Sabah Yaxın Şərq turuna İsrailə səfərlə başlayan ABŞ prezidenti Co Baydenin bu ölkə yetkililəri ilə müzakirələrdə əsas gündəm mövzusu İrana qarşı birgə hərəkətlərin genişləndirilməsi olacaq.
Ovqat.com-un məlumatına görə, bunu İsrailin baş naziri Yair Lapid mətbuata açıqlamasında deyib.
O, açıqlamasında ABŞ prezidenti Baydeni hələ səfərdən əvvəl Tehrana qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.
İrana qarşı sanksiyalar tətbiq etmək istəyən Lapid, nüvə proqramı çərçivəsində Tehranın məqsədlərinə "qətiyyətli" cavab verməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İran mövzusu İsrailin hazırkı Baş naziri Yair Lapidin “ən yaralı yeri”dir. İyulun 1-də hakimiyyətə gəldikdən sonra İsrail Nazirlər Kabinetinin ikinci iclasında çıxış edən Lapid ABŞ prezidentinin İsrailə səfəri çərçivəsində ilk növbədə İran məsələsinə diqqət ayıracağını bildirib. İsrail lideri noyabrın 1-nə təyin edilmiş seçkilərə qədər müvəqqəti hökumətin baş naziri və xarici işlər naziri vəzifəsini icra edəcək.
Beynəlxalq Atom Enerjisi Agentliyinin həftə sonu dərc etdiyi hesabata əsasən, İran uranın zənginləşdirilməsi imkanları ilə bağlı Vyanada yerləşən qurumu məlumatlandırıb. Bu məlumatı şərh edən Lapidin fikrincə, "İranın imzalanan müqavilələrə tamamilə zidd olaraq, inkişaf etmiş sentrifuqalarda uranı zənginləşdirdiyi ortaya çıxıb”. İsrailin baş naziri deyib ki, Tehrana qarşı sanksiya mexanizmi bütün gücü ilə işə salınmalıdır.
İsrail beynəlxalq güclərlə İran arasında nüvə sazişinin bərpasına qarşıdır. 2015-ci il razılaşmasına əsasən, Tehran nüvə proqramını dayandıracağı təqdirdə sanksiyalar yumşaldılmalı idi. 2018-ci ildə ABŞ birtərəfli qaydada sazişdən çıxıb və Donald Trampın prezidentliyi dövründə İrana qarşı sanksiyaları bərpa edib. Trampın qərarı İsraildə müsbət qarşılanıb. Hazırkı prezident Bayden isə sözügedən razılaşmaya qayıtmaq istədiyini açıqlayıb. Sazişin bərpası məqsədi ilə danışıqlar, o cümlədən ABŞ-la dolayı danışıqlar ötən ilin aprelində Vyanada başlayıb, lakin bu ilin mart ayından dalana dirənib.
İsrail yetkililəri Co Baydenlə görüş çərçivəsində İranın nüvə proqramı ilə yanaşı, Tehranın Hizbullaha dəstəyi məsələsini də gündəmə gətirməyi hədəfləyirlər. İsrail rəhbərliyi bir müddət əvvəl Hizbullahın pilotsuz uçuş aparatları ilə Aralıq dənizindəki neft platformasını hədəf aldığını açıqlamışdı. İsrail həmçinin iddia edir ki, İran agentləri İstanbulda bəzi İsrail vətəndaşlarına sui-qəsd təşkil etmək və ya qaçırmaq planı hazırlayıblar.
Co Baydenin Yaxın Şərqə səfərindən əvvəl İsrail Baş naziri regionun güclü dövlətləri ilə fikir alış-verişində bulunub. O, dünən Türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla da telefonla danışıb. Telefon danışığında Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edən Yair Lapid Ankaranın Fələstin məsələsi ilə bağlı həssasiyyətilə də maraqlanıb. Rəcəb Tayip Ərdoğanın ona Məscidül-Əqsada status-kvonun qorunub saxlanması kimi siyasətlərini davam etdirməsini məsləhət görüb.
Paylaş: