Xəbər lenti

 
“Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində sülh şəraitində yaşamağa hazırıq”.
 
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev İspaniyanın “Style International” portalında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məqaləsində belə yazıb.
 
Ovqat.com-un məlumatına görə, deputat dəfələrlə erməni icmasına bu məqsədlə dialoq təklif etdiyini, fəqət qarşı tərəfin bu təklifə müsbət cavab vermədiyini bildirib.
 
Tural Gəncəliyevin fikrincə, bu fakt ermənilərin sülhdə maraqlı olmadığını əyani şəkildə sübuta yetirir.
 
Ovqat.com deputatın Dağlıq Qarabağ münaqişəsi sərlövhəli məqaləsinin tərcüməsini təqdim edir:
 
Problemə bir neçə aspektdə işıq tutmasına baxmayaraq, lakonikliyi seçilən məqalənin tərcüməsini təqdim edirik
 
 
 
Ermənistan 1990-cı illərin əvvəllərində hərbi güc tətbiqi ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdə birini işğal edib.
 
Ermənistanın bu işğal zamanı Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində 1 milyondan çox azərbaycanlı öz doğma yurdundan qovulub. BMT Təhlükəsizlik Şurasının elə həmin dövrdə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində bu işğal pislənib, Ermənistandan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarması tələb olunub.
 
Cəzasızlıq
 
Lakin Ermənistan illərdir bu qətnmaələrə məhəl qoymur. O, Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün Dağlıq Qarabağ bölgəsində qondarma rejim də qurub və durmadan, bu bölgədə yaşayan erməni icmasının “öz müqəddəratını təyin etmək” hüququndan danışır.
 
Bu, azmış kimi, ermənilər son illərdə işğal etdikləri ərazilərdə daha da möhkəmlənmək üçün ard-arda qanunsuzluqlar edir. Yerevan 1949-cu il Cenevrə Konvensiyası daxil olmaqla, beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Dağlıq Qarabağın demoqrafik tərkibini dəyişdirir, məhz bu məqsədlə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti aparır.
 
Ekoloji terror
 
Son illərdə Ermənistan erməni əsilli suriyalıları və livanlıları Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirməkdədir. Bununla yanaşı, həmin torpaqlarda azərbaycanlılara aid mədəni və tarixi izlər məqsədli şəkildə məhv edilir, bölgənin təbii sərvətləri talan olunur, işğal altındakı torpaqların təbii su ehtiyatlarından isə təmas xətti yaxınlığında yaşayan azərbaycanlılara qarşı ekoloji terror vasitəsi kimi istifadə edilir.
 
Beynəlxalq ictimaiyyətin “dişsiz” bəyanatlarından, qeyri-adekvat münasibətindən də ruhlanan Ermənistan bütün bu illər ərzində Azərbaycan ərazilərinin işğalını daha da genişləndirmək üçün çoxsaylı cəhdlər də göstərib.
 
Hərbi hücum
 
Son illərdə Ermənistan Azərbaycana qarşı iki dəfə miqyaslı hərbi hücum təşkil edib – 2016-cı ilin aprelində və 2020-ci ilin iyununda. Bununla yanaşı, son vaxtlar erməni tərəfininin durmadan təxribat xarakterli bəyanatlar səsləndirməsi, Ermənistan liderlərinin məsuliyyətsiz davranışları, işğal olunmuş ərazilərə və iki ölkənin dövlət sərhədinə əlavə qoşun, hücum silahları toplaması Ermənistanın Azərbaycana qarşı yeni hərbi hücuma hazırlaşdığını göstərir.
 
Bütün bunların fonunda Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə hədələyir, baş nazirin xanımı Anna Akopyan Azərbaycanın işğal olunmuş ərazilərində erməni qadınlar üçün hərbi təlim təşkil edir və s. Görəsən Ermənistanın “sülhsevər” baş nazirinin “sülhsevər” xanımı başqa bir ölkənin ərazisində hərbi forma geyərək, qarşı tərəfə silah tuşlamaqla nə demək istəyir?
 
Ermənistan problemin həlli üzrə aparılan danışıqların formatını dəyişdirməyə də çalışır. O, işğal faktını ört-basdır etmək, törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsindəki etnik erməni icmasını Ermənistanla Azərbaycan arasındakı münaqişənin tərəfi kimi təqdim edir. Halbuki, danışıqların formatı ATƏT-in müvafiq sənədlərində aydın şəkildə göstərilib.
 
Dialoqdan imtina
 
Biz Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını dəfələrlə dialoqa çağırmışıq. Təəssüf ki, bu təklifimiz hər dəfə rədd edilib. Bu, Ermənistanın danışıqlarda, sülhdə maraqlı olmadığının əyani sübutudur. Qarşı tərəfin məqsədi danışıqlar prosesini dayandırmaq, işğalı davam etdirməkdir.
 
Lakin Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalı, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün öz torpaqlarına qayıtmalıdır. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
 
Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, bölgənin erməni icması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində sülh şəraitində yaşamağa hazırıq.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 815          Tarix: 14-09-2020, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma