Xəbər lenti


 III hissə 

 

(Əvvəli: 

I hissə, 

II hissə)


 

Məhərrəm əzadarlığından “şiə kimliyi”nə

 

İranın Azərbaycanda öz ideoloji-siyasi təsirini yaymaq üçün istifadə etdiyi alətlərdən biri də şiələrin üçüncü imamı Hüseyn ibn Əlinin adı ilə bağlı olan Kərbəla vaqiəsinin baş verdiyi Məhərrəm ayı mərasimləri, xüsusən Aşura günüdür. “Aşuranı diri saxlayın, belə olarsa ölkəmiz ziyan görməyəcəkdir”İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin bu vəsiyyəti onun siyasi varislərinin fəaliyyətində rəhbər tutulan prinsiplərdən biri olmuşdur. Orta Şərqdə “şiə hilalı” məhz bu kontekstdə formalaşdırılmış, analoji siyasətin Azərbaycanla bağlı da gerçəkləşdirilməsi hədəf olaraq götürülmüşdür.

 

Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra İran strateqləri məzhəb baxımından ölkə əhalisinin əksəriyyətini təşkil edən şiələr arasında Sovet hakimiyyətinin belə unutdura bilmədiyi İmam Hüseynə bağlılığı müşahidə etdilər və bunu öz məqsədləri üçün əlverişli zəmin kimi dəyərləndirdilər. Lakin Azərbaycanda qorunan bu ənənə sırf tarixi-mədəni xarakterli olması, o cümlədən məhərrəmlik mərasimlərinin ritual səciyyə daşıması ilə başqa yerlərdə olduğundan fərqli mahiyyətə malik idi. Son vaxtlar İran ideoloqlarının Azərbaycanda zəngin “Aşura ədəbiyyatının” mövcudluğundan öz təbliğatlarında “sübut” kimi istifadə etməyə çalışmasına rəğmən, bu, əslində həmin fərqi göstərən bir faktdır.

 

Bu yerdə Mirzə Bala Məmmədzadənin dəqiq müşahidəsini xatırlatmaq yerinə düşər: “Həzrət Hüseynin qətli iki ərəb sülaləsinin hakimiyyət savaşı nəticəsində baş vermişdir. Fəqət bir azərinin xəyalındakı Hüseyn bir ərəbin xəyalındakı Hüseyn deyildir. Tarixi Hüseyn ilə ictimai Hüseyn arasında heç bir münasibət yoxdur. Hüseyn, yaxud Əli tarixi şəxsiyyət olmaqdan tamamilə çıxmış, Azərbaycan mühitində əfsanəvi şəxsiyyətlərə bürünmüş, “məchul əsgər” kimi ictimai bir timsal olmuşdur”.

 

İmam Hüseynin bu tipli obrazı və məhərrəmlik ayinlərinin sırf mədəni səciyyəsi təbii ki, Azərbaycanda İransayağı siyasi islamın bərqərar olmasını və şiə ideologiyasının ictimai-siyasi strukturda yer tutmasını hədəfləyən İranın məqsədlərinə uyğun deyildi, odur ki, çeşidli təbliğat kanalları və metodları ilə mövcud təsəvvürün transformasiyası, son nəticədə ölkədə şiə kimliyinin aparıcı mövqeyə çıxması yönündə fəaliyyət göstərməyə başladı. Amma bu fəaliyyət bir tərəfdən Azərbaycanın dünyəvi dövlət quruluşunun “müqaviməti”, digər tərəfdən də İranın Qarabağ münaqişəsi gedişində Ermənistanla əməkdaşlığının mənfi təsirləri ilə məhdudlaşırdı.

 

Təsadüfi deyil ki, İkinci Qarabağ Müharibəsindən sonra İran dini-ictimai xadimləri və bu ölkənin əlaltısı olan qruplar torpaqların azad edilməsini “qüdrətli hüseynçilər” ilə əlaqələndirmək təbliğatına başlamış və bir növ vaxtilə itirdiklərini eyni amildən istifadə yolu ilə bərpa etmək xəttini tutmuşlar.

 

Builki Məhərrəm ayında “İmam Hüseyn bayraqları” mövzusu üzərində xüsusi təkid edilməsi də şiə kimliyinin qabardılması və təbliği niyyətindən qaynaqlanır, əslində şiə kimliyini rəmzi sayılan “Hüseynin pərçəmimilli kimliyin simvolu olan dövlət bayrağına qarşı qoyulur. Binə kəndində reallaşdırılmasına cəhd olunan və sonda uğursuzluğa düçar olan “Seyyidə Şəhla” layihəsi də bu yöndən qiymətləndirilməlidir. Londonda Azərbaycan səfirliyinə məlum basqın, ən müxtəlif şərhlərə rəğmən, həmin layihənin bilavasitə nəticəsidir, yəni onun məsuliyyəti həm də İranın və irançı qrupların üzərindədir.

 

Avqustun 17-də Tehranda keçirilən və Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş tədbirdə sabiq diplomat və ekspert Seyid Rza Mirməhəmmədi dedi: “İranın Azərbaycandakı başlıca mənafeyi istənilən aspektdən yanaşdıqda, bu ölkədə şiə kimliyinin bərpasındadır. Bizim bütün siyasi, təhlükəsizlik, iqtisadi və s. maraqlarımız bu məsələyə bağlıdır. Əgər bu baş verərsə, heç nə Azərbaycanda İranın qarşısını ala bilməz”

 

İranın Azərbaycana yönəlik ideoloji həmlələrinin və ümumi strategiyasının mahiyyətini yəqin ki, bundan aydın ifadə etmək mümkün deyildir.

 

CƏNUBİ QAFQAZ TƏDQİQATLAR MƏRKƏZİ






Ana səhifəyə qayıt        Baxış: 6 619          Tarix: 22-08-2022, 07:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma