Xəbər lenti

 
 
Cari ilin fevral ayında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsinə start verilib. 
 
Ovqat.com-a bu barədə məlumat Mədəniyyət Mərkəzi tərəfindən verilib.
 
Məlumata görə,  layihə çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsini elan edib. 
 
Müsabiqə Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsi və Xətai Sənət Mərkəzi ilə birlikdə keçirilir. 
 
“Azərbaycanın Qarabağ diyarı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinin əsas məqsədi Özbəkistan və Azərbaycanın rəssamlıq istedadına malik olan yeniyetmə və gənc rəssamların evdə qaldıqları müddətdə səmərəli vaxt keçirərək gözəl sənət əsərləri yaratmalarına sövq etmək, onların fəaliyyətini stimullaşdırmaq, Azərbaycan, türk mədəniyyətini təbliğ etmək,  dostluq və qardaşlıq bağlarının daha da dərinləşdirməkdir. 
 
Müsabiqədə ən çox duyğu və düşüncələrlə işlənmiş, ideya və mənaya malik, habelə Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, ədəbiyyat, bölgənin özəlliyi və tarixinin daha geniş əks etdirilən rəsm əsərlərinə üstünlük veriləcəkdir. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə xüsusi önəm veriləcəkdir. 
 
Rəsm müsabiqəsində Özbəkistan və Azərbaycanın yeniyetmə və gənc rəssamları (14 yaşdan yuxarı)  iştirak edə bilərlər. 
 
Təqdim olunan rəsm əsərlərinə xüsusi Münsiflər heyəti qiymət verəcəkdir ki, buraya Azərbaycan və Özbəkistanın tanınmış rəssamları daxil edilib. 
 
Müsabiqəyə 2020-ci il aprel ayının 24-dən start veriləcək, müsabiqə əsasən 14-30  yaş  kateqoriyası üzrə keçiriləcəkdir.
 
Cari il 15 iyun tarixində yekun vurulacaq müsabiqəyə rəsmlərin fotoları, habelə əsəri çəkən rəssamın şəxsiyyətini təsdiq edən sənəd – pasportunun surəti və özü haqqında məlumat (əlaqə nömrələri, email) Daşkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna göndərilməlidir ([email protected]). 
 
Rəsm əsərlərinin orjinalı isə Özbəkistan tərəfdən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (Daşkənd şəhəri Mirabad rayonu, Heydər Əliyev küçəsi 9, +998 71 293 50 92, 293) ünvanına, Azərbaycan tərəfdən isə Bakı şəhərindəki Xətai Sənət Mərkəzinə (Bakı şəhəri, Xocalı küçəsi 62, AZ1025, (+994) 12 490 84 51/52/53) göndərilməsi zəruridir.    
 
Hər iki ölkədən 5 ən yaxşı iş seçiləcək və qaliblərə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikasının İsmayıllı regional Mədəniyyət İdarəsinin pul mükafatları, habelə Fəxri diplomları təqdim olunacaqdır. 
 
Müsabiqə üçün göndərilən bütün  rəsm əsərlərinin Azərbaycan və Özbəkistanda sərgi salonlarında təqdimatı keçiriləcək, habelə sözügedən əsərlər Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə müxtəlif ali məktəblərdə, mədəniyyət müəssisələrində yaradılmış Azərbaycan ocaqlarına daimi olaraq hədiyyə ediləcəkdir. 
 
Bundan başqa müsabiqəyə təqdim olunmuş rəsm əsərləri və onlar haqqında məlumat, fotoşəkil Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin saytında və Vikipediya Elektron ensiklopediyasında yaradılacaq səhifədə yerləşdiriləcəkdir. 
 
Müsabiqənin digər şərtləri haqqında əlavə məlumat Azərbaycan Mədəniyyət Mərkəzinin saytında (http://azculture.uz/musabiqeler.php?link=musabiqeler) veriləcəkdir. 


Ana səhifəyə qayıt        Baxış: 2 025          Tarix: 23-04-2020, 17:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma