Müslim ibn Əqil ibn Əbu Talib İmam Hüseynin (ə) əmisi oğlu və Kufədə şəhid olan ilk silahdaşıdır. Müslim ibn Əqil İmam Hüseyn (ə) Kufəyə getməmişdən əvvəl İmamın nümayəndəsi kimi Kufəyə getmiş və vəzifəsi oranın vəziyyətini müşahidə etmək, kufəlilərin sözlərində israrlı və sadiq olmaları barədə İmam Hüseynə (ə) məlumat vermək idi. Müslim ibn Əqil şəhid olmadan 27 gün əvvəl İmam Hüseynə (ə) məlumat göndərmiş və hesabatında kufəlilərin hazır olduqlarını bildirmişdi. Ubeydullah ibn Ziyadın Kufə başçısı kimi təyin edilməsindən sonra kufəlilər ondan qorxu və dəhşətə qapılmış, Müslim ibn Əqlin yanından ayrılaraq, onu tək qoymuşdular. Ən sonunda - hicrətin 60-cı ilində Ərəfə günü şəhid edilmişdir.
Müslim ibn Əqilin doğum tarixi tam olaraq bilinmir, ancaq şəhid edildikdə yaşının 28 olduğu və hicrətin 60-cı ilində Kufədə reallaşdığı dəqiqdir. İmam Əlinin (ə) qardaşı olan atası Əqil bin Əbu Talib nəsil və soy köklərini tanımaq sahəsində mütəxəssis və ərəb natiqi idi.
Anası Əqil bin Əbu Talib tərəfindən Şamda satın alınan Aliyə adlı bir kölədir.
Əhli-sünnə alimlərindən İbn Habban belə yazır: "Müslim ibn Əqil ibn Əbu Talib Haşiminin ləqəbi Əbu Davuddur və Əbdülmüttəlibin oğulları arasında Həzrət Peyğəmbərə (s) ən çox bənzəyən adamdır. O, Həzrət Peyğəmbərin (s) səhabələrindən bəzilərini görmüşdür. "
Müslim ibn Əqilin qəbiri-şərifi Kufə Məscidinin yanındadır.
Gəlin, Müslim ibn Əqili yaxından tanıyaq.
Bəni-Haşimin ləyaqətli cavanları arasında Əqilin oğlu Müslim parlaq simalardan və mübariz şəxsiyyətlərdən sayılırdı.
Onun atası Əqil Həzrət Əlinin qardaşı və Əbu-Talibin ikinci oğlu idi. Əbu-Talibin dörd oğlu vardı: Talib, Əqil, Cəfər və Əli. Müslim Əqilin, Hüseyn (ə) isə Əlinin (ə) oğlu idi. Müslim Həzrət Əlinin (ə) qardaşı oğlu və imam Hüseynin (ə) əmisi oğlu idi. Müslimin böyüyüb boya-başa çatdığı ev elm, fəzilət və şərəf evi idi. Müslimin dini və insani şəxsiyyəti bu evdə formalaşmışdı. Məhz bu evdə onun tərbiyəsi, mənəvi təkamülü və qəhrəmanlığı üçün münbit şərait yaranmışdı. O, uşaqlıq dövründən başlayaraq, Bəni-Haşim gəncləri, xüsusi ilə imam Həsən (ə) və imam Hüseynlə (ə) bir yerdə olmuşdu. O, əxlaqi kamillikləri, vilayət əsaslarını, qəhrəmanlıq dərslərini, isar və şücaəti çox yaxşı əxz etmişdi.
Müslimin əcdadları Əbu-Talib və Fatimə binti Əsəd kimi insanlar idi. Onlar öz övladlarına şücaət, iman və qəhrəmanlıq miras qoymuşdular. Müslim bu nəsil ağacının çox bəhrəli bir budağı idi. Vərasət, genetik əsaslara görə o öz babalarından üstün xasiyyətlər götürmüşdü. Həzrət Peyğəmbər (s) hicrətin səkkizinci ili Məkkənin fəthində buyurmuşdur: "Əgər bütün insanlar Əbu-Talib nəslindən olsaydılar, hamısı şücaətli olardı."
Müslim Həzrət Əlinin (ə) dövründə rəşadətli və pak bir cavan idi. O, Həzrətin (ə) kürəkəni olmaq iftixarını qazanmış, onun qızı Rüqəyyə ilə izdivac etmişdi. Bu izdivac Müslimin fəzilətlərini bir qədər də artırmış, onu haqqa və həzrətin (ə) xəlifəlik dövründə ilahi hökumətə daha dərin bağlılığa sövq etmişdi.
Tarixçilərin bildirdiyinə görə Həzrət Əlinin (ə) hakimiyyəti dövründə (hicri 36-40) o, qoşunda müxtəlif hərbi vəzifələrə təyin olunmuşdu. Eləcə də, Sifeyyn döyüşündə həzrət Əmirəl-möminin öz qoşununu nizamlayarkən imam Həsən (ə), imam Hüseyn (ə), Əbdüllah ibn Cəfər və Müslim ibn Əqili sağ cinahda, Məhəmməd ibn Hənəfiyyə, Məhəmməd ibn Əbu-Bəkr və Haşim ibn Ütbəni sol cinahda, Əbdüllah ibn Abbas, Abbas ibn Rəbiə və Malik ibn Əştəri qoşunun ürəyində, mərkəzində yerləşdirmişdi.
MÜSLİMİN MƏZLUMANƏ QƏRİBLİYİ
Müslim üçün inqilabın vətəni olmuş Kufə artıq qürbətə çevrilmişdi. Müslim isə bu vətəndə qərib idi. Gecələmək üçün bir yer axtaran Müslim küçələrdə qərib tək gəzir, haraya gedəcəyini bilmirdi. O, bəni-büeyla məhəlləsində tək-tənha dolanırdı. Məhəllədə bütün qapılar bağlı idi və hər kəs öz əmin-amanlığı haqqında düşünürdü. Küçə qapısında dayanmış Tuəb adlı qadın oğlunun yolunu gözləyirdi. Bu qadın Müslimin tərəfdarı olan şiələrdən olsa da, onu tanımadı. Müslim ona yaxınlaşıb salam verdi və su istədi. Qadın su gətirdi. Müslim suyu içdi, qabı qaytardı. Qadın qabı evə qoyub, geri dönəndə onun hələ də qapıda dayandığını gördü. "Suyu içdin, indi dur get", dedi. Müslim susdu. Qadın təkrar dedi: "Dedim ki, dur evinə get. Sənin burada dayanmağın mənim üçün yaxşı deyil." Müslim cavab verdi: "Mənim bu şəhərdə nə evim, nə də bir kimsəm var." Qadın onun kimliyini, haradan olduğunu soruşdu. Müslim özünü təqdim edib dedi: "Mən Müslim ibn Əqiləm. Əgər mənə yaxşılıq etsən, bəlkə də, bir gün əvəzini çıxdım." Qadın Müslimi tanıyıb, onu evə apardı və böyük ehtiram göstərdi.
Bu fədakar qadın Kufənin vəfasız və qorxaq kişilərinə şücaət dərsi verir. O, Hüseyn (ə) məktəbinə və yoluna öz borcunu qaytarır, imamın səfirinə ehtiram göstərməklə vəzifəsinə əməl edir. O, Müslimə heç nəyi əsirgəmir. Müsliminsə xəyalından bambaşqa şeylər ötüşür. Bir tərəfdən şəhər əhlinin vəfasızlığı, digər tərəfdən Hüseynə (ə) yazılmış məktubun çatıb-çatmaması onu narahat edir. Axı o, imama yazmışdı ki, şərait münasibdir və özünü tezliklə Kufəyə çatdırsın. Həm də Müslim öz şəhadətini labüd görür və sabahkı hadisələr haqqında düşünür.
Ovqat.com maide.az-a istinadən bildirir ki, Müslim süfrəyə əl uzatmır və gecəni dua, ibadətlə keçirir. Yalnız sübhə yaxın gözünə bir qədər yuxu gedir və Əmirəl-möminini (ə) yuxuda görür. Bu şəhadət və Əlinin (ə) qonağı olmaq yuxusudur.[26] Bu anlar Müslim üçün çox dəyərlidir. Bu gecə qədr gecəsi, son gecədir. O, indicə həbs olunacağını gözləyir.
Tuəbin oğlu isə anasının əksinə olaraq, İbn Ziyadın tərəfdarıdır. O, gecə evə gəlib, baş verən hadisələrdən heyrətlənir. Nəhayət, anlayır ki, evlərinin qonağı Müslim ibn Əqildir. O sevinir ki, Müslimi şəhər valisinə təhvil verib, hədiyyə alacaq. Anasına bu barədə susacağına söz versə də, sübh tezdən Übeydullah ibn Ziyada xəbər çatdırır. Bu həmin gecə Kufədə və məsciddə baş verən hadisələrdən sonra baş tutdu. Həmin gecə Kufədə ciddi axtarışlar gedirdi. Şəhərə giriş-çıxış tam nəzarət altına alınmışdı. Həbs olunanlar vardı. Übeydullah əmin idi ki, Müslimin ətrafında kimsə qalmamış, qiyam mərkəzi dağıdılmışdır. İbn Ziyadın göstərişi ilə hamı məscidə toplanır. Vali odlu-alovlu danışaraq camaatı qoxudur, həm də şirin vədlər verir. Onun danışığından qəzəb yağır. Ən çox Müslimə sığınacaq verənləri hədələyir və onun yerini bildirəcək şəxsə qiymətli hədiyyə vəd edir. Şəhərin asayişinə cavabdeh olan Həsin ibn Nəmirə göstəriş verir ki, şəhərdə ciddi şəkildə axtarış aparılsın və Müslimin həbsi üçün müvafiq tədbirlər görülsün. Sonra minbərdən düşüb, qəsrinə gedir. Səhəri gün ibn Ziyad ümumi görüşlər keçirir. O, Məhəmməd ibn Əşəsi yanında oturdub, haqqında təriflər deyir. Tuəbin oğlu Məhəmməd ibn Əşəsin oğluna məlumat verir. O da bu xəbəri atasına çatdırır. İbn Ziyad əhvalatdan xəbər tutduqdan sonra Məhəmməd ibn Əşəsə Müslimin həbsi göstərişini verir.
Amma Müslimin həbs olunması o qədər də asan iş deyildi. Ona görə də İbn Ziyad Qeys qəbiləsindən 60-70 silahlı ayırıb, Məhəmməd ibn Əşəsin tabeçiliyinə verir və Müslimin həbs olunmasını əmr edir.
QIRMIZI ÖLÜM
Müslimin qətlə yetirilməsini Bəkr ibn Həmran Əhməriyə tapşırdılar. Bu şəxs savaş zamanı Müslimin qılıncı ilə yaralanmışdı. Ona əmr olundu ki, Müslimi qəsrin damına qaldırıb boynunu vursun və bədənini yerə atsın. Müslimi imarətin damına qaldırdılar. O, dodaqlarında Allahı zikr edir, təkbir deyir, Allaha həmd oxuyur, Peyğəmbər və mələklərə salam göndərirdi: "Pərvərdigara, özün bizimlə bu hiyləgərlər arasında hökm et!"
Qəsrin ətrafında toplanmış böyük bir cəmiyyət bu hökmün icrasını gözləyirdi. Müslim əzəmətli dağ kimi əmin halda, böyük bir ürəklə xəyanət qəsrinin yüksəkliyində dayanmışdı. Onun nəzərləri minlərlə şəhidin keçibgetdiyi pak və qanlı yola dikilmişdi. Onlar öz canlarını Allah yolunda hədiyyə etmişdilər.
Şəhadət və merac məqamında Müslimin əzəməti heyranedici idi. Zalımlar qolları bağlı qəhrəman əsiri təhqiramiz şəkildə öldürmək üçün qəsrin damına qaldırsalar da, haqq yolda şərəfli ölüm yalnız bəsirətlilərin görə biləcəyi bir böyüklük idi. Müslimi üzü ayaqqabı bazarına oturtdular. Qılınc zərbəsi ilə başını bədənindən ayırdılar. Bu azad və şücaətli şəhidin bədənini damdan yerə atdılar. Bu səhnələrə şahid olan izdiham səs-küy qaldırdı.
MÜSLİM İBN ƏQİLİN ÖVLADLARI
Əvvəldə qeyd etmişdik ki, Müslimin övladlarından bir neçəsi Aşura hadisəsində iştirak edib, şəhadətə yetişdilər. Onun bu əsirlər karvanında olan digər iki kiçik oğlu Übeydullah ibn Ziyadın göstərişi ilə zindana salındı. Onları zindanda çox incidirdilər. Bir il zindanda qaldıqdan sonra zindanın Əhli-beyt (ə) aşiqi olan bir işçisi onları xəlvəti şəkildə qaçırdı.
Müslimin övladları bir qoca qadına pənah gətirdilər. Qadının İbn Ziyad tərəfdarı olan kürəkəni həmin vaxt İbn Ziyaddan hədiyyə almaq üçün qaçmış uşaqları axtarırdı. Gecələmək üçün qadının evinə gələn şəxs evdə iki uşaq olduğunu gördü. Uşaqların kimliyini bildikdən sonra amansızcasına onların qollarını bağlayıb, qulamı və öz oğlu ilə birlikdə Fərat çayı kənarına gətirdi. Kişinin niyyətini anlayan qulam və oğlan Fərata atılıb, bu cinayətdə iştirakdan qaça bildilər. İki məsum körpə daş ürəkli kişinin əlində qaldı. Uşaqlar dörd rükət namaz qılıb, Allahla raz-niyaz etdilər və dedilər: "Pərvərdigara, özün onunla bizim aramızda hökm çıxar." Cəllad xislətli kişi hər iki uşağın boynunu vurub, bədənlərini Fərata atdı və kəsili başları götürüb, İbn Ziyadın görüşünə getdi. Bəli, dünya və var-dövlət hərisliyi insanların gözünü bağladıqda onlar bir dirhəm üçün istənilən vəhşi rəftara yol verirlər.
Allahın, mələklərin, pakların salamı olsun Müslim ibn Əqilin uca ruhuna! O, vəfa və comərdlik şərtlərini yerinə yetirdi, canını öz sevgili rəhbəri Seyyidüş-şühədaya (ə) fəda etdi. Salam olsun bu yolu davam etdirən bütün insanlara. Bu yol həqiqət və azadlıq yoludur!
Paylaş: