rifahına ayrılan milyonlarla vəsaiti mənimsəyən keçmiş “slesar”lar, ofisantlar, dələduzlar, quldurlar dəstəsi indiyədək yığdıqları ilə kifayətlənməyib, dövlətin koronavirus məhdudiyyətləri zamanı rayon sakinlərinə ayırdığı kompensasiya payına da göz dikir, əhalini sözün bütün mənalarında otlamağa məhkum edirdilər. Nəticədə yaranan sosial narazılığı indiyədək çörəyini yedikləri mərkəzi hakimiyyətə yönəldirdilər. Həmin acgöz kadrların himayəçisi isə ötən ilə qədər Prezident Adminisrtasiyasının rəhbəri işləyən “ağsaqqal” idi. Ölkə başçısı məcburiyyət qarşısında qalıb onu və yandaşlarını PA-dan qovsa da, yenə də mərhum atasının yadigarını hörmətlə yola salmaq nəzakəti göstərmiş, boynuna dövlətin ən ali mükafatını keçirib AMEA-na rəhbər vəzifəsinə göndərmişdi. İndiyədək bu adamın oğlu Fövqəladə Hallar nazirinin müavini vəzifəsini icra edir. Bununla da ölkə rəhbərliyi Ramiz Mehdiyevə keçmiş xidmətlərinin unudulmadığını nümayiş etdirib və özündən sonra övladlarının diqqət mərkəzində olacağı mesajı vermişdi.



Halbuki onun son 25 ildə Azərbaycan hakimiyyətinə xidməti ölk başçısını əxalqla üz-üzə qoymaq olub. Bacardığı qədər insanlarda hakimiyyətə qarşı nifrət yaratmağa, hakimiyyəti isə represiv üsullarla narazı kütləni sakitləşdirməyə zövq edib. Beləcə xalqla rəhbər arasında böyük uçurumlar yaradaraq idarəetmə mexanizmini özündən asılı vəziyyətə gətirib. Zira ictimai dəstəyini itirən istənilən rəhbər komanda güc strukturlarının represiv aparatına sığınmağa məhkumdur. Dünyada, xüsusilə Yaxın Şərqdə və possovet məkanlarında gedən proseslər isə sözün bütün mənalarında hakimiyyətin mənbəyinin xalq olduğunu və bu mənbəyə söykənməyən hökumətləri represiv aparatların qoruya bilməyəcəyini göstərdi. Necə ki, demokratiyanın mahiyyətinin tam anlaşılmadığı dövrdə belə Oto Von Bismark deyirdi: “Hakimiyyətləri süngü ilə ələ keçirmək olar, amma süngü üzərində oturmaq  mümkün deyil”. Bu alman dahisinin fikirlərini təsdiqləyən müasir qlobal hadisələrdən çıxardığı dərslərdən sonra Azərbaycan siyasi iradəsi özündə güc tapıb köhnə idarəçilik ənənələrindən imtina etmək yolunu tutdu. 
 
Ramiz Mehdiyevin özünə tabe etdirdiyi hakimiyyət orqanları isə yenə öz dağıdıcı fəaliyyətlərindən geri çəkilmək istəmirlər. “Qoca qurdlar” komandasına rəhbərlik edən bu adamın direktivləri nəticəsində “dəyirman öz işində, çaxçax baş ağrıdır” metodu ölkə idarəçiliyinin əsas prinsipinə çevrilib. Dolayısıyla ölkə rəhbərliyi “baş ağrıdan çaxçax” yerinə qoyulub. 
 
Əlbəttə ki, ölkənin gələcəyi naminə bu mənfi tendensiyaya son qoyulmalı, Ramiz Mehdiyev mifi qırılmalı idi. Onun kürəkəninin adi bir inzibati qayda pozuntuna görə qoluna qandal vurulub məhkəmə qarşısına çıxarılması və ittiham olunduğu maddə üzrə ən ağır cəzaya layiq görülməsi də məhz buna xidmət edirdi. Azərbaycan hüquq sistemi Ramiz Mehdiyev bütünü bütün millətin gözü qarşısında baltalamalı və onun “öz başına məlhəm tapa bilməyən keçəl” olduğunu nümayiş etdirməli idi ki, digər iri məmurlar bundan lazımi dərsi çıxarsın, dünənədək ibadət etdikləri bütün artıq mövcud olmadığını görsün. 


 
Bu mənada Abşeron rayon məhkəməsinin məlum hökmünü siyasi qərar da adlandırmaq olar. Amma hər siyasi qərar hüquq adına mənfi hadisə kimi qiymətləndirilməməlidir. Azərbaycan kimi hüquq sisteminin represiya alətinə çevrildiyi məmləkətlərdə bəzən ən ədalətli hüquqi hökmlərin arxasında siyasi iradə dayanmalıdır. Əks halda represiya aparatı ədalətli hakimlərin öz kəlləsini kəsə bilər. Hakimlər ədalətli hökm çıxaracaqları halda təhlükəsizliklərinin qarantı kimi siyasi iradədən dəstək alacaqlarına inanmalıdır.
 
Prinsipcə, bu təkcə Azərbaycan üçün də keçərli deyil. İstənilən rejimdə məhkəmə hakimiyyətinin müstəqilliyinin siyasi zəmanəti olur. Dünən Ramiz Mehdiyevin kürəkəni barədə hökm çıxaran hakim də arxasında bu siyasi zəmanəti hiss etdiyi üçün özbaşınağın hüquqi qiymətini verə bildi. Məsələyə bu baxımdan yanaşanda həmin hökmün həm də hüquqi əsasının olduğunu görə bilərik. Başqa sözlə desək, bu hökm siyasi zəmanətə əsaslanaraq çıxarılmış hüquqi qərardır.
 
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan ictimaiyyəti dünən bir sıra media orqanlarında Ramiz Mehdiyev bütü ilə bağlı görülən tədbirləri canlı-canlı seyr etdiyi üçün ölkəmizdə bir ilk yaşandı. Bununla belə, dünənki tarixi hadisəni biz müxtəlif peyğəmbərlərin ictimaiyyət qarşısında bütləri sındırmaq hadisəsi ilə eyniləşdirmək fikrindən uzağıq. Ən azı ona görə ki, həmin peyğəmbərlər sındırdıqları bütlərə heç bir zaman inanmayıblar. Azərbaycanın siyasi iradəsi isə 25 il Ramiz Mehdiyev bütünün ətrafında “təvaf” edib. Nəhayət, bu bütün, ölkəyə bəlalar gətirən “qara qüvvə” olduğunu anladığı üçün sadəcə yerindən laxlada bilib. Əsl büt qırılmasını isə karantin dövründə qızına toy edən kürəkənin cəzalandırılması ilə deyil, qaynatanın törətdiyi əməllərinə hüquqi qiymət veriləcəyi zaman görəcəyik. Hələlik isə siyasi iradə 25 illik bütü yerindən oynatmaqla məşğuldur. Bu fakt hakimiyyətin uzun illərdən sonra özündə cəsarət tapıb laxlatdığı bütün xofundan çıxa bilmədiyinin ən bariz sübutudur.
 
O başqa məsələdir ki, Ramiz Mehdiyev faktoru bir zamanlar peyğəmbərlərin sındırdığı bütlərdən daha təhlükəlidir. Söhbət təkcə ondan getmir ki, tarixi bütlər daşdan, ağacdan düzəldildiyi üçün cansız əşya olduğu halda, Ramiz Mehdiyev canlıdır. Canlı varlıq isə cansız varlıqdan qat-qat təhlükəli olur. Söhbət həm də ondan gedir ki, peyğəmbərlərin qırdığı həmin bütlərin xarici dəstəyi yox idi. Onlar yerli feodalların və quldarların öz təbəələrini idarə etmək üçün düzəltdikləri “əldəqayırma müqəddəs”lər idi. Dolayısıyla onların qırmaq üçün sadəcə daxili auditoriyanın dəstəyini qazanmaq kifayət edirdi. 
 


Ramiz Mehdiyev kimi canlı bütlər isə imperialist qüvvələrin müstəmləkə olaraq gördükləri ölkələrdəki 5-ci kolonlarıdır. Bu səbəbdən də həmin bütlərə qarşı savaş açmaq həm də imperial güclərə qarşı döyüşmək anlamına gəlir. Fikrimizcə, Ramiz Mehdiyevin cəzasının milyonda birinin hətta özünə də deyil, kürəkəninə verilməsinin sirri də məhz bu həqiqətdə gizlidir. 
 
Görünür, Rusiya ilə yollarını ayıran Azərbaycan hakimiyyəti onun ölkədəki uzantısını yerindən laxlatmaqla nəbz yoxlayır. Nəbz yoxlanışında ortaya çıxan reaksiyalar bu bəladan necə yaxa qurtarmağın da mərhələli “müalicəsini” müəyyənləşdirəcək. Əgər Ramiz Mehdiyev şişinin tamamilə kəsilib atılmasının orqanizmdə ciddi fəsadlar yaratmayacağı müəyyənləşdirilsə, böyük ehtimalla radikal müalicə metoduna gediləcək. Yəni əməliyyat aparılaraq, bədxassəli şiş götürüləcək. Yox, əgər fəsadların böyük olacağı anlaşılarsa, məcbirən, kimyəvi terapiya metodlarına üstünlük veriləcək. 
 
Hansı metodun seçilməsindən asılı olmayaraq, ortada bir həqiqət var: artıq Azərbaycan siyasi iradəsi 25 ildir boğazımıza yapışmış bu bəlanın adi bir zob olmadığını anlayır, ondan tezliklə xilas olmaq qərarına gəlib. Xəstəliyin müalicəsinə razılıq verilməsi isə sağalmağın yarısına bərabərdir. 
 
Yastığın yüngül olsun, məmləkət.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 837          Tarix: 23-08-2020, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma