Xəbər lenti


Heydər Oğuz
 

Dünyadakı havadarlarını rəsmi Bakıya minnətçi salaraq atəşkəs istəyən Ermənistan hakimiyyəti dezinformasiya siyasətindən də əl çəkmək istəmir. 
 
Tanınmamış “DQR” “prezidenti”nin mətbuat katibi Vaqram Poqosyan son atəşkəs razılaşmasından qısa müddət sonra “Sputnik -Armeniya”ya açıqlama verərək, guya Azərbaycan ordu hissələrini (hissələri, ha, hissəsini də yox) mühasirəyə aldıqlarını və rəsmi Bakının atəşkəsə əməl edəcəyi təqdirdə əsgərlərimizə bu mühasirədən çıxmaq üçün humanitar dəhliz yaradacağını bəyan edib. Bununla da guya atəşkəs qərarının qarşılıqlı ehtiyacdan yarandığı və hər iki tərəfin eyni anda bu təkliflə çıxış etdiyi qənaəti yaratmağa çalışıb.
 
Halbuki Azərbaycan ordusunun müasir hərbi texnikalarının zərbələri altında qarışqa kimi məhv olan  erməni silahlı qüvvələrinin nəinki hərbi hissələrimizi mühasirəyə almaq gücü qalmayıb, hətta cəbhədən aldığımız bir çox məlumatlara görə, düşmənlər səngərlərdə belə dayana bilmir, ya baş götürüb qaçır, ya da girdikləri “qarışqa yuvalarından” Elman Nəsirov demişkən, başını çölə çıxarmağa cəsarət etmirlər. Hətta indiyədək adı çəkilməyən bir sıra rayonların bizim əsgərlərin əlində olduğuna dair xəbərlər də var. Bir çoxlarının adını yəqin ki, sabah ən yüksək səviyyədə eşidəcəyik.


 
Bütün bunlara baxmayaraq, erməni rəsmilərinin son silah kimi dezinformasiyaya sarılması başadüşüləndir. Heç bir dövlət öz əhalisinə məğlub olduğunu açıq şəkildə deyə bilmir və müasir dövrümüzdə onun qarşısında belə bir tələb də qoyulmur. Nədən ki, konfliktologiya elmi qalıcı sülhlərin yalnız “qazan-qazan” prinsipinə söykəndiyini və uduzan tərəfə də özünə haqq qazandırmaq fürsəti verilməsini zəruri sayır. Nədən ki, tamamilə məğlub duruma düşən tərəfdə ictimai narazılıqlar baş qaldıra və məğlubiyyət sazişinə imza atan hakimiyyətlər sarsılaraq devrilə, nəticədə əldə edilən razılaşmalar pozula bilər. Məhz bu səbəbdən məğlub tərəfə özünün əsaslandırmaq üçün “ayaq yeri” verilir.
 
Hesab edirəm ki, erməni tərəfinin “ayaq yeri” də dilə gətirilən və heç bir əsası olmayan bu cür dezinformasiyalardır. Üstəlik, bu dezinformasiya rəsmi İrəvan tərəfindən yox, heç kimin, hətta Ermənistanın belə tanımadığı “DQR” tərəfindən dilə gətirilir. Başqa sözlə desək, hüquqi heç bir möhtəva daşımır. Nəzərə alsaq ki, konfliktin 30 ildən sonra bu biabırçı məğlubiyyətlə nəticələnməsindən ən çox zərər çəkən də elə qondarma “DQR”-dir, ona da hansısa yalanın quyruğundan yapışmağı və bununla təsəlli tapmağı çox görməməliyik.


 
Bizə lazım olan budur ki, erməni tərəfi Azərbaycanın şərtlərini qəbul etsin və üzüsulu şəkildə Dağlıq Qarabağı çıxsın. Necə ki, Prezident İlham Əliyev dəfələrlə səsləndirdiyi çıxışlarında bu şərtini çox açıq şəkildə dilə gətirmiş və ATƏT-in Minsk Qrupunun  Ermənistandan “əvvəl 5, sonra 2 rayoni tərk et, ən nəhayət, status məsələsinin müzakirəsi üçün masaya otur” tələbinin dərhal yerinə yetirməsini irəli sürmüşdü. Ermənistan tərəfinin bu gün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bəyanatlarına və Xarici İşlər nazirlərinin 10 oktyabr 2020-ci il tarixli Moskva qətnamələrinə əsasən atəşkəsə razılıq verməsi və dolayısıyla Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul etməsi (əks halda Azərbaycan atəşə getməzdi) İrəvanın “it kimi qovulmaq” taleyiylə razılaşmasına işarədir.
 
İrəvan üçün ən acınacaqlısı budur ki, Azərbaycan Müdafiə Nazirliyi ona saman çöpü kimi yapışdığı arqumenti belə çox gördü, yayılan informasiyanın “həqiqəti əks etdirmədiyini, cəbhədəki bütün üstünlüklərin bizdə olduğunu” vurğuladı. İlk baxışdan MN-nin bu addımı ermənilər üçün “xeyli insafsız” görünsə də, başadüşüləndir. İndiyədək Azərbaycanın humanizmindən qəddarcasına faydalanan düşmənə aman vermək olmaz.
 
Uzun sözün qısası, sabahdan etibarən Ermənistan ordusunun Dağlıq Qarabağdan və ətraf rayonlardan “öz xoşlarıyla” çıxması xəbərlərinə hazır olun.
 


Ana səhifəyə qayıt        Baxış: 5 977          Tarix: 18-10-2020, 03:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma