Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
28-11-2024, 20:38
28-11-2024, 18:24
28-11-2024, 17:12
28-11-2024, 16:24
28-11-2024, 16:00
“Yeni Müsavat”ın reportyorları işğaldan azad edilən Qaladan yazırlar
30 il həsrətini çəkdiyimiz işğal altındakı torpaqlara qayıdırıq. 44 günlük Vətən Müharibəsinin davam etdiyi günlərdə, hər birimizin dilinin əzbəri Şuşa kəlməsi idi. Şuşa alınarsa, təşnə olduğumuz o böyük Qələbəyə çatacağımızı içimizdə yəqinləşdirmişdik.
Allahın lütfü, Müzəffər Ordumuzun qəhrəmanlığı, xalqın yumruq kimi birləşməsi o günü bizə nəsib etdi, o günü gördük!
Nağıl kimidir, amma bizlər artıq Şuşadayıq! Şuşa arzularımızın şəhəridir. Şuşa mədəniyyət beşiyimiz, keşməkeşli tariximizin üzərinə hopduğu Qalamızdır!
Uşaqdan-böyüyə illərlə hər birimiz bu müqəddəs şəhərin işğaldan azad edəcəyi xəbərini səbirsizliklə gözləmişik. 2020-ci il noyabrın 8-də arzumuz gerçəkləşdi - 28 il 6 aydan sonra Şuşa düşmən tapdağından təmizləndi, Qələbəmizin möhürü vuruldu.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup jurnalist Şuşaya səfərə yollandıq. Səhər tezdən yola çıxmışıq. Səfərimiz Horadizdən başladı. İstiqamət Şuşa şəhəridir. Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan Ordusu bu istiqamətdən hücum edərək düşməni qova-qova işğal etdiyi torpaqlardan çıxarıb.
Bizi Şuşa yolçuluğuna götürən avtobusda yerimi tutana qədər müqəddəs şəhərdə olmaq arzumun gerçəkləşəcəyinə inamım yox idi. Paytaxtdan Şuşaya o qədər də uzaq deyil. Qalanı Bakıdan 4-5 saatlıq yol ayırır, cəmi 400 kilometrlik yolu gedib, Şuşaya çatırsan.
Uçuq-sökük yollar, yolboyu ucu-bucağı olmayan səngərlər, ermənilər tərəfindən dağıdılmış evlər ürək parçalayır. Xarabalıqları qalmış evlərin içindən ağaclar boy verib, evlərdən kənar isə sanki bir toxum belə torpağın üstünə düşməyib, hər yan boz rəngdədir. Vaxtilə bu yerlərdə mövqe tutmuş düşmənə məxsus yanmış, darmadağın edilmiş zirehli texnikalar ətrafa səpələnib. Şuşaya yaxınlaşdıqca boz rənglər ağ qar örtüyünü altında qalıb. Sanki təbiət də bu yerlərdə yenilənməyə, yeni səhifədən davam etməyə qərar verib, bütün əyər-əskiklərin, ağrı-acıların üstünə ağappaq örtük çəkib.
Şuşaya doğru yollar buz bağladığından Tuğda nəqliyyatı dəyişməli oluruq, hərbi maşına daşınıb, yola davam edirik. Yol boyu işğalçı ermənilərin qaçarkən qoyub getdikləri donuzlar gözə dəyir, balaları yanlarında yem axtarışındadırlar. Özlərinə yeni sahib axtarırlar. Bu yerlərdə erməni donuzuna sahib çıxmaq istəyən isə yoxdur!
Tuğ kəndinin kənarı ilə Topxana meşəsinin içindən Şuşaya yeni yol çəkilib. Böyük Tağlarda, Çanaqçıda, Sığnaxda yolboyu elektrik dirəkləri quraşdırılır, “Azərişıq” əməkdaşları böyük səylə çalışırlar. Şaxtalı hava olmasına baxmayaraq, Şuşaya elektrik xətləri sürətlə çəkilməkdədir. Şuşanın 3 kilometrliyində yerləşən, tariximizin müdhiş səhifələrindən olan “Daşaltı əməliyyatı” ilə adı məşhurlaşan kəndə yetişirik.
Daşaltıda gördüklərimizi, bu kəndi ermənilərdən bir neçə saata alan qəhrəman hərbçilərimizlə söhbətləşmək imkanımız olur. Yol yoldaşlarımız arasında 1-ci Qarabağ müharibəsindən keçən, “Daşaltı əməliyyatı”ndan sağ çıxan qazilərimiz də var. Söhbətləşib, həmin günləri xatırlayırıq.
1992-ci il, yanvarın 25-də və 2020-ci ilin noyabr ayınının 5-də keçirilən Daşaltı əməliyyatları haqda növbəti reportajlarda bəhs edəcəyik.
***
Şuşaya qədər bir neçə komendant postu var. Şəhərin girişindəki postun 10-15 addımlığında Rusiya sülhməramlılarının postudur. Ruslar buradan keçən və Xankəndinə uzanan Laçın dəhlizinə nəzarət edir. Dəhlizdə hərəkət intensiv olmasa da var, ermənilər Xankəndinə və geriyə bu yolla gedib-gəlir. Dəhlizlə Şuşa yolu toqquşan hissələrdə təxminən 2 metr hündürlüyü olan dəmir löhvələrlə, bəzi yerlərdə dəmir məhəccərlə ayrılıb. Bir yerdə araya qapı qoyulub. Dəhliz olan hissə əsasən Şuşa yolundan aşağıdır. Ona görə də erməni maşınları Şuşanın lap ayağının altından gəlib keçir.
***
Bu səfərə qədər Şuşada heç vaxt olmamışdım. Amma ilk səfərimdə bu şəhər o qədər doğma gəldi, sanki illərim, həyatın burada keçib. Şəhərin müharibədən çıxdığına şahidlik edən nişanələr var hər addımda. Bəzi yerlərdə mərmi partlayışlarından evlərin damları dağılıb, divarları uçub, yanmış evlər də var. Güllələnmiş, başı üzülmüş heykəllər, minarələri dağıdılmış məscidlər erməni vandalizminin susqun şahidləridir.
Hələlik Şuşaya yerli azərbaycanlı sakinlər qayıtmayıb. Şəhərdə dağıntılar aradan qaldırılır, elektrik, su, qaz və s. kommunal məsələlər həll olunur. Şuşa işğaldan azad ediləndən dərhal sonra burada çörək sexi də fəaliyyətə başlayıb. Hazırda Qaladakı hərbçilərimizin gündəlik çörək təminatı yüksək səviyyədə qarşılanır. Məktəblərdən birində yerləşən hərbi hissə yeməkxanasında Şuşa çörəyindən dadmaq biz jurnalistlərə də qismət oldu.
***
İşğaldan salamat çıxan yeganə tarixi memarlıq abidəmiz - Yuxarı Gövhər ağa məscidinə getdim. Bu günü nəsib etdiyinə görə Allaha şükürlər etdim, Şuşanı, Qarabağı bizlərə qaytaran şəhidlərimizin ruhuna dualar oxudum. Şuşanın qayıdışını görmək, ömrümüz içində bu səadəti yaşamaq şükür ki, bizlərə nəsib oldu.
Məscidin sütunlarından biri zədəlidir, çox güman ki, bədnam və işğalçı qonşuların edib bu vandallığı. Bütün zədələr, yaralar sağalacaq, gec-tez Şuşa öz əzəmətinə qovuşacaq. O gün uzaqda deyil.
Bu gün Şuşa qala divarlarından əzəmətli Azərbaycan bayrağı asılıb, şəhərin tarixi mərkəzini əhatələyən divarların üstündə Türkiyə bayrağını görmək də xoşdur. Bizə 44 günlük Qarabağ savaşında qardaş deyib yanımızda duran, bütün zəruri dəstəyi verən Türkiyə buna layiqdir, Qalamız üzərində qardaş bayrağı dalğalanmalıdır.
Şuşa qalasının önündə “Xarı bülbül” simvolu qoyulub. Bu qeyri-adi, göz oxşayan gül Şuşanın milli simvoludur. Buludlardan yuxarıda qərarlaşmış Şuşa qədər gözəldir.
Bir qədər aralıda rifaha, xoş günlərə sinəsini açmış, “Xarı bülbülə” tamaşa edən Cıdır düzüdür. Xoş günlərdə bayram tonqallarının, at yarışlarının keçirildiyi bu meydanı qar örtüyünün içində görmək də insan bir ayrı zövq verir. Buradan Xankəndi ovuc içindəki kimi görünür. 2020-ci ilin noyabrında qəhrəman Azərbaycan hərbçiləri bu keçilməz dağları aşıb, bu dağlara dırmaşıb, buralarda möhkəmlənmiş erməniləri təşvişə salmışdı.
Şuşanı gəzdikcə, ermənilərin bəd əməllərinin nişanələrini gördükdə qarışıq hisslər yaradır – insan qəzəbdən boğulur az qalsın.
Ermənilər işğal dövründə Şuşanı özlərinin qondarma tarixlərinə calaq etmək üçün nələrə əl atmayıblar...
Adını dəyişdilər, özlərinin tarixi şəhərləri kimi təqdim edib dünyaya car çəkdilər. Unutdular ki, bu yerlərin bünövrəsini Qarabağ hökmdarı Pənahəli xan Cavanşir qoyub. Bu fakt bütün tarixi mənbələrdə təsbit olunub.
Məlumdur ki, şəhərin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub. İlk dövrlərdə şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə “Pənahabad” da adlandırıblar.
Şuşanın mədəniyyət mərkəzinə çevrilməsi də Pənahəli xanın adına bağlıdır. O, Şuşanın bünövrəsini qoyandan bura Ərdəbildən, Təbrizdən, Gəncədən, İrəvandan, Şərqin müxtəlif şəhərlərindən mütəfəkkirləri, şair-yazıçıları, sənətkarları dəvət edib. Beləcə Şuşa dahilər şəhərinə çevrilib.
Musiqimizin dahiləri Üzeyir bəy Hacıbəyov, Niyazi, Rəşid Behbudov, Fikrət Əmirov, Bülbül kimi dahi sənətkarları da xalqımıza Şuşa bəxş edib.
Bu baxımdan Şuşa haqlı olaraq “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırılır.
Qala şəhərdə 17 məhəllə olub: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı.
1992-ci il mayın 8-dən başlayaraq 30 ilə yaxın erməni işğalçıları şəhərdəki 600-ə yaxın tarixi memarlıq abidəsini, Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidlərini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib.
7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıblar. Şuşadakı nadir sənət inciləri ermənilər tərəfindən talanıb və məhv
edilib.
Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun xatirə muzeyindən 300-dən çox əşya, müğənni Bülbülün xatirə muzeyindən 400-dək əşya, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyindən 100-dən çox əşya qarət edilib.
Artıq işğala, 30 ilə yaxın sürən həsrətə son qoyulub. İndi Şuşa azaddır və bizləri gözləyir.
Bakı-Şuşa-Bakı
E.MƏMMƏDƏLİYEV
E.ƏKBƏROV
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar