Xəbər lenti

 
 
İraqın “Əl-Muraqib əl-İraqi” nəşrinin Dağlıq Qarabağda erməni və PKK-çı ailələrinin qanunsuz məskunlaşdırılmasına dair araşdırma yazısının sonuncu hissəsini Ovqat.com oxucularına təqdim edirik
 
Suriya və Livandan qaçan ermənilərin Azərbaycanın Qarabağ regionunda məskunlaşdırılması (sonuncu hissə)
 
Əvvəli: (Yaxın Şərqdən Dağlıq Qarabağa köç - Növbəti hədəf Gəncədir?! 

Rusiya Dağlıq Qarabağda Yaxın Şərq erməniləriylə yanaşı PKK-çı ailələri də məskunlaşdırılır – İraq mediası)
 
Beyrut limanında partlayış və ermənilərin köçü
 
Avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş partlayışlar işğalçı Ermənistanın növbəti avantürası üçün bəhanə olub. Ermənistan hakimiyyəti partlayış nəticəsində zərər çəkmiş Livan ermənilərini beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə Cenevrə Konvensiyasına zidd olaraq, qanunsuz şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırmağa başlayıb. Bu, beynəlxalq hüquq normalarının və prinsiplərinin, xüsusilə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.
 
Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış uydurma qurumun “prezident”i Arayik Arutunyan Kilikiya evinin katolikosu I Aramla telefon söhbətində bildirib ki, Qarabağ Livandan erməni ailələrini qəbul etməyə hazırdır. Əslində, Yerevan ötən illərdə də Livandakı çətin sosial-iqtisadi vəziyyəti bəhanə gətirərək, buna cəhdlər etmişdi. Son partlayışın ardından isə Arutunyan I Aramla növbəti telefon danışığında livanlı ailələri qəbul etməyə, müxtəlif yardım proqramları həyata keçirməyə hazır olduqlarının deyib: “Başqa sözlə, Qarabağ bu gün Livan ermənilərinə və qardaş Livan xalqına bütün imkanları ilə yardım etməyə hazırdır”.
 
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev söyləyib. Açıqlamada deyilir: “Bəs, Ermənistan rəhbərliyinin bu cür qanunsuz addımlar atmaqda və yüz faiz riskli ərazilərə soydaşlarını yerləşdirməkdə (bəzən aldadaraq və şirnikləndirici təkliflər verərək) əsas məqsədi nədən ibarətdir? Burada iki hədəf var: birincisi, Ermənistan bu yolla Dağlıq Qarabağda kəskin şəkildə azalmış ermənilərin sayını süni şəkildə artırmaq, digər tərəfdən isə hərbi xidmətə yararlı olanları səfərbərliyə cəlb etməklə, ordudakı canlı qüvvə çatışmazlığını aradan qaldırmaq istəyir.
 
İkincisi, Ermənistan yaxşı bilir ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və zəbt edilmiş ərazilərini – Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonunu hansı yolla olsa, işğalçılardan təmizləyəcək. Azərbaycan xalqının iradəsi və tələbi, ordumuzun artan gücü, Ali Baş Komandanın qətiyyətli mövqeyi, o cümlədən son günlər qardaş Türkiyə ilə uğurla həyata keçirdiyimiz birgə hərbi təlimlər və digər amillər bu fikri söyləməyə ciddi əsaslar yaradır. Belə olan halda Ermənistan hakimiyyəti nəyə görə istənilən an təmizləmə əməliyyatlarının başlaya biləcəyi riskli ərazilərə Yaxın Şərqdən erməniləri köçürməyə davam edir? ...Paşinyan hakimiyyəti bununla da ehtimal olunan hərbi əməliyyatlar zamanı bu biçarələrdən canlı şit kimi istifadə etmək üçün “təbii əsaslar” əldə etmək istəyir. Bütün bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin nə qədər məkrli, riyakar və ikiüzlü olduğunu, ən əsası isə faşist mahiyyətini bir daha üzə çıxarır”.
 
Ermənistan Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz məskunlaşdırma planını həyata keçirməklə bütün beynəlxalq hüquq normalarını və prinsiplərini, BMT-nin və Təhlükəsizlik Şurasının qətnamə və qərarlarını pozur. Qeyd edilməlidir ki, 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma faktını aşkarlamış və hesabatlarında bunları açıq şəkildə qeyd etmişdi. Yəni, həmsədrlərin Ermənistanın bu qanunsuz fəaliyyətinə münasibət bildirmələri üçün kifayət qədər əsaslar var.
 
Münaqişənin uzanmasında Rusiya silahının rolu
 
Azay Quliyev bildirib ki, narahatedici məqamlardan biri də vasitəçilərin bu qanunsuzluğa etiraz etməməsidir. Başqa sözlə, bu, onların işğala və işğalçıya açıq dəstək verməsi anlamına gəlir. Onsuz da Rusiyanın son bir ayda sülhyaratma mandatına zidd olaraq, işğalçı Ermənistana 400 tondan çox silah-sursat verməsinin Azərbaycan ictimaiyyətində ciddi narazılıq və kəskin etiraz doğurduğu məlumdur. “Biz dünya dövlətlərinin diqqətini bu təhlükəli problemə cəlb etməli, onlardan bununla bağlı konkret münasibət bildirmələrini istəməliyik”, - deyə A.Quliyev qeyd edib: “Əlbəttə, onların Azərbaycanın bu haqlı tələbinə obyektiv və ədalətli reaksiya verəcəyini heç kim gözləmir, çünki cəmiyyətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinə inam və etimad qalmayıb. Buna baxmayaraq, həmsədrlərə təzyiqi maksimum dərəcədə artırmalı, onların ədalətliliyini və obyektivliyini davamlı olaraq sorğulamalıyıq. Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri bu qanunsuzluğa tam olaraq göz yumsa, ona bu və ya digər formada münasibət bildirməsə, o zaman onlar münaqişənin sülh yolu ilə həllinə vasitəçi olmaq hüququnu birdəfəlik itirəcəklər”.
 
Süni peyklər erməni məskunlaşdırmasını qeydə alır
 
Xarici İşlər Nazirliyi və “Azərkosmos” ASC Azərbaycanın işğal altında olan ərazilərində Ermənistanın qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti ilə bağlı “Azersky” peyki vasitəsilə aparılmış monitorinqlərə dair birgə açıqlama yayıb.
 
Bu sahədə ixtisaslaşmış elmi agentliklər bildirir ki, “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində işğalçı ölkənin qeyri-qanuni fəaliyyəti, o cümlədən məskunlaşdırma siyasəti davam etdirilir. “Azərkosmos” ASC-nin “Azersky” süni peyki vasitəsilə aparılmış monitorinqlər nəticəsində ölkəmizin işğal altındakı Kəlbəcər rayonunun ərazisində qeyri-qanuni yaşayış məskəninin salındığı faktı öz təsdiqini tapıb”.
 
2019-cu ilin sonlarından etibarən salınmağa başlamış bu yaşayış məskəni hazırda 15 evdən ibarətdir. İnşaat işlərinin sürəti və gedişi onun daha da genişləndiriləcəyini deməyə əsas verir. 2020-ci ilin yanvarında bu yaşayış məskənində 6 ev, martında 10 ev, aprelində 14 ev hazır vəziyyətə gətirilmişdisə, avqustda bu rəqəm artıq 15-ə çatıb. Düşmənin bu cür süni məskunlaşdırma siyasətinin tərkib hissəsi olaraq son illər işğal altında olan rayonlarda, o cümlədən Cəbrayılda “Aracamux”, Laçında “Ariavan” adlı yaşayış kompleksləri salınıb, Zəngilanda, Qubadlının Xanlıq kəndində yeni yaşayış məntəqələri tikilib.
 
Yeni yaşayış məntəqələrinin salınması faktı Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquq, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası və onun Əlavə protokollarına, insan hüquqları normalarına zidd olaraq, qeyri-qanuni fəaliyyətini davam etdirdiyini göstərir.
 
Bu qanunsuz fəaliyyət Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının davam etdirilməsi və möhkəmləndirilməsi, ərazilərin ilhaqı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısının alınmasına yönəlib.
 
Azərbaycan Ordusu döyüşü öz xeyirinə həll edə bilərmi?
 
Azərbaycan torpaqlarında mülki obyektlərin, yaşayış məskənlərinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin adət etdiyi əməldir. 2016-cı ilin aprel hadisələri, eləcə də Tovuz rayonu istiqamətində bu yaxınlarda baş vermiş toqquşmalar Azərbaycan xalqının yaddaşındadır. Hər iki qarşıdurma zamanı erməni tərəfi mülki əhalini hədəfə alınıb, dinc sakinlər bilərəkdən qətlə yetirilib.
 
Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bildirib ki, Azərbaycan Ordusu Ermənistan qüvvələrinin bütün atəş nöqtələrini, hərbi obyektlərini və başqa hərbi hədəfləri darmadağın etməyə qadirdir və buna gücü var. Nazirlik xəbərdarlıq edib ki, Ermənistan tərəfindən həyata keçiriləcək bütün təxribatlara, Tovuz döyüşlərində olduğu kimi, qətiyyətlə cavab veriləcək. Bütün bu təxribatlara görə məsuliyyət birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
 
Ermənistan Qarabağ regionunu (Azərbaycanın qərbi) 1992-ci ildən işğal altında saxlayır. İki ölkə arasında münaqişə Sovet İttifaqının dağılmasından sonra başlayıb. 30 mindən çox insanın öldüyü, minlərlə vətəndaşın didərgin düşdüyü qanlı müharibə nəticəsində Ermənistan Azərbaycanın bu bölgəsini işğal edib.
 
Mutəzz Muhy Əbdülhəmid


Ana səhifəyə qayıt        Baxış: 3 462          Tarix: 14-09-2020, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma