Xəbər lenti

 
 
"Slavyan qardaşlığı-2020" təlimləri çərçivəsində Rusiyanın Tu-160 bombardmançı təyyarələri Belarus-NATO ölkələri sərhədlərində manevrlər keçiriblər. Əsasən Belarusun şimal-qərb və cənub-qərb sərhədləri boyunca davam edən bu “xüsusi manevr”lərin adı da “gözoxşayan” olub: “Polşaya və Litvaya salam”. Tu-160 təyyarələrinin xarakterik özəlliklərinə və təyinatına nəzər salsaq, Polşaya və Litvaya göndərilən “salam”ın nə mənaya gəldiyini anlaya bilərik. 
 
Tarixi ekskurs
 
Soyuq savaş illərində Rusiya ilə ABŞ arasında müasir hərbi texnikaların istehsalı proqramlarına start verilmiş və hər iki tərəf xüsusilə yeni tipli hərbi təyyarələrin inkişafına diqqət ayırmışlar. Xüsusilə İkinci Dünya Savaşı sonlarında ABŞ-ın Yaponiyaya iki atom bombası atmasından sonra nüvədaşıyıcı təyyarə istehsalı hər iki hərbi qüvvənin qarşısında mühüm vəzifə kimi dayanmışdı. Səbəb aydın idi: Ağır çəkili atom bombalarını daşımaq üçün xüsusi təyyarələrə ehtiyac vardı. Bu təyyarələr həm də yüksək hündürlükdən və daha uzun məsafələrə uçmalı, həm də mümkün olduğu qədər iti sürətə malik olmalı idilər. Çünki həmin illərdə ağır çəkili atom bombalarının hədəfə daşınmasının başqa alternativi bilinmirdi. Zira ən uzaq məsafəli raketlər uzağı 50-60 km. mənzilə sahib idi və bu raketlərlə düşmən tərəfə göndəriləcək atom başlıqlı mərmilər öz qarşılarında partlaya bilərdi. Beləcə, radarların tuta və raketlərin vura bilməyəcəyi hündürlükdən uça bilən təyyarələrə sahib olmaq günün başlıca tələbinə çevrilmişdi


 
Rusiya ilə ABŞ arasında başlayan və SSRİ-nin dağılmasına qədər davam edən bu rəqabət sonunda Moskvanın qələbəsi ilə nəticələndi. ABŞ-ın “B-1B Lancer”-lərinə qarşı Rusiyanın yaratdığı “Tu-160” tipli təyyarəsi həm daha çox yükdaşıma, həm uzun məsafəyə uçma, həm də mürəkkəb manevrlər həyata keçirmə qabiliyyətinə sahib idi. Bütün bu üstünlüklər isə “Tu-160”-ların qanadlarında gizliydi. Havaya qalxarkən qabağa açılan qanadlar yüksək hündürlüyə çıxandan sonra yana əyilə bilir və təyyarəyə səsdən iti sürət qazandırırdı2050 km/saat.

 

“B-1 Lancer”-in özəllikləri
 
Mühərrik: 4x General Electric F101-GE-102 turbofan yanacaq,
İtələmə gücü: yanma ilə mühərrik başına 13607 Kg.
Qanad uzunluğu: 41.8 metr, 
Uzunluq: 44.5 metr,
Boy: 10.4 metr,
Çəki: 86.183 kiloqram,
Maksimum qalxma çəkisi: 216.634 kiloqram,
Yanacaq tutumu: 120,326 kiloqram,
Yük tutumu: 34.019 kiloqram,
Sürət: 1200 km/s.
Mənzili: Qitələrarası (Konkret rəqəm göstərilmir),
Hündürlüyə qalxış: 9.144 metr.
 


“Tu-160”-ın özəllikləri
 
Uzunluq: 54.1 metr,
Boy: 13.10 metr,
Qanad genişliyi: 35,60 metr,
Çəki: 275.000 kq,
Hündürlüyə qalxış: 14.700 metr,
Sürət: 2050 km/s.,
Mühərrik: 4 × Samara / Trud NK-321 turbofan,
Mühərrikin itələmə qüvvəsi: 137 kN,
Mənzili: 15.000 km.
 
Ukrayna böhranı ilə yenidən qızışan soyuq savaş
 
Göründüyü kimi bütün parametrlərinə görə “B-1 Lancer”-dən üstün olan Tu-160-lar 1987-ci ildə Rusiyanın hərbi arsenalına daxil edilmiş, SSRİ dağılanadək bu təyyarələrdən 16 ədəd istehsal olunmuşdu. Daha sonra SSRİ-nin dağılması ilə Tu-160-ların da istehsalı dayanmış, bir də 2016-cı ildə yenidən istehsalına start verilmişdi. Ukrayna böhranından (2014) sonra NATO-Rusiya arasında getdikcə gərginləşən münasibətlər fonunda Moskva 2016-cı ildə daha 30 ədəd Tu-160 təyyarəsi istehsal edəcəyini duyurmuşdu.
 
Bir sözlə, Tu-160-lar atom bombası daşıyan təyyarələrdir, Rusiyanın onlarla “Slavyan qardaşlığı-2020” çərçivəsində Polşaya və Litvaya “salam verməsi” həmin ölkələrə nüvə təhdidi deməkdir. Rus hərbçilərinin bu il Belarusda keçirilən “Slavyan qardaşlığı-2020” təlimlərinin sözügedən ölkəyə NATO hücumları olarsa, necə cavab verəcəklərinin nümayişi olduğunu açıq şəkildə bildirmələrini də bura  əlavə etsək, mənzərə tam aydınlaşır. Belə görünür ki, Rusiya Belarusun iki qərb qonşusuna arzuolunmaz sürprizlər yanaşarsa, Vilnüsün Hiroşimaya, Varşavanın isə Naqasakiyə çevrilə biləcəyini başa salmağa çalışır.


 
Niyə məhz Polşa və Litva?
 
Rusiyanın xüsusilə Polşa və Litvanı nüvə silahı ilə təhdid etməsi səbəbsiz deyil. Ümumiyyətlə pos-sovet məkanına Soros kapitallı “narıncı inqilabları” ixrac edən mərkəz rolunu Polşa oynayır. Üstəlik, Polşanın Belarusa qarşı ərazi iddiaları da var və açıq şəkildə Brest vilayətini özünün qəsb edilmiş torpağı sayır. “Slavyan qardaşlığı-2020” təlimlərinin məhz Brestdə keçirilməsi də əslində Varşavaya verilmiş göz dağıdır
 
Litvaya gəlincə, Belarusun şimal-qərbində yerləşən bu ölkə son prezident seçkilərində Lukaşenkonun müxaliflərinə ən çox dəstək verən tərəf kimi tanınırdı. Belarusdakı son “səssiz inqilab”a həm ideoloji, həm siyasi, həm də coğrafi-lojistik dəstək verən Litva hökuməti Aİ-da Minsk və Moskva əleyhinə ən fəal iş aparan tərəf kimi özünü göstərirdi və indi də bu mövqeyindən geri çəkilməyib. Bütün bunlar istər-istəməz Rusiya hərbi qüvvələrinin ona “salam verməsini” şərtləndirir.


 
Vilnüsün ayağı altına basdırılan “nüvə minası”
 
Moskvanın və Minskin xüsusilə Litvaya nüvə salamı verməsi təkcə Tu-160 təyyarələrinin onun sərhədləri ətrafında “hava atması”yla da məhdudlaşmır. Bəlkə də Tu-160-ların “salam”ından daha ciddi təhdid Putinlə Lukaşenkonun seçkilərdən sonra keçirdikləri görüşdə razılığa gəldiklər BelAES layihəsidir. İki ölkə rəhbərlərinin razılaşmasına əsasən, dəyəri 10 milyard dollar olan atom elektirik stansiyası Litvanın tam burnunun dibində tikilir. Bu isə Vilnüs tərəfindən ayağının altına basdırılmış nüvə minası kimi dərk olunur və kəskin reaksiya ilə qarşılanır. Məsələ həm də burasındadır ki, Litva Aİ-na üzv olarkən, Brüsselin tələbilə SSRİ dövründə inşa edilmiş öz atom elektrik stansiyasının fəaliyyətini dayandırmış, nüvə təhlükəsini nəzərə alaraq ənənəvi enerji mənbələrinə keçməyi qəbul etmişdi. Böyük borc altına girərək ABŞ-dan, Norveçdən almağı planlaşdırdığı LNG qazı terminalları inşa etməyə başlamışdı. İndisə qaçdığı təhlükəni tam da öz sərhədləri yaxınlığında Moskva onun üçün yenidən hazırlayır. Ən əsası isə Belarusun Ostrovest şəhərində inşa olunan BelAES Vilnüsə Minksdən daha yaxındır. Minksdən 134 km. aralıda inşa edilən bu atom elektirik stansiyası ilə Vilnüs arasında cəmi 23 km. ara var. 


 
Enerji rəqabətindən doğan hay-küyçülük, yoxsa real təhlükə?
 
Açıq şəkildə Litvanı nüvə hədəfinə alan bu AES ölkənin parlamentində də ciddi müzakirə olunur və litvalı deputatlar tərəfindən Aİ qarşısında qaldırılır. Ötən günlərdə Litva deputatlarının Avropa parlamentində yenidən bu məsələni müzakirəyə çıxararaq, müttəfiqlərini Rusiya və Minskə qarşı tədbirlər görməyə, ağır sanksiyalar tətbiq etməyə çağırmaları da bu mənada təsadüfi deyil. Rusiya və Belarus rəsmiləri isə Vilnüsün etirazlarına əhəmiyyət belə vermir, özlərinə yaxın “ekspertlər” tərəfindən bunu enerji rəqabətindən doğan hay-küyçülük kimi qiymətləndirirlər. Rusiyanın Atominfo Mərkəzinin direktoru Alexandr Uvarov da belə “düha”lardandır. O, Rusiyanın “İqtisadiyyat bu gün" ("Экономика сегодня") portalına dünən verdiyi açıqlamasında Vilnüsün indi hay-küy salmasına fikir verməməyi məsləhət görür. Ekspertin fikrincə, zaman gələcək, Litvanın özü də BelAES-dən enerji alacaq.
 
Uvarovun qənaətinə görə, əslində, Litvanın Belarusdakı atom stansiyasına "nifrət"inin səsəbi tamamilə başqadır: “Ölkə indi mayeləşdirilmiş təbii qazın qəbulu üzrə icarəyə götürülən üzən terminalın alınması üçün böyük borclara düşüb. Bu obyekt Litva hakimiyyətinin enerji strategiyasının bir hissəsidir. Vilnüs Rusiya, Amerika və Norveç LNG-nin alınması hesabına öz energetika siyasətini qurmağa və qonşularına da bu strategiyanı “sırımağa” çalışır. Yəni Baltikyanı ölkələrin hamısı, hətta Ukrayna da bu və ya digər şəkildə Litva terminalından istifadə etməli, bunun üçün pul ödəməli idilər. AB dotasiyalarının azaldılması şəraitində, bu, Litvada hər kəsin qəbul etdiyi ümumi fikir kimi görünürdü. Lakin BelAES layihəsi bu strategiyanı kökündən məhv edir. Belarusda çox böyük elektrik enerjisi potensialı yaranacaq ki, bu da LNG qazından daha ucuz başa gələcək”,-ekspert belə deyib.
 


BelAES - Avropada nüvə təhlükəsinin əsas mənbəyi
 
Məlumata əsasən, BelAES Rusiya-Belarus iqtisadiyyatının ən iri layihəsidir və onun tikintisinin baş podratçısı "Atomstroeksport"dur (Rosata daxildir). Stansiya 2400 MVt elektrik gücünə malik iki reaktorla işləyəcək. Rusiyanın qabaqcıl 3+ nəsil texnologiyaları əsasında həyata keçirilən bu layihə MAQATE-nin Təhlükəsizlik üzrə beynəlxalq norma və tövsiyələrinə də tam uyğundur. Hazırda birinci enerji blokunda reaktor qurğusunun işə salınmasına hazırlıq işləri gedir və bu blokda enerji istehsalına 2021-ci ilin birinci rübündə başlayacaq. 2 nömrəli enerji blokunun istismara verilməsi isə 2022-ci ilə planlaşdırılır. Stansiya Belarusu elektrik enerjisi çatışmazlığından tamamilə qurtarmaq və hətta profisit yaratmaq üçün nəzərdə tutulub. Prezident Aleksandr Lukaşenko öz hökumətinə meqavat-saatların ixracı məsələləri ilə bağlı göstəriş verib. Məhz bu arqumentlərə söykənən Belarus Energetika Nazirliyi Litvanın ittihamlarını yaxına buraxmaq istəmir.
 
“BelAES-in təhlükəsizlik məsələləri Litvanın müəyyən siyasi qüvvələri üçün daimi spekulyasiya predmeti olub və onlar öz maraqlarına uyğun olaraq, "xal qazanmağa” çalışırlar. Bunun üçün Belarusun Avropada nüvə təhlükəsi mənbəyi kimi obrazı formalaşdılır", - deyən Belarus Energetika Nazirliyi bildirir ki, “MAQATE stansiyanın tikintisinə bütün mərhələlərdə nəzarət edir və təhlükəsizlik iddiaları yoxdur”.
 
Nə gözəl. Atalar demişkən, “avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Adama deyərlər ki, ay mübarək insanlar, əgər “BelAES” həqiqətən də o qədər faydalı və təhlükəsizdirsə, niyə Minksin yaxınlığında və ya Rusiya sərhəddində yox, Vilnüsün 23 km.-liyində tikirsiniz?
 
Rusiyanın ABŞ-a ən “salamat” cavabı
 
Sözsüz ki, Minsk və Moskva bu suala cavab vermək niyyətində deyillər. Onların Tu-160 təyyarələri ilə Avropa İttifaqına daxil olan iki ölkəyə “nüvə salamı” verməsi də təhdidin açıq şəkildə dilə gətirilməsidir. Amma insaf da dinin yarısıdır. Moskvanın bu nüvə təhdidi əslində NATO qüvvələrinə cavab xarakterlidir. Belə ki, bundan əvvəl ABŞ-ın strateji “B-52” təyyarələri Ukrayna sərhədlərində və Qara dənizdə Rusiya sərhədləri boyunca uçuşlar həyata keçirmiş, bənzər manevrlər Baltik dənizi üzərində də müşahidə olunmuşdu. 


 
“B-52”-lər də eynilə “B-1B Lancer”-lər kimi nüvə daşıyıcı təyyarələrdir. Yükdaşıma gücü “B-1B Lancer”lərdən iki dəfə az olmasına baxmayaraq, “B-52”-lər daha uzun məsafələrə uça bilirlər. 1957-ci ildə 3 ədəd “B-52” təyyarəsi heç dayanmadan dünyanın ətrafında fırlanaraq rekord qırmış və 49 saat 19 dəqiqə sürən həmin uçuşlar zamanı cəmi 3 dəfə göydə yanacaq doldurmuşdu. Ondan bir il əvvəl isə Bikini Atolu (Marşall adaları) deyilən əraziyə ilk dəfə hidrogen bombası da məhz bu təyyarədən atılmışdı. Başqa sözlə desək, B-52 təyyarələri də  “B-1B Lancer”-dən geri qalmır. 
 
Həmin təyyarələrin Rusiya sərhədlərində “hava atması”, ən əsası isə onların Ukrayna hərbi bazalarında yerləşdirilməsi Moskva tərəfindən əndişə ilə qarşılanmış və bəzi rus generalları buna cavab olaraq öz “Tu-160”-larını ABŞ sərhədlərinə - Kuba və Venezuelaya göndərmək təklifi irəli sürmüşdülər. Görünür, Moskva hələlik ehtiyatı əldən vermək istəmədiyindən güc nümayişini öz sərhədlərinə yaxın ərazilərdə göstərməyi məsləhət bilib və ABŞ-dansa Litva və Polşaya “nüvə salamı” göndərməyi daha salamat olduğunu düşünüb. 
 
Aşıq Ələsgər demişkən: 

“Gülləylə öldürmə, dara çək məni;
 Dil deyir, güllədən dar salamatdır”.

Heydər Oğuz


Ana səhifəyə qayıt        Baxış: 6 418          Tarix: 25-09-2020, 07:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma