Xəbər lenti
 
 
Dünən Türkiyənin Xarici İşlər nazirinin müavini Sədat Önalın rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya getdiyi xəbər verilmişdi. Nümayəndə heyətinə Türkiyə ordusunun və Milli İstihbarat Təşkilatının yetkililəri də daxil idilər. 
 
Rəsmi Ankara səfərin məqsədinin Liviya məsələsinin müzakirəsi ilə əlaqədar olduğunu bildirsə də, Türkiyə mediasının bu gün yayımladığı bir məlumat tamamilə başqa mətləblərdən xəbər verir. 

Ovqat.com-un məlumatına görə, Moskvanın PKK/YPG-ni rəsmi protokola uyğun şəkildə qarşılaması və Suriya siyasi sisteminə inteqrə etməyə çalışması Türkiyə rəsmilərinin etirazına səbəb olub. Türk nümayəndə heyətinin Moskva səfəri də bununla bağlıdır. 
 
İddialara əsasən, son 1 il ərzində terror təşkilatı PKK/YPG ilə Əsəd rejimi arasında vasitəçi olan Rusiya bu istiqamətdəki fəaliyyətini bir az da genişləndirib. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ötən cümə günü Moskvada PKK/YPG rəhbərlərindən olan İlham Amedin başçılıq etdiyi nümayəndə heyətini yüksək səviyyəli protokolla qarşıladığı məlum olub.


 
Şəkildə: İlham Amed (soldan dördüncü), Sanharib Barsoum (sağdan ikinci, Sihanok Dibo (sağdan birinci)
 
Türkiyənin “Yeni Şafak” qəzeti bildirir ki, ötən həftə Moskvada Suriya rejiminin nümayəndəsi ilə PKK/YPG rəsmiləri arasında aparılan danışıqlardan sonra 5 bənddən ibarət saziş imzalanıb. PKK/YPG-nin nümayəndə heyətinin tərkibinə terrorçu təşkilatın himayəsində fəaliyyət göstərən Demokratik Suriya Şurasının üzvləri Sanharib Barsum, Sihanok Dibo və Hikmət Həbib də daxildir. Heyət Əsəd rejiminə və Moskvaya yaxınlığı ilə tanınan  Suriya Xalq İradəsi Partiyasının başçısı Qədri Cəmillə 3 günlük danışıqlar çərçivəsində bir müqavilə imzalayıb. Moskvanın da dəstəklədiyi müqavilədə tərəflər "Suriyanı muxtar şəkildə idarə olunması" və PKK-nın "Cenevrədə konstitusiya ilə bağlı danışıqlarda" təmsil olunması barədə razılığa gəliblər.
 
5 maddədən ibarət olan razılaşmada terror təşkilatı PKK / YPG-nin Suriya ordusuna daxil edilməsinə qərar verilib. Yerli mənbələr Qədri Cəmilin Rusiyaya və Əsəd rejiminə çox yaxın biri olduğunu, bu səbəbdən də razılaşmanın rejimlə danışıqların çərçivəsini təşkil edə biləcəyini bildirirlər. 
 
Müqavilə imzalandıqdan sonra PKK / PYG heyəti ötən cümə günü Rusiya Xarici İşlər naziri Sergey Lavrovla da bir araya gəliblər. Lavrovla görüşdə də Cenevrədəki Konstitusiya Komitəsinin işi və rejimlə PKK / YPG arasındakı danışıqlar müzakirə edilib. Təsadüfi deyil ki, ötən həftənin son iş günü aparılan danışlardan dərhal sonra – cari həftənin ilk günü Türkiyənin nümayəndə heyəti Moskvaya səfər edib.


 
Ankara PKK / YPG-nin Moskvada qarşılanmasına sərt reaksiya verib. Xarici İşlər Nazirliyi tərəfindən verilən yazılı açıqlamada “terror təşkilatı PKK / YPG-nin rəhbərliyi altında qondarma "Suriya Demokratik Şurası"nın bir qrup ünsürünün Rusiya Federasiyasına dəvət edilməsi və Rusiya rəsmi qurumları tərəfindən yüksək səviyyədə qəbul olunması” qınanılıb. Rəsmi açıqlamada PKK / YPG-nin Suriyanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərdiyi xatırladılaraq, bildirilib: "PKK / YPG Suriyanın ərazi bütövlüyünü, milli təhlükəsizliyini təhdid, bölgədəki yerli icmalara faktiki olaraq zülm edən bir terror təşkilatıdır ”.
 
Rusiyadan Astana sammitində üzərinə götürdüyü öhdəliklərə uyğun hərəkət etməsinin gözlənildiyi qeyd olunan açıqlamada bildirilib: “Rusiya Federasiyası Astana sammitinin ruhuna və Astana formatlı yığıncaqlarda qəbul olunan öhdəliklərə uyğun hərəkət etməli və terror təşkilatı PKK / YPG-yə bağlı təşkilatların mənafeyinə xidmət edəcək addımlardan çəkinməlidir. Bu mövzuda mövqeyimiz Moskvaya gələn Türkiyə Müdafiə nazirinin  müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən ünvanına çatdırılacaq. "
 


Ana səhifəyə qayıt        Baxış: 4 668          Tarix: 1-09-2020, 08:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma