Xəbər lenti

 
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin bu gün Azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib və onunla Dağlıq Qarabağdakı hazırkı vəziyyət barədə söhbətləşib. Bundan bir gün əvvəl isə Rusiya prezidentinin Ermənistan Baş naziri Nikol Paşinyanla danışdığı xəbər verilir.
 
Rusiya Prezidentinin Mətbuat Xidməti tərəfindən yayılan bu məlumat hələ ki, Azərbaycan rəsmiləri tərəfindən təsdiqlənməyib. Yəqin ki, sabah bu barədə məlumat veriləcək. Bununla belə, bu telefon zənginin əsl səbəbi və liderlərin apardıqları fikir mübadiləsinin mahiyyəti barədə indidən bəzi mülahizələr yürütmək mümkündür.
 
Rusiya Prezidentinin İlham Əliyevdən bir gün əvvəl Paşinyanla danışması istər-istəməz Ermənistan Baş nazirinin 31 oktyabrda ona ünvanladığı məktubu yada salır. İndiyədək məktuba yalnız Rusiya XİN tərəfindən cavab verildiyi və bu cavabın Ermənistanda böyük xəyal qırıqlığı yaratdığı bilinirdi. İndi isə Kreml tərəfindən yayılan məlumat Putinin də məktubu aldıqdan bir gün sonra Paşinyanla danışdığını göstərir.
 
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Baş nazirinin müraciətinə verdiyi cavabda İrəvanın diqqətini iki dövlətin 1997-ci ildə imzaladığı  “Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"yə yönəltmiş və bu sənədə əsasən, yardımın yalnız silahlı hücum və ya bir-birinin ərazisinə qarşı təcavüz təhdidi olduğu təqdirdə verilə biləcəyini bildirmişdi. Nazirlik həmçinin Paşinyana xatırlatmışdı ki, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünə daxildir və Rusiya bu məsələyə müdaxilə edə bilməz.
 
Paşinyanın Rusiya Prezidentinə yazdığı məktuba XİN tərəfindən cavab verilməsi İrəvanda Kremlin etinasızlığı kimi qəbul olunmuş, hətta bu gedişlə Moskvanın vasitəçilik missiyasından imtina edəcəyi proqnozlaşdırılmışdı. Ermənistanın “Lragir” xəbər agentliyi hətta bu etinasızlığı Rusiyanın Türkiyədən qorxması kimi alqılamışdı.
 
Türkiyə Rusiyanın həyati maraqları zonasının sərhədlərini keçdi. Moskva, əlbəttə ki, bunu başa düşür, lakin hələ siyasi bir cavabı yoxdur və birbaşa Türkiyə ilə qarşılaşmaq istəmir. Ancaq Rusiya “tarazlığı” qorumağa çalışarkən, Türkiyə Rusiyanın dövlət sərhədlərinə çatır”,- deyə agentlik qeyd etmişdi.
 
“Lragir”in fikrincə, “Paşinyan Rusiyadan istədiyi "təcili məsləhətləşmələrin" hələ də baş tutacağına və fikir mübadiləsinin yekun nəticələrinə əsasən Rusiyanın "balanslı vasitəçi" statusundan Ermənistanın müttəfiqi statusuna keçib-keçməyəcəyinin bəlli olacağına inanır
 
“Rusiyanın buna hazır olub-olmayacağı “təcili məsləhətləşmələr” zamanı görünəcək. Ancaq vaxt tükənir, bu gedişlə Rusiya artıq etimadını qaytara bilməyəcək vəziyyətə düşəcək və daha çox itirmək riski ilə qarşılaşacaq”,- deyə agentlik vurğulayırdı.
 
Görünür, Putin də bu ehtimalın real olduğunu düşünərək, sonunda əvvəl Paşinyana, sonra isə İlham Əliyevə zəng edib. Azərbaycan Prezidentinin ona nə cavab verdiyi isə hələ də bəlli deyil. Amma İlham Əliyevin bu zamanadək Dağlıq Qarabağla bağlı mövqeyini nəzərə alsaq, yəqin ki, həmkarına yenə eyni mövqeyini bildirib. “Ermənistan öz ordusunu Azərbaycan ərazilərindən çəkməli, ondan sonra isə Dağlıq Qarabağın statusuna baxılmalıdır. Bölgənin statusu isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı, hər hansı referendumdan söhbət belə gedə bilməz. Biz sadəcə Azərbaycanı özünün dövləti hesab edən, onun bayrağı altından keçməyi özünə şərəf bilən ermənilərin Dağlıq Qarabağda azərbaycanlılarla birgə yaşayışlarına və təhlükəsizliklərinə zəmanət verə bilərik”, - təxminən bu məzmunda.
 
Bəs Azərbaycan liderinin verəcəyi bu cavab Ermənistan Baş naziri Nikol Paşinyanı qane edərmi və onun öz himayədarı kimi baxdığı Vladimir Putindən istədiyi nə idi?
 
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Nikol Paşinyanın 31 oktyabr tarixli məktubunda Rusiyanın İrəvana göstərə biləcəyi köməyi müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlamağı xahiş etmişdi. O, Rusiya ilə Ermənistanın 1997-ci ildə bağladığı “Rusiya ilə Ermənistan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"nin 2-ci maddəsinə istinad edərək, rus ordusunun erməni xalqını qorumasının vacibliyini vurğulamışdı. 
 
Maraqlıdır ki, bu, Paşinyanın ilk belə yalvarışı deyildi. Bundan əvvəl də o, dəfələrlə Moskvaya müraciət edərək dil töküb yalvarmışdı. Aldığı cavablar da eyni olmuşdu. Ən sonda Rusiyanın açıq şəkildə dəstək verməyəcəyini görən Paşinyan Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gətirilməsini istəmişdi. Onun sözlərinə görə, bu, hərbi münaqişənin ən "optimal həlli" ola bilər. Bununla belə, Paşinyan bu təklifinə alacağı cavabın yenə nədən ibarət olacağını əvvəlcədən proqnozlaşdırdığından özü də qeyd etmişdi ki, Rusiya sülhməramlılarının gətirilməsi qərarını bütün münaqişə tərəfləri təsdiqləməlidir. Halbuki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğundan bu qərar tamamilə rəsmi Bakının müstəsna hüququna aid məsələdir və İrəvan yalnız Rusiya sülhməramlarını öz sərhədlərini qorumağa çağıra bilər. Təbii ki, bu durumda Azərbaycanın eyni tələblə Türkiyəyə müraciət etmək hüququ doğur və Paşinyanın bu təxribatçı mövqeyinin nəticələri Moskvanın milli maraqlarına cavab vermir. Çünki Türkiyə qoşunlarının Azərbaycan-Ermənistan sərhədlərinə yerləşdirilməsi dolayısıyla NATO qüvvələrinin Cənubi Qafqazda aktiv fəaliyyətinə yol aça bilər. 
 
Türkiyə və NATO ilə qarşıdurmaya gedəcəyi təqdirdə isə Rusiya regionun böyük hissəsini itirər və heç bir strateji əhəmiyyəti olmayan Ermənistanda qalıb-qalmaması da sual altına düşər. Azərbaycan isə bu vəziyyətdə heç bir hərbi alyansa qoşulmama prinsipindən tədricən geri çəkilərək, öz təhlükəsizliyini qorumaq naminə NATO-nun çətiri altına girər. Nəticədə itirən yenə Rusiya olar.
 
Göründüyü kimi, Sorosun regionda layihəsini həyata keçirən Paşinyanın Dağlıq Qarabağ avantürasının əsas hədəfi əslində Azərbaycan yox, Rusiyadır. Moskvada da bu aydın dərk olunur. Odur ki, Putinin İlham Əliyevə telefon zəngi sadəcə simvolik məna daşıyır və Rusiya istəsə də, istəməsə də 30 il əvvəl Cənubi Qafqazın ayağına bağladığı Qarabağ buxovunu açmağa məhkumdur.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 046          Tarix: 3-11-2020, 03:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma