Xəbər lenti

 
 
Suriya və Livan erməniləri ilə bərabər PKK-çı ailələr də Dağlıq Qarabağda məskunlaşdırılır və bu işdə Rusiyanın da rolu var.
 
Ovqat.com xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Afşar Süleymani mediaya açıqlamasında deyib.
 
Diplomatın sözlərinə görə, Dağlıq Qarabağdakı bu qeyri-qanuni məskunlaşma Rusiyanın Türkiyəyə qarşı siyasətinin tərkib hissəsidir. Bu fakt öz təsdiqini taparsa, Türk ordusunun Azərbaycan əsgərləri ilə birlikdə Dağlıq Qarabağda keçirəcəyi hərbi əməliyyatın hüquqi əsası meydana çıxır.
 
Maraqlıdır ki, İraq mətbuatının ən çox üzərində dayandığı beynəlxalq mövzuların başında da məhz bu məsələ - Dağlıq Qarabağda qanunsuz məskunlaşma problemi gəlir. 
 
“Əl-Muraqib əl-İraqi” nəşrinin “Suriya və Livandan qaçan ermənilərin Azərbaycanın Qarabağ regionunda məskunlaşdırılması (1-ci hissə) sərlövhəli məqaləsini təqdim edirik.


 
 Ermənistanla Azərbaycan arasında yeni böhran yaşanır. Söhbət Suriyadakı vətəndaş müharibəsindən qaçan minlərlə erməninin taleyindən, daha dəqiq desək, onların Azərbaycanın 20 ildən artıqdır Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionunda məskunlaşdırılmasından gedir.
 
Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov suriyalı ermənilərin Qarabağda məskunlaşdırılmasını Cenevrə konvensiyasının pozulması kimi qiymətləndirmişdi. O, Ermənistanın Suriya ermənilərini işğal altındakı Azərbaycan ərazilərinə köçməyə təşviq etdiyini, bunun qəbuledilməz və yolverilməz olduğunu da sözlərinə əlavə etmişdi.
 
Rusiyanın “İnterfax” agentliyinin məlumatına görə, sabiq nazir bu məskunlaşdırmanın Qarabağ münaqişəsinin həllinə kömək etmədiyini, əksinə, nizamlama prosesindəki problemləri daha da artırdığını söyləmişdi.


 
Bu azmış kimi, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan bu yaxınlarda işğal altındakı Qarabağ regionuna səfəri zamanı heç bir ərazinin Azərbaycana qaytarılmayacağını bildirib. Üstəlik, Vanesyan bu torpaqlarda ermənilərin məskunlaşdırılması proqramını dəstəklədiyini deyib. “Obyektiv qiymətləndirsək, deyə bilərik ki, məskunlaşdırma proqramı ölkəmizin təhlükəsizliyinin əsası olacaq. Bu proqramla xalqımıza və bütün dünyaya, bizi şantaj etmək istəyən hər kəsə xüsusi mesaj göndəririk ki, torpaqları qaytarmaq niyyətimiz yoxdur. Vətənimizin övladları torpaqlarımızda yaşamalıdırlar”, - deyə Artur Vanesyan qeyd edib.
 
Beynəlxalq reaksiya
 
İranın azərbaycandakı sabiq səfiri Əfşar Süleymani hesab edir ki, Azərbaycanın Ermənistan tərəfdən işğal edilmiş Qarabağ regionuna Suriya ermənilərilə yanaşı, PKK terror təşkilatının üzvləri də yerləşdirilir. Onun fikrincə, burada Rusiyanın da rolu var və məqsəd həmin terrorçulardan Türkiyəyə qarşı istifadə etməkdir.
 
Sabiq səfir İranın “Arman” qəzetində nəşr olunmuş məqaləsində Ermənistanla Azərbaycan arasındakı son toqquşmalara, həmçinin Rusiya-Türkiyə münasibətlərinə də toxunub. Süleymani yazır ki, Moskva Ankara ilə münasibətlərinin gərginləşməsi fonunda Türkiyəyə qarşı ermənilərdən də istifadə etməyə başlayıb. “Suriya erməniləri və PKK ilə əlaqəli insanlar Qarabağda bu məqsədlə məskunlaşdırılır”, - deyə müəllib bildirir: “Rusiya Azərbaycanla Qərbin daha da yaxınlaşmasının qarşısını almaq, Bakını özünün rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi qurumlara daxil etmək, eləcə də Cənubi Qafqazda Türkiyənin nüfuzunu artırmasına mane olmaq üçün ermənilərdən istifadə edir”.


 
Diplomat “Türkiyənin Suriyadakı səhvlərini ört-basdır etmək üçün Qarabağda toqquşmalara rəvac verdiyini” iddia edən bəzi İran KİV-nin, o cümlədən İran məhkəməsinə aid olan “Mizan” qəzetinin əksinə olaraq hesab edir ki, Qarabağda müharibə qığılcımını məhz Rusiya Prezidenti Vladimir Putin alovlandırıb.
 
Süleymani Rusiyanın Ermənistana Azərbaycan torpaqlarını işğal etməsi üçün göstərdiyi yardımlara da toxunaraq bildirib ki, Moskva Sovet İttifaqının dağılmasından sonrakı dövrdə “ətrafında yaranan böhranlara həmişə müdaxilə edib”.
 
Bütün bunlarla yanaşı, diplomat hesab edir ki, Moskva “Türkiyədə ciddi və uzunmüddətli böhran yaratmaq gücündə deyil”.
 
Ermənistanın məskunlaşdırma strategiyası
 
Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, yerli azərbaycanlıların öz yurdlarından, kəndlərindən qovulması əslində, bu günün hadisəsi deyil. Bu proses keçən əsrin əvvəllərindən başlayıb. İyirminci əsrin əvvəllərində ermənilərlə azərbaycanlılar arasında milli zəmində baş vermiş toqquşmalar və erməni millətçilərinin həyata keçirdikləri etnik təmizləmələr nəticəsində çox sayda azərbaycanlı əhali indiki Ermənistan torpaqlarından qovulub. Erməni silahlı birləşmələri 1918-ci ilin ortalarından başlayaraq Zəngəzurda müsəlmanların yaşayış məskənlərinin dağıdılmasında, regionda aparılan etnik təmizləmədə böyük rol oynayıblar.


 
O vaxt Türkiyədən gələn ermənilər Zəngəzura yerləşdirilib, qalanları isə İrəvan, Dərəlyəz mahallarından qovulmuş müsəlmanların yerini tutub. Burada məqsəd erməni dövlətinin əsas regionlarının etnik tərkibini dəyişmək olub. SSRİ Elmlər Akademiyasının “Qafqaz etnoqrafiyası” jurnalı yazırdı ki, “Ermənistanda azərbaycanlıların məskunlaşdığı torpaqlar boşaldılıb. Daşnaklar bu torpaqlarda “ölkəni işğalçılardan, ilk növbədə isə müsəlmanlardan təmizləmək” siyasəti aparıb, onları Novo Bəyaziddən, İrəvandan, Eçmiədzindən, Şərurdan və Dərələyəzdən qovub”.
 
Ermənistanda məskunlaşdırma ilə bağlı gələcək planlar da o vaxtdan hazırlanıb və Qarabağ regionunun işğalından sonra bu planın reallaşdırılmasına başlanılıb. İndi isə Ermənistan Suriya, İraq və Livanda baş verən münaqişlərdən, terrordan qaçan erməniləri bu regionda, həmçinin Azərbaycana qarşı ekspansionist siyasətinin hədəflərinə daxil etdiyi ətraf torpaqlarda məskunlaşdırır. Britaniyanın “The Economist” jurnalı vətəndaş müharibəsinin başlanmasından 6 il keçdikdən sonra Suriyadakı ermənilərin vəziyyəti haqqında hazırladığı bir hesabatında yazır: “Müharibə bəlkə də Suriyada bir əsrdən bəri mövcud olan xristian erməni azlığını yox edib”.
 
Suriyadakı vətəndaş müharibəsi nəticəsində 5 milyondan çox insan ev-eşiyini tərk edərək xaricdə siyasi sığınacaq axtarmağa başlayıb. 2015 və 2016-cı illərdə yüz minlərlə qaçqın Avropada yaşamaq üçün Balkanlara üz tutub.


 
Erməni diaspor təşkilatlarının verdiyi məlumata görə, Suriyada təxminən 150 min erməni var. Onların çoxu Hələbdədir. Amma əslində, son iyirmi il ərzində Suriyanın erməni vətəndaşlarının sayı azalıb. Hazırda onların sayı 100 minə yaxındır. Suriyanın Kesab qəsəbəsi sakinlərinin də əksəriyyəti ermənidirlər. Bundan başqa, Qamışlı, Həsəkə, Ras əl-Eyn, əl-Malikiyyə, Amuda, əl-Dərbasiyyə, əl-Qəhtaniyyə, eləcə də Deyr əz-Zur, əl-Bukmal, əl-Məyadin və s. ermənilərin kompakt yaşadıqları əsas şəhərlərdir. Suriyanın başqa şəhərlərində, məsələn, Dəməşqdə, Kesabda (sayları daha çoxdur), Tartusda, Laziqiyyədə və Derada da ermənilər var.
 
2010-cu ilə aid statistik məlumatlara əsasən, Suriya ermənilərininən böyük kəsimi Hələb şəhərində məskunlaşıb. O zaman onların sayı təxminən 80 min nəfər idi. Vaxtilə isə  Suriyada 250 min erməni yaşayıb. Təbii ki, rəqəmlər tam dəqiq deyil. Çünki bu statistikanı dəqiq şəkildə təsdiq edəcək hər hansı müstəqil və ya neytral mənbə yoxdur. Hətta əsas informasiya mənbəyi hesab olunan erməni kilsəsinə də etibar etmək olmaz. Belə ki, o, əhalinin köhnə sayını saxlayır və mühacirlərin adlarını “bəlkə də qayıtdılar” ümidi ilə siyahılarından silmir.
 
Hər halda, hesabatlarda qeyd edilir ki, Suriya şəhərlərində ermənilərin sayı sürətlə azalır. Məsələn, bir vaxtlar Həsəkədə 170 erməni ailəsi yaşayırdısa, bu gün orada onların yalnız üçdə biri qalıb. Ras əl-Eyn, əl-Malikiyyə, əl-Qəhtaniyyə, Amuda və əl-Dərbasiyyədə isə bir erməni ailəsi belə, qalmayıb. Qamışlıya gəlincə, digərlərinə nisbətən onun vəziyyəti bir az yaxşıdır. Orada vaxtilə yaşamış 250 erməni ailəsinin təxminən yarısı qalmaqdadır. 
 
(Ardı var)
 
Mutəzz Muhy Əbdülhəmid
 


Ana səhifəyə qayıt        Baxış: 3 687          Tarix: 10-09-2020, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma