Xəbər lenti
Siyasi məhbus Tofiq Yaqublunun 12 gündür davam edən aclıq aksiyası diqqəti bu sahəyə yönəltməklə yanaşı bu etiraz formasının tarixinə nəzər salmağı da zərurətə çevirib. Başqa birinə zərər vermədən, öz həyatını qurban verməyə hazır olduğunu göstərməklə ictimai mənafeləri müdafiə etməyə çalışan bu insanlar, şübhəsiz ki, yüksək dəyər sahibləridir. Onlar cəmiyyətin müqəddəs arzularını öz canları bahasına əldə etməyə hazır olanlardır.

Qəlbində azacıq mərhəmət yatan insanı riqqətə gətirən, hər bir şəxsin çəkə biləcəyi, lakin çox qorxduğu əzabları özünə rəva görməyən, ölümün gözünün içinə baxaraq ideyalarına görə ona meydan oxuyan, mərd, cəsarətli, dönməz xarakterə malik belə insanlar tarixdə həmişə ehtiramla yad edilir. Onları bu vəziyyətə gətirənlər isə lənətlənməkdən qurtulmurlar. 

Çox qəribədir ki, dünyada siyasi səbəblərə görə ilk dəfə aclıq aksiyası keçirən şəxs də azərbaycanlı olub. Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan poeziyasının bəlkə də ən nakam şairi” adlandırdığı Əli Yusif. O, 38 illik ömrünün az qala yarısını həbs, sürgün və məşəqqətlərdə keçirib. 

Haşiyə çıxaraq qeyd edim ki, indi əlimizdə olan faktlar bu iddianı irəli sürməyə imkan verir. Tarix həm də məntiq elmidir. Bu baxımdan yanaşsaq, yadellilərin daimi basqısına, qarışıq qanlı rəhbərlərin zor aparatı və zülmünə qarşı xalqımızın müstəqillik uğrunda humanist xarakterindən doğan dinc dirənişi həmişə ön planda olub. Ona görə də ilk aclıq aksiyasını azərbaycanlı bir şəxsin başlatması anlaşılandır. 
1927-ci ildə Sibirə sürgün edilən 30 nəfərlik heyətin içərisində Əli Yusuf də vardı. 40-45 dərəcə şaxtada dustaqlara qarşı əzablı işgəncələrə dözməyən Əli Yusif və onun dostları aclıq aksiyasına başlayır.

Bu qrupun qəti ölüm qərarı düşərgədəki bütün azərbaycanlılar tərəfindən müdafiə edilir və aksiya getdikcə genişlənməyə başlayır. Lakin bolşevik rejiminin məmurlarının daş ürəkləri zərrə qədər də olsa yumşalmır və insani keyfiyyətlərdən məhrum olduqlarını sübut edir. 22 gün davam edən aclıq aksiyasında insanlar acından skletə dönürlər. 

Əli Yusifin həbsxanadakı dəhşətli rejimin əleyhinə qaldırdığı bu etiraz forması onun ən yaxın dostlarının, gəncəli İbrahim Axundzadənin və şəkili Əlövsət Nəcəfovun acından ölümünə səbəb olur. Buna baxmayaraq, Əli Yusifdən başlayan bu etiraz sonradan başqa millətləri - qazax, qırğız, başqırd, ləzgi və s. də ayağa qaldırır.

1935-ci ilin yanvarında sürgündən azad edilən şair vətənə buraxılmadı. 1937-ci ildə yenidən həbs olundu və elə həmin il də dünyasını dəyişdi. Çox qısa sürən nakam ömründə Azərbaycanın müstəqilliyi uğrunda ideyalarından və mübarizəsindən bir addım da olsa geri çəkilmədi.

Canını Vətənə qurban etdi.
 
 
Mütəllim Rəhimli


Ana səhifəyə qayıt        Baxış: 3 402          Tarix: 13-09-2020, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma