Xəbər lenti
 

Dağlıq Qarabağda Azərbaycan əsgərinin əzmi qarşısında ağır məğlubiyyətə uğrayan ermənilər ən çox güvəndikləri xarici havadarlarından da arzuladıqları dəstəyi ala bilmədilər. Rusiya prezidenti Vladimir Putinin “Azərbaycan öz ərazisində hərbi əməliyyat aparır və bizim bu işə qarşımaq öhdəliyimiz yoxdur” məzmunlu çıxışından sonra KTMT da bənzər bəyanatla çıxış etdi. Ən son MDB Baş Prokurorluqları Əlaqələndirmə Şurasının oxşar bəyanatı erməni ictimai rəyinin altını üstünə çevirdi. 
 
Ovqat.com erməni yazarı Nils Arutyunyantsın böyük xəyal qırıqlığı ilə qələmə aldığı “Gözlənilən xəyanət” sərlövhəli yazısını olduğu kimi təqdim edir.
 
Bütün bunlar Ermənistanı rəsmi olaraq müttəfiq adlandıran hər kəs tərəfindən xəyanətdən başqa bir şey deyil. Lakin biz buna hazır olmalı idik.
 
Biz müxtəlif səlahiyyətli insanların fərqli ifadələr səsləndirdiyi dövrə qədəm qoymuşuq və onlardan hər biri mütləq əbədi yaddaşa yazılmalıdır. Çünki erməni xalqının tarixində ən mühüm hadisələrdən biri baş verməkdədir. Biz təkcə Arsaxın itirilməsi ilə deyil, həm də real olaraq Türkiyə və Azərbaycan tərəfindən tamamilə məhv edilmək təhlükəsi ilə qarşı-qarşıyayıq.
 
Bütün bunların fonunda RF Baş prokuroru İqor Krasnov Dağlıq Qarabağda münaqişənin beynəlxalq hüquq normaları və BMT TŞ-nin qətnamələri çərçivəsində həll edilməli olduğunu bəyan edib. "Qəti əminəm ki, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll olunmalıdır",-deyə Krasnov MDB dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iclasında çıxışı zamanı bildirib. (Sanki Baş prokuror başqa cür deməliymiş-Ovqat.com)
 
Burada sual olunur – siz ölkənizdəki bütün problemləri həll etdiniz ki, bu mövzuda danışırsınız? Bəlkə Rusiya hüquqi dövlətə çevrilib? Bəlkə Vladimir Putin öz dostlarına insanları soymağa, rusların son qəpiklərini saydığı bir vaxtda milyardlar qazanmalarına imkan verən siyasətinə son qoyub? Bəlkə Boris Nemtsovun qatillərini tapıblar və ya Aleksey Navalnini zəhərləyənlər saxlanılıb?

 

Xeyr, buna bənzər bir şey yoxdur. Rusiya da BMT-nin və digər təşkilatların qərarlarını yerinə yetirmir. Bəs Rusiyanın baş prokuroru niyə sevimli burnunu öz işlərinə soxur? Onun Artsax münaqişəsi ilə nə əlaqəsi var? Axı o, Rusiya Xarici İşlər Nazirliyinin rəhbərlərindən biri də deyil! Ancaq oxşar danışıqların Putin tərəfindən edildiyini xatırladığınız zaman hər şey aydın olur.
 
Axmaq və həyasız bəyanatlar “festivalı” KTMT baş katibi Stanislav Zas tərəfindən davam etdirildi.  BVOKU-nun (Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi) bu məzunu, yəni bir Azərbaycan tərəfdarı olan şəxs bir sıra açıq sözlər söylədi. O, iddia eddi ki, guya Azərbaycan Ermənistan ərazisinə zərbələr endirməyəcək, çünki ona qarşı ərazi iddiaları yoxdur və ərazi bütövlüyünə qəsd etmir.


 
O, açıq-aydın sayıqlayır. Çünki Arsax elə Ermənistandır. Orada da, burada da ermənilər yaşayırlar (Belə çıxır ki, harda erməni yaşayırsa, ora Ermənistandır – Ovqat.com). On minlərlə adam Türkiyə-Azərbaycan təcavüzü nəticəsində artıq qaçqın düşüb. Lakin, Zas açıq-aşkar başa düşmədiyi mətləblərdən danışır. O, hətta Azərbaycan Prezidenti İlham Əliyevin Erevana və Ermənistanın digər yerlərinə iddia etdiyini belə “unudub”, yaxud bu barədə danışmağa ehtiyac duymur.
 
Bütün bu cəfəngiyatlar Rusiya tərəfindən udulmaq üzrə olan Belarus təmsilçisi tərəfindən də səsləndirilib. Amma belə "kiçik şey"lər Zasyanı narahat etmir. O, rəsmi Bakının nüfuzunu xilas edir, onun erməni xalqına qarşı təcavüzünə haqq qazandırır. Hansı ki, bu təcavüz Belarus silahlarından istifadə edilməklə həyata keçirilir. Bütün bunlara sadəcə bir adı var - qorxaqlıq. Hətta xəyanət. Biz bunların hamısını xatırlayacağıq.
 
Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səsləndirdiyi mövqeyini də xatırlayacağıq. "Dövlətlərin ərazi bütövlüyü prinsipi hazırda ön plana çıxır və prioritet əhəmiyyət kəsb edir. Mövcud münaqişələrin qiymətləndirilməsinə yanaşmaların işlənib hazırlanması zamanı biz BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrini rəhbər tutmalıyıq", - deyə Qazaxıstan Prezidenti bəyan edib.
 
 
 
Onu haradasa başa düşmək olar. Qazaxıstan nisbətən az sayda insanın yaşadığı böyük bir çöldür. Onlar bütün bu torpaqları itirməkdən qorxurlar. Üstəlik, Putinin bəyanatlarını və ümumiyyətlə, Rusiyanın bu ölkəyə planlarını xatırlayırlar. Aydındır ki, Tokayev hazırda fəal şəkildə Türkiyə ilə oynayır.
 
Lakin bütün bunlar rəsmi olaraq Ermənistanı öz müttəfiqi adlandıran heç kim tərəfindən satqınlığa əsas vermir. Amma biz buna hazır olmalı idik. Axı, elə həmin Qazaxıstan Nazarbayevin hakimiyyəti dövründə də Azərbaycanı fəal dəstəkləmişdi. KTMT 2016-cı ilin aprelində də Ermənistana köməyə gəlmədi. Biz bundan lazımi nəticə çıxarmamışıq. Amma indi çıxaracağıq. Deməli, həm də konkret addımlar atılacaqdır.


Ana səhifəyə qayıt        Baxış: 5 448          Tarix: 9-10-2020, 06:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma