Xəbər lenti
27-11-2024, 19:25


Körfəz Əməkdaşlıq Şurası ölkələri dünən Misir, İordaniya və İraqın, eləcə də Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti Co Baydenin iştirakı ilə “Ciddə Təhlükəsizlik və İnkişaf Sammiti” keçirilib.

 

Ovqat.com-un məlumatına görə, sammitdən əvvəl ABŞ-ın yüksək çinli rəsmisi mövzu ilə əlaqədar açıqlamasında bildirmişdi ki, Bayden Ciddə toplantısında inteqrasiya olunmuş raket və müdafiə imkanlarını müzakirə edəcək.

 

Reuters” xəbər agentliyi isə Baydenin Yaxın Şərq və Şimali Afrikada ərzaq təhlükəsizliyi üçün 1 milyard dollarlıq yeni qısa və uzunmüddətli yardım elan edəcəyini bildirib.

 

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sullivanın iddiasına görə isə, Bayden sammitdə regionda təhlükəsizlik və sülhü gücləndirmək üçün ABŞ strategiyasını açıqlayacaq. Sullivan ABŞ prezidenti Co Baydenin sammitdə iştirakı zamanı əldə etmək istədiyi hədəflərin iki hissəyə bölündüyünü bildirib. Bunlardan birincisi, liderlərlə masa arxasında oturmaq, onların fikirlərini dinləmək və fikirlərini bildirmək fürsətindən yararlanmaq, ikincisi isə o, regional inteqrasiyaya nail olmaq yollarını əhatə edən addımları müzakirə etməkdir. Sullivanın onu da qeyd edib ki, zirvəyə qatılan ölkələr İraqın ərəb dünyasına inteqrasiyası, İran faylı və onun sabitliyi pozan fəaliyyətləri ilə üzləşmək kimi məsələləri də masaya yatıracaqlar.

 

Dünən baş tutan sammitin sonunda Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman zirvə toplantısında iştiraklarına görə ölkə rəhbərlərinə və nümayəndə heyətlərinin başçılarına təşəkkür edib. O, bildirib ki, Ciddə sammiti ölkələri bir-birinə bağlayan güclü əlaqələrin dərinliyini əks etdirir və onilliklər boyu davam edən sıx strateji əlaqələrin davamıdır. 

 

Məhəmməd bin Salman son vaxtlar dünyada yayılan yeni növ koronavirus epidemiyası və münaqişələr kimi böyük problemlərə də toxunub. Vəliəhd həmçinin toplantı iştirakçılarını qlobal iqtisadiyyatı xilas etmək, ərzaq və sağlamlıq təhlükəsizliyinin təminatı üçün daha çox birgə səylər göstərməyə çağırıb.

 

Vəliəhd şahzadə sammitin açılış nitqində hazırda dünyanın üzləşdiyi ekoloji problemləri, xüsusilə də iqlim dəyişikliyi ilə mübarizə səylərini də dilə gətirib. “Ümid edirik ki, sammitimiz strateji tərəfdaşlığı dərinləşdirmək üçün birgə əməkdaşlığın yeni dövrünü yaradacaq”, - deyə vəliəhd bildirib.

 

Səudiyyə Ərəbistanının neft hasilatını gündəlik 13 milyon barrelə yüksəltdiyini xatırladan vəliəhd əlavə artımın olmayacağını da vurğulayıb.

 

Məhəmməd bin Salman bəyan edib ki, Fələstin probleminin ədalətli və hərtərəfli həlli beynəlxalq hüquqa, Ərəb Sülh Təşəbbüsünün prinsip və qətnamələrinə uyğun olaraq həyata keçirilməlidir.

 

Vəliəhd öz bəyanatında İran məsələsinə də toxunaraq, bildirib: “Qonşu ölkə olaraq İranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığa və prinsiplərə sadiq qalmağa, region dövlətləri ilə əməkdaşlığın bir hissəsi olmağa, beynəlxalq hüquqa sayğı göstərməyə, eləcə də digər ölkələrin daxili işlərinə qarışmamağa dəvət edirik”.

 

Səudiyyə Ərəbistanı Krallığının bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək hədəflərindən danışan vəliəhd şahzadə Yəmən probleminin siyasi həllinə nail olmaq üçün bütün səyləri dəstəklədiyini, bu istiqamətdə bundan sonra əllərindən gələni əsirgəməyəcəklərini söyləyib. Onun fikrincə, rəsmi Riyad mövcud atəşkəsi möhkəmləndirməkdə və qardaş Yəmən xalqına humanitar yardım göstərməkdə” maraqlıdır.

 

İraqın təhlükəsizliyinə və sabitliyinə önəm verdiklərini deyən vəliəhd şahzadə İraq xalqının rifahına, ərəb və regional mühitlə müsbət qarşılıqlı əlaqəsinə təsir göstərəcək hər cür inkişafı dəstəklədiklərini bildirib. Məhəmməd bin Salman Səudiyyə Ərəbistanı, İraq və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri arasında elektrik enerjisinin qarşılıqlı əlaqəsi sazişinin imzalanmasının da önəmini vurğulayıb.

 




Ana səhifəyə qayıt        Baxış: 5 436          Tarix: 17-07-2022, 08:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma