Xəbər lenti

 

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanla ölkəsi arasında bu ilin iyulunda baş vermiş hərbi toqquşmalardan sonra Rusiyanın Yerevana intensiv şəkildə silah tədarük etdiyini açıqlayıb. 
 
Ovqat.com xəbər verir ki, Hikmət Hacıyevin bu açıqlaması ABŞ-ın JewishPress.com nəşrinin diqqətini cəlb edib.
 
Nəşr “Rusiya Ermənistanı silahlandırmağı dayandırmalıdır” sərlövhəli məqaləsində bildirir:
 
“Xatırladaq ki, iyul toqquşmaları məhz Ermənistanın Azərbaycan ərazisinə hücumu nəticəsində başlamışdı. Toqquşmalar nəticəsində Azərbaycan tərəfi 76 yaşlı əlil mülki vətəndaşını və 12 hərbi qulluqçusunu itirib.
 
Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmini üçün Rusiyanın Ermənistana silah tədarükünü dərhal dayandırmasına ehtiyac var. Bu ölkəyə hərbi yüklərin göndərilməsi əslində, Ermənistanın İsrailin müttəfiqi olan Azərbaycana qarşı təcavüzkar siyasətə ilhamlandırır.
 
Xatırladaq ki, Ermənistan 1990-cı illərindən əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonunu məhz Rusiyanın tam dəstəyi nəticəsində işğal edib. Həmin vaxt Moskva yenicə müstəqillik qazanmış Azərbaycanı cəzalandırmağa çalışırdı. Çünki Bakı müstəqillik qazanar-qazanmaz, Rusiyanın ölkədəki hərbi bazasını bağlamış, rus hərbi birləşmələrini ölkədən çıxarmışdı. Azərbaycan Rusiyanın hərbi-siyasi təsirindən qurtulmağa çalışırdı.
 
Azərbaycanın Xocalı şəhərində 1992-ci il fevralın 26-na keçən gecə baş vermiş soyqırım isə yəqin ki, heç zaman unudulmayacaq. Ermənistan hərbi birləşmələri bu soyqırımı da ruslara məxsus 366-cı motoatıcı alayının tam dəstəyilə törətmişdi. Xocalı hadisələri nəticəsində 613 nəfər qətlə yetirilib, 487 nəfər əlil olub, 1275 qadın, uşaq, kişi, yaşlı girov götürülərək işgəncələrə, təhqirlərə məruz qalıb. Həmin vaxt erməni hərbçiləri şəhərdən qaçmağa çalışan mülki əhalini vəhşicəsinə qətlə yetirib. Xocalılar soyqırıma məhz azərbaycanlı olduqları üçün məruz qalıblar...
 
Xocalıda qadınlara, uşaqlara, yaşlılara qarşı misli görünməmiş barbarlığın, vəhşiliyin heç bir izahı yoxdur. Bu, təkcə bir nəslin deyil, həm də insanlıq tarixinin ən dəhşətli hadisələrindən biridir.
 
Bir sözlə, məhz Rusiyanın müstəmləkəçilik iddiaları və Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, Azərbaycan ərazisinin beşdə biri işğal olunub. Bu işğala BMT Təhlükəsizlik Şurasının qətnamələrinə rəğmən, hələ də son qoyulmur.
 
Tovuz döyüşləri göstərib ki, bu gün də iki ölkə arasında hərbi toqquşmalar başlayarsa, Moskva Ermənistana strateji üstünlük qazandırmağa çalışacaq. Bütün bunlar əslində, Rusiyanın Azərbaycanı yenidən cəzalandırmaq cəhdidir. Niyə? Çünki Azərbaycan Avropaya Rusiyadan yan keçən qaz xətti çəkir. Çünki Azərbaycan qazı Avropaya Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələrindən keçən TANAP ilə TAP kəmərlərilə nəql olunacaq. Çünki bu kəmərlər İran və Rusiya ərazisindən keçmir. Demək, Avropada rus qazına təlabat azalacaq. Bu isə əlbəttə ki, Moskvanın xoşuna gəlmir. Demək, Moskvanın məhz bu layihənin işə düşməsini əngəlləməyə çalışdığı istisna deyil. Ola bilsin ki, o, Yerevanı bu məqsədlə müharibə başlamağa sövq edir.
 
Rusiyanın bu eqoizminin bütünlükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyə təhdid olduğu sirr deyil. Üstəlik, Rusiyadan Ermənistana tədarük edilən hərbi yüklərin bir qisminin Suriyaya göndərildiyi haqda da məlumatlar var. Demək, Ermənistan Suriyadakı vətəndaş müharibəsinə cəlb olunmuş növbəti ölkələrdən biridir.
 
Əhalisi təxminən 3 milyon nəfər olan Ermənistan bu gün geosiyasi nöqteyi-nəzərdən təcrid vəziyyətindədir. O, yalnız erməni diasporunun və ABŞ Konqresinin maliyyə yardımı hesabına yaşayır. Beləliklə, Ermənistanın xaricdən anormal dərəcədə asılı olması onun qarşısında ciddi çətinliklər yaradır. Son illər Ermənistanın xarici borcu 300%-dən çox artıb. İndi ölkənin xarici borcu ÜDM-in 50%-dən çoxdur. Xarici borcun real gəlirlərdən çox olması isə ölkənin defolt həddinə yaxınlaşmasından xəbər verir. Beynəlxalq maliyyə təsisatları bundan narahat olduqlarını dəfələrlə dilə gətiriblər. Ermənistanda isə deyirlər ki, guya ölkədə yoxsulluq səviyyəsi 32%-dir. Halbuki, reallıqda bu göstərici 60%-i aşır.
 
Etiraf etmək lazımdır ki, Ermənistanın bütün bədbəxtlikləri Azərbaycan ərazisinin 20%-ni işğal etməsilə başlayıb. O, faktiki olaraq tam geosiyasi və geoiqtisadi təcrid vəziyyətinə bu üzdən düşüb. Ermənistan kiçik ölkədir və onun ciddi bazarı yoxdur. Bu gün o, nə Qazaxıstan, nə Rusiya, nə Çin, nə də hətta indiki Ukrayna ilə rəqabət apara bilər. Xarici biznesin 3 milyon Ermənistan bazarı ilə əməkdaşlığa can atması inandırıcı deyil. Əgər məsələn, Ermənistanın bir neçə milyard kubmetr qazı və ya nefti olsaydı, hər şey fərqli ola bilərdi. Lakin Ermənistan nə Səudiyyə Ərəbistanıdır, nə də Azərbaycan. Üstəlik, Yerevanın qonşu dövlətlərlə münasibətlərində problemləri var. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasət yürütdüyünə görə Türkiyə də onunla sərhədlərini bağlayıb (Ermənistan da öz növbəsində, Azərbaycanın bir hissəsi olan Naxçıvan Muxtar Respublikasını blokadaya alıb). O, qonşularından yalnız İranla dostluq münasibətlərini qoruyub saxlayır. Lakin bu münasibət də çox suallar doğurur.
 
Azərbaycan hökumətinin məlumatına görə, Ermənistan Suriyaya hərbi qulluqçular da göndərir. Bundan başqa, o, Suriyanın “qara bazar”ından silah tədarük edir. Rusiya hərbçilərisə Suriyadakı əməliyyatları üçün Ermənistan ərazisindən istifadə edir. Başqa sözlə, Yerevan Moskvanın Əsəd rejimini qorumasına yardım göstərir. Əsəd rejimi isə İsrailin qatı düşməni olan Tehranla müttəfiqdir.
 
Azərbaycan mətbuatının məlumatına görə, bu günlərdə Rusiya Ermənistana 400 tondan çox hərbi yük göndərib. Daşımalar zamanı Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə olunub. Ermənistanla Azərbaycan arasındakı son döyüşlərdən sonra Moskvadan Yerevana 9 belə uçuşun həyata keçirildiyi deyilir. Bu uçuşlardan ikisi məhz iyul toqquşması zamanı, yəni iyulun 17-də baş tutub. Digər uçuşlar iyulun 18, 20, 27, 29-u və avqustun 4-ü olub. Avqustun 6-ı isə eyni istiqamətdə daha 2 uçuş həyata keçirilib. Yeri gəlmişkən, Azərbaycanın zəifləməsini arzulayan İranın öz hava məkanını bu uçuşlara açması da təəccüblü deyil.
 
Bu gün Azərbaycan güclü, müstəqil dövlət, geosiyasi və geoqiqtisadi baxımdan Cənubi Qafqazın lideridir. Bakının geoiqtisadi və nəqliyyat sahəsində həyata keçirdiyi layihələr regionda və onun hüdudlarından kənarda sülhün güclənməsinə töhfə verir. Azərbaycan bütün münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllini dəstəkləyir. Lakin Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməzsə, Bakının hərbi yola əl atmaqdan başqa çarəsi qalmayacaq. Yəni Azərbaycan ərazi bütövlüyünün bərpası və işğal altındakı torpaqlarının azad edilməsi üçün bütün vasitələrə əl atmalı olacaq.
 
Beynəlxalq ictimaiyyətin bəzi üzvləri İsrail-Fələstin münaqişəsində olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də ikili standartlardan çıxış edir. Bunun qarşılığında Bakı Yerevanın təcavüzkar addımları qarşısında Silahlı qüvvələrinin döyüş hazırlığını durmadan artırır. Hər halda, o, 28 ildir Ermənistanın işğalı altında olan ərazilərini geri qaytarmağa hazırlaşmalıdır.
 
Doğrudur, Azərbaycan qan töküləməsini istəmir. Amma münaqişənin həllində başqa yol qalmayacağı təqdirdə Azərbaycan Ordusu işğal altındakı əraziləri azad etməyə qadirdir. Yeri gəlmişkən, 2016-cı ilin aprelində Qarabağda baş vermiş döyüşlər əslində, status-kvonu Bakının xeyrinə dəyişib. Həmin əməliyyatlardan sonra beynəlxalq oyunçular – ABŞ, Rusiya və Avropa İttifaqının (Aİ) problemə diqqəti artıb. Onlar dərhal münaqişənin sülh yolu ilə həllinə çağırışlar etməyə başlayıblar. Bakı isə münaqişə bölgəsindəki status-kvonun qorunub saxlanmasına yol verməyəcəyini bildirir.
 
Region ölkələrinə gəlincə, Tehran Azərbaycanda mövcud olan dünyəvi demokratik rejimi heç zaman bəyənməyib. Bakı ölkədə dünyəvi düzəni qoruyur, Qərb ölkələrilə əlaqələri inkişaf etdirir. Tehran isə sülhə sadiq olduğunu desə də, qonşu ölkələrdəki birgəyaşayışa qarşıdır. Görünür, islam dini əlsində, İran üçün yalnız təbliğat vasitəsidir. Bu ölkə uzun müddətdir “zülmə məruz qalmış və hüquqlarından məhrum edilmiş müsəlmanlar”ın müdafiəçisi rolunda çıxış edir. Amma Ermənistan 28 ildir Azərbaycan ərazilərini işğal altında saxlayır. Nəticədə qeyd etdiymiz kimi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, Azərbaycan ərazilərinin 20%-i işğal olunub. Amma şiə ölkəsi olan Azərbaycanla 600 kilometr sərhədə malik İran Dağlıq Qarabağ münaqişəsində Bakıya açıq dəstək vermir.
 
Bəs dini həmrəylik harada qaldı? Nə üçün İranın dini lideri Ayətullah Xamenei ilə prezident Həsən Ruhani şiə ölkəsi olan Azərbaycanın ərazisinin 20%-ni işğal etmiş Ermənistanı qınamır? BMT Təhlükəsizlik Şurasının Ermənistandan işğala son qoymasını tələb etdiyi halda, Tehran bu tələblə niyə çıxış etmir?
 
Bu yerdə Böyük Britaniyanın eks-baş naziri lord Palmerstonun dahiyanə sözləri yada düşür: “Bizim nə daimi düşmənlərimiz var, nə də daimi dostlarımız. Bizim yalnız daimi maraqlarımız var”. Təəssüf ki, bugünkü beynəlxalq münasibətlərin sərt reallığı belədir, Azərbaycan da bunu anlamalı və dərk etməlidir.
 
Beləliklə, həm Tehran, həm də Moskva həqiqətə deyil, məhz Rusiyanın müttəfiqi olan Yerevana dəstək verir. Hər halda, Rusiya kimi fövqəldövlətə enerji sahəsindəki rəqabət üzündən Bakının düşməninə dəstək vermək qətiyyən yaraşmır. Bu gün Rusiyanın Ermənistana silah tədarükü “həyətdə böyük uşağın kiçik uşaqlara qarşı xuliqanlığı”na bənzəyir. Amma Rusiyanın oynadığı bu oyun çox təhlükəlidir. Yerevan Moskvanın onu növbəti dəfə də dəstəkləyəcəyini hiss edərsə, Azərbaycanla genişmiqyaslı müharibəyə gedə bilər. Pandemiyanın dünyanı darmadağın etdiyi bir vaxtda bu, həm ermənilərə, həm də azərbaycanlılara baha başa gələcək. Odur ki, Rusiyadan Ermənistana silah tədarükü dayandırılmalıdır. Çünki bu, müharibədən çəkinməyin daha vacib olduğu indiki dövrdə Qafqaz regionundakı sülh və təhlükəsizliyə ciddi təhdiddir.
 
 
Reyçl Abraham
 



Ana səhifəyə qayıt        Baxış: 3 178          Tarix: 16-09-2020, 13:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma