Xəbər lenti

 
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə cari ilin 10 sentyabr tarixində Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının Beynəlxalq onlayn – müsabiqəsi keçirilib. 
 
Ovqat.com-a bu barədə məlumat Mədəniyyət Mərkəzindən daxil olub.
 
Məlumata görə, Azərbaycan və Özbəkistanın Milli konservatoriyalarının iştirakı ilə keçirilən müsabiqəyə Azərbaycan Mədəniyyət Nazirliyi müvafiq dəstək göstərir


 
Tədbiri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov giriş sözü ilə açaraq, Azərbaycan dövlətinin apardığı uğurlu mədəniyyət siyasətinin davamı olaraq Özbəkistandakı Heydər adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hər iki ölkənin xalq simli musiqi alətləri üzrə ifaçılar arasında keçirilən beynəlxalq müsabiqə haqqında məlumat verib. 
 
Xalqımıza məxsus hər bir alətin özündə tarixin silinməz izlərini daşıdığını bildirən diplomat həm Qobustandakı rəsmlərin üzərində, həm də “Kitabi-Dədə-Qorqud” dastanında milli musiqi alətlərinə dair məlumatların öz əksini tapdığını, dahi şairlərimiz Nizami Gəncəvinin, Əlişir Nəvainin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin poemalarında, qəzəllərində xalq çalğı alətlərinin adlarına rast gəlindiyini, rəssamlarımızın miniatürlarında, əsərlərində isə onların təsvir edildiyini söyləyib.


 
Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun layihəsi ilə muğam sənətinin, milli musiqi aləti olan tarın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirən S. Abbasov dövlətin dəstəyi ilə ölkəmizdə bu sahənin öz intibah dövrünü yaşadığını qeyd edib. 
 
Daha sonra müsabiqənin Münsiflər heyəti təqdim olunub. Qeyd edək ki, onlar Azərbaycan Milli Konservatoriyanın Xalq çalğı alətləri kafedrasının müdiri, Əməkdar müəllim, professor Ramiz Əzizov, əməkdar artist, dosent, Beynəlxalq müsabiqələr laureatı Sahib Paşazadə, Özbəkistan Dövlət Konservatoriyasının baş müəllimi, "Nixol" Dövlət Mükafatı laureatı Uluqbek Yunusov, Özbəkistan Dövlət Konservatoriyasının professoru, "SOQDİANA" xalq çalğı alətləri Dövlət Kamera Orkestrinin bədii rəhbəri və dirijoru, Özbəkistanın əməkdar İncəsənət Xadimi Firuzə Əbdürəhimovadır. 
 

 
Daha sonra müsabiqə işinə başlamışdır. Azərbaycandan gənc musiqiçilər Fərid Məmmədov, Hüseyn Quliyev, Vaqif Təhməzov, Sevinc Mirzəli, Mədinə Şahgəldiyeva, Behnam Məhəmmədəlizadə, Sultan Nadirov Özbəkistandan isə Şahzod Erkinov, Xurmat Rəhimov, Məhəmməd Əli Qasımov, Sancar Qodirov, Şöher Bəhromov, Faxriyor Kosimov, Rahmatilla Hamidullayev, Dilşod Meliboyev, Oqabək Əkrəmov xalq simli musiqi alətlərini ifa ediblər. 
 
Qeyd edək ki, hər iki ölkənin simli musiqi alətləri üzrə keçirilən müsabiqədə ilkin olaraq tar-kaşkar rübabı, kamança-gicak və ud musiqi aləti üzrə nominasiyaları üzrə qaliblər seçiləcəkdir. 15 sentyabr tarixində müsabiqəni digər iştirakçılarının çıxışı nəzərdə tutulub.


 
Cari ilin 18 sentyabr tarixində Beynəlxalq musiqi günündə isə müsabiqənin qalibləri elan olunacaq və qalib musiqiçilərin iştirakı ilə onlayn Qala-konsert təşkil olunacaqdır.
 
Konsert Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin internetdə youtube.com portalında fəaliyyət göstərən onlayn kanalından və sosial şəbəkələr vasitəsi ilə canlı yayımlanacaqdır.  


 
 


Ana səhifəyə qayıt        Baxış: 3 327          Tarix: 12-09-2020, 07:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma