“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Heydər Əliyev”.
Ovqat.com-un məlumatına görə, Heydər Əliyevdən bu sitatı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbov özünün Twitter hesabından paylaşıb.
Rza Talıbov bu twit dünən axşam saat 19.03 paylaşıb.
Nəzərə alsaq ki, iyul ayının 28-nin nə Azərbaycanın müstəqillik tarixinə, nə də mərhum Heydər Əliyevə dəxli var, Rza Talıbovun bu paylaşımı xeyli sual yaradır. Rza Talıbov niyə Azərbaycanın müstəqilliyindən bu qədər narahatdır və həmin paylaşımı ilə hansı mesajları vermək istəyir?
Fikrimizcə, twitin paylaşılma tarixi və saatı bu kimi suallara aydınlıq gətirir. Məlum olduğu kimi, dünənin ən mühüm hadisəsi Prezident İlham Əliyevin AMEA-nın faktiki ləğvi ilə bağlı imzaladığı fərman idi. Həmin fərman barədə ilk məlumatlar dünən saat 18 radiələrində media orqanları tərəfindən yayılmışdı. Rza Talıbovun sözügedən paylaşımı isə bundan cəmi 1 saat sonraya təsadüf edir.
Maraqlıdır ki, bundan əvvəl Ramiz Mehdiyevə qarşı hücumlar aktivləşəndə də Rza Talıbovun adından bəzi xəbərdarlıqlar yayınlanmışdı. Facebook üzərindən yayımlanan həmin statusda deyilirdi:
“Ölkəmizin qurucusu ulu öndərimizin davamçısı cənab prezident İlham Əliyevə yarınmaq üçün süfrəmizin artıgıyla böyüyənlər boşluqdan istifadə edib vəzifəyə gəliblər. Gələn kimi akademik R.Mehdiyev kimi layiqli şəxsiyyətləri ləkələməyə çalışırlar.
Başınız üçün deyil, ağıllı olun, kimliyindən aslı olmayaraq, hamınız cəzalanacaqsınız.
Bu sifarişli yazını yazdıranları da bilirik kimdirlər, etdiyiniz cinayəti cəzasız qoymayacağıq, qazdıgınız quyuya özünüzü salacağıq, bir az qazın dərin olsun, görəcəksiz”.
İki il bundan əvvəl paylaşılmış ilk statusun səhih olub-olmadığına şəxsən Rza Talıbovun özü tərəfindən heç bir aydınlıq gətirilməsə də, bəzi mətbuat orqanları paylaşımın saxta olacağı versiyasını irəli sürmüşdülər. Axar.az bu barədə yazırdı: “Qısa araşdırma zamanı bəlli oldu ki, girişinin Londondan olduğu xüsusi qeyd edilən bu profil saxtadır və Rza Talıbovun adına 9 saat öncə açılıb. Profildə cəmi 3 paylaşım var – ilk paylaşımdaca Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeni alması mərasimindən fotosu paylaşılıb və dərhal da akademikin müdafiəsinə giriş edilib”.
Bu qeyri-peşəkar “troll” bununla sosial şəbəkə istifadəçilərini aldatmağa cəhd edib.
Görünür, bəziləri bu yolla əks-təbliğata başlamaq qərarı verib və yaxınlarda bu cür manipulyasiyaların daha da artacağı istisna deyil”.
Axar.az-ın bu iddialarını hardasa doğru qəbul etmək olardı. Baxmayaraq ki, profilin həqiqətən də Rza Talıbova aid olmamasına ən doğru aydınlığı onun özü gətirə bilərdi və Rza müəllim bu barədə hələ ki, susqunluğunu qoruyur. Dünənki twitin isə Rza Talıbova aid olması ehtimalı daha yüksəkdir. Ən azı o səbəbdən ki, bu Tvitter səhifəsi də 2020-ci il oktyabr ayında açılıb və indiyədək 219 paylaşım edilib. Ölkənin xeyli tanınmış insanları da həmin paylaşımın altından xoş sözlər yazıblar.
Yeri gəlmişkən, bəzi media qurumlarının saxta hesab etdiyi ilk paylaşımın edildiyi facebook səhifəsi də 2020-ci ilin sentyabr ayında açılmışdı. Təxminən, onun Twitter səhifəsinin yaradıldığı günlərdə və ya ondan 1 ay əvvəl. Bu fakt digər paylaşımın da saxta olmayacağı qənaətini qüvvətləndirir.
Elədirsə, ortada yeganə sual qalır: Rza Talıbov AMEA-nın budanmasınımı müstəqilliyə qarşı qəsd kimi anlayır? Olmaya bununla Naxçıvanda milli-azadlıq hərəkatına başlayacaqlarınamı işarə edir? Üstəlik, həmin milli-azadlıq hərəkatı hansı xalqa aid olacaq? Naxçıvan MR sakinlərinə, yoxsa MR-də bizim bilmədiyimiz ayrı xalqlar da var?
Ümidvarıq ki, bu suallara ya Rza Talıbovun özü, ya da əlaqədar qurumlar aydın gətirəcək?
Ovqat.com
Paylaş: