Xəbər lenti


Cumhuriyet, Türkiyə
14.01.2021


Müəllif: Cihangir Dumanlı (professor, istefada olan general)
Dəyərli alim Barış Doster “Cümhuriyyet” qəzetinin 14 noyabr tarixli sayında Dağlıq Qarabağ müharibəsindən siyasi baxımdan çıxarılmalı olan dərslərdən yazıb. Bu dəfə həmin müharibədən hərbi-strateji baxımdan çıxarılmalı olan dərslərdən bəhs ediləcək.
Qələbə sülh dövründə qazanılır
Dağlıq Qarabağ müharibəsindən çıxarılmalı olan ən vacib dərs budur. Azərbaycan bu müharibədə qələbəni 45 gündə qazanmayıb. Əslində, qələbə 30 il + 45 gündə qazanılıb. Anlaşılan odur ki, 30 il ərzində lazımi hərbi strategiya müəyyənləşdirilib, ona uyğun qüvvə toplanıb, hərbi hazırlıq prosesi gedib. Bütün bu işlər planlı və uğurlu şəkildə aparılıb.

Bu dövrdə Azərbaycan iqtisadiyyatının inkişafı ilə paralel, orduya ciddi maliyyə vəsaiti ayırıb. Ermənistanda illik hərbi büdcə cəmi 480 milyon dollar olubsa, Azərbaycanda bu 2 milyard dollar aşıb. Bundan başqa, Azərbaycan ordusunu Türkiyənin hərbi-texniki yardımları ilə də müasirləşdirib.
Komanda heyətinin rolu
“Bir ordunun qiyməti, zabit və komanda heyətinin dəyəri ilə ölçülür”.
Böyük sərkərdə Atatürkün müharibə təcrübəsinə əsaslanaraq dediyi bu sözlər Qarabağ savaşında bir daha sübut olunub. Azərbaycan Ordusunun qələbəsində ön cəbhədə vuruşan qəhrəman əsgərlərin rolu azaldıla bilməz! Amma ordunu hərbə hazırlayan, müharibəni planlaşdıran, idarə edən zabit və komanda heyətinin rolu da olduqca əhəmiyyətlidir.

Bizim 1912-ci ildə Balkanlardakı məğlubiyyətdən cəmi 3 il sonra, 1915-ci ildə elə həmin ordu ilə Çanaqqalada qələbə qazanmamız zabit heyətinin peşəkarlığının yüksəldilməsi sayəsində mümkün olmuşdu. İndi isə 27 il öncə Ermənistan ordusu ilə savaşda torpaqlarını itirmiş Azərbaycan son zəfəri əlbəttə ki, zabit heyətinin peşəkarlığı ilə izah olunmalıdır. Son müharibədə Azərbaycan Ordusunun müxtəlif səviyyəli komanda məntəqələrindəki zabit və generalların əksəriyyəti Türkiyə Silahlı Qüvvələrinin zabitləri tərəfindən hazırlanıb. İki ölkə arasındaki hərbi-texniki əməkdaşlıq müqaviləsi çərçivəsində Türkiyə zabitləri Azərbaycanın hərbi məktəb və akademiyalarında tədrislə məşğul olub, Türkiyə Silahlı Qüvvələrinin seçilmiş zabitləri onların müxtəlif komandanlıqlarda müşavirlik edib. Bəzi azərbaycalı zabitlər isə bizim hərbi məktəblərimizdə, akademiyalarımızda təlim keçib.

Milli maraqlar, ağıl və elm
İqtidar-ordu-xalq birliyi qələbə gətirir.
Məşhur strateq analitik Clauseviç “Hərb haqqında” (“On War”) adlı kitabında iqtidar-ordu-xalq birliyinin qələbəyə necə yol açmasından bəhs edir. Bizim Qurtuluş savaşımız da bu “üçbucaq” sayəsində qazanılıb. Son Qarabağ müharibəsində isə bu nəzəriyyənin doğruluğu bir daha sübut olunub. Bu savaş vaxtı Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin liderliyində Ordu ilə bütövləşmişdi. Zəfər bu cür əldə olunub.
Ermənistanda isə vəziyyət tam əksinə idi.
İran da doğru mövqedə idi.

Bu müharibədə İran dini və məzhəb bağları olan Azərbaycanı deyil, Ermənistanı dəstəkləyib. İranın “Güney Azərbaycan” adlanan bölgəsində əhəmiyyətli sayda azərbaycanlı əhali yaşayır. Odur ki, iranlı azərbaycanlıların “Şimali Azərbaycan” adlandırdıqları Azərbaycan Respublikasının bölgədə güclü, firavan dövlət olması bu insanlar üçün çox cazibəli görünə bilər. Məhz bu üzdən, Azərbaycanın güclənməsi İranın milli maraqlarına ziddir. Demək, Tehran bu savaş zamanı din və məzhəb yönümlü deyil, dövlət maraqlarından çıxış edərək, özü üçün doğru olan mövqedə dayanıb.
Buradan da çıxarılmalı olan dərslər var: xarici siyasətdə din, məzhəb, ideologiya, dövlət başçılarının şəxsi əlaqələri deyil, milli maraqlar əsas götürməlidir. Dövlət duyğularla deyil, ağılla, elmlə idarə olunmalıdır.

Özünü və düşmənini tanı
Son Qarabağ müharibəsində Ermənistan münaqişə bölgəsindən uzaqda yerləşən mülki hədəflərə belə, ballistik raketlər atıb, bununla da mülki insanıların ölümünə səbəb olub. Məlumdur ki, Ermənistan Rusiyadan 300 kilometr məsafədəki hədəfləri vura bilən “SCUD” raketləri, 500 kilometrdəki hədəflərə zərbə endirmək iqtidarında olan “İsgəndər” raketləri alıb. Onlar bu raketlərlə Bakı da daxil olmaqla, Azərbaycanın istənilən bölgəsini vura bilərdilər. Odur ki, Azərbaycan əməliyyat zonasının raketdən müdafiə sistemlərinə (“Patriot”, S-300/S-400) ehtiyacını müəyyənləşdirməli və təmin etməlidir. Lazım gələrsə, texniki və qanuni maneə yoxdursa, biz S-400 sistemimizi Azərbaycana vermək haqda da düşünməliyik.

Ermənistanın çıxarmalı olduğu dərs
Məşhur çinli yazıçı Sun Tzu “Müharibə sənəti” (“The Art Of War”) adlı əsərində yazır: “Özünüzü tanısanız, düşməninizi tanımasanız, müharibələrin yarısını uduzarsınız. Düşməninizi tanısanız, özünüzü tanımasanız, yenə müharibələrin yarısını uduzarsınız. Nə özünüzü, nə düşməninizi tanısanız, bütün müharibələri uduzarsınız. Həm özünüzü, həm də düşməninizi tanısanız, bütün müharibələrdə qalib gələrsiniz”.  
Paşinyan bu müharibəni həm Azərbaycanın, həm də Ermənistanın gücünü səhv qiymətləndirdiyi üçün uduzdu.

(Türk dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Cumhuriyet


Ana səhifəyə qayıt        Baxış: 4 712          Tarix: 14-01-2021, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma