
Müəllif: Əlabbas Bağırov
Yazıçı
Bu gün işıqlı xatirəsi və əməlləri ilə yaşayan unudulmaz Arif Rəhimoğlunun anım günüdür. Bir neçə ay əvvəl ötən günlərimizi balaca bir yazıya sığışdırmışdım.
Gəzərgi Vətən
Mən onları ilk dəfə görəndə dörd nəfər idilər: Kamran, Vəli, Arif, Muxtar.
İllərdən 1973-cü il, aylardan sentyabr idi, indiki BDU-nun tələbə yataqxanasının ikinci mərtəbəsi, otaq isə 221. Bu, ona görə dəqiq yadımdadı ki, 220-də də tələbə dostlarımla mən qalırdım və ovaxtkı yanaşma ilə bu, qapıbir qonşu olmaq demək idi. Aramızdakı vur-tut bircə divar mənimçün o vaxt kənddəki bağ-bağatımızı qonşu həyətlərdən ayıran çəpər yerində idi və bəxtimdən yataqxanada qaldığım beş il müddətində həmin divar heç vaxt beton səddə çevrilmədi, o biri üzdə o dörd nəfərdən birinin ona ehmalca toxunuşu bəs idi ki, hüzuri-şəriflərində dərhal hazır olum. Düz 77-yə, yəni onlar universitetlə haqq-hesablarını məndən bir il əvvəl çürüdənə qədər 221-in bizim otağa düşən işığı bir zərrə də azalmadı; Kamrangil mənə, kənddən təzəcə gəlmiş 16 yaşlı uşağa sentyabrın ilk günündən balaca qardaşları kimi baxıb, sonacan da əhdə vəfa qıldılar. O sirli məkana ayaq qoymazdan xeyli əvvəl, dəmir dabanımı ağır Bakı səfəri (o illər ali məktəbə qəbul olmaq cənnətin qapısını aralamaq kimi bir şey idi) üçün bərkidəndə eşitmişdim ki, yataqxana kasıb, şəhərdə kimi-kimsənəsi olmayan kənd uşaqları üçündür. Bunu həm də özümdən qiyas götürürdüm, amma oranın ən əxlaqlı, saf, savadlı və istedadlı tələbələrin oylağı olduğunu da çox az zaman içində hiss eləyə bildim. Gümanım məni yanıltmadı. Yağ suyun üzünə çıxan kimi həqiqət də özünü çox tez göstərdi. Yataqxana mühiti, fərqli yaşam tərzi müstəqilliyə alışmaq yolunda böyük bir məktəb oldu mənimçün. Üstəlik o dostları ki, orda tapmışdım, zamanla cümlə məmləkətin sayılıb-seçilən isimlərinə çevrildilər. Artıq böyük əksəriyyət onları familiyaları ilə tanımağa başladı. Daha heç biri “yataqxana uşağı” deyildi onların: Kamran Əliyev, Asif Kərimov, Əsgər Rəsulov, Akif Azalp, Arif Rəhimov, Vəli Nəbiyev, Muxtar İmanov, Arif Əmrahoğlu, Sabir Bəşirov, Nizami Cəfərov, Məmmədəli Qıpçaq, Səməd Məlikzadə, Mais Muradov, Vaqif Əjdəroğlu, Yəhya Paşayev və digər neçə-neçə tanınmış söz-sənət adamı. Əsla şübhə etmirəm ki, qarşıda səksənlərin sonunda başlanan ictimai-siyasi proseslər, istiqlaliyyət, müstəqillik və Qarabağ uğrunda iztirab dolu mücadilə illəri olmasaydı, həyat həmin dostların, o cümlədən də 221-in sözügedən sakinlərinin peşə statusunu azı iyirmi il əvvəldən müəyyən etmiş olardı.
Bununla belə, nəhayətdə bir otağın dörd sakinindən ikisinin akademik, ikisinin isə, köhnə təfsirlə, elmlər namizədi olmağı, etiraf edək ki, çox heyrətamiz faktdı! Söhbətimin bu yerində geri, 1975-ci ilə qayıdası olacam: ikinci kursun sonunda, ixtisas seçimi başlananda (o vaxtlar tələbələrin istəyi ilə dil, tənqid və ədəbiyyatşünaslıq deyə bir bölgü aparılırdı) Arif (Rəhimov) israrla tələb elədi ki, dilçilərin qrupuna yazılım. Yazılım, yazılım da, nə deyirəm ki? Etiraz etmək heç ağlımın ucundan da keçmədi, çünki Arif özü də “dilçi” idi, bizə, dilə meyl salanlara, sözün yaxşı mənasında, böyükçəlik edər, kurs işlərimizi həvəslə gözdən keçirər, artıq-əskiyini, kəm-kəsirini özü düzəldərdi. Həm də döşə döymək kimi çıxmasın, belə başa düşdüm ki, Arif məndə nə sezibsə, dilçi olmağımı istəyir. İstər-istəməz bu, qəribə bir məmnuniyyət hissi yaratdı məndə. İndi bilmirəm, o zaman tələbələrin əksəriyyəti ədəbiyyata üz tutanlar idi. Dili çoxları sevməz, bəzən ona riyaziyyat kimi baxardılar. Sonda filoloq olacaqlarını bilə-bilə nə çox idi, “cıq//cük”dən zəhləm gedir, deyənlər?!
Deməyəsən, mən düşündüyümdən də arif imiş Arif: çox keçmədi məsləhəti bəhrəsini verdi, az sonra, III kursun əvvəllərində heç unutmadığım rəhmətlik professorlar Fərhad Zeynalov və Tofiq Hacıyevin xeyir-duası ilə “Türkologiya” dərnəyinin sədri təyin olundum. Asta və rəvan danışığına adət etdiyim Arif o gün mənə xatirimdən çıxmayan bir söz dedi: “Bilirsənmi, bu nə deməkdi?” Günahkar halda üzünə baxdım: “Nə deyim, vallah?!” “O deməkdi ki, aspiranturanın qapısı üzünə açıqdır” Xəbərdən o qədər sevindim ki, əlimdə əlacım olsaydı, təyyarə tutub Naxçıvana dədəmin üstə qaçar, durma gəl, deyərdim, Allah yox yerdən qapı açıb üzümüzə. Niyə deyirəm bu sözü? Atam başdan-binadan elm aşiqi idi, bilsəydi ki, iş nə yerdədi, qanad açıb uçar və düz də elərdi.
O zaman institut müəllimi olmaq (hələ universiteti bir yana qoyuram) raykom katibi olmaq qədərində hörmətli və sanballı bir iş idi. Amma bircə qəfil qərarla hər şeyi özüm alt-üst elədim. Atam biləndə ki, yazıçılıq eşqinə düşmüşəm, çox bikeflədi, pərişan oldu, hayıf, dedi, namərd oğlu, namərd, heç nədən arzumu ürəyimdə qoydun! Abzas bitməmiş onu da deyim: Arif kimi dostu Naxçıvanda, çırağını üfürdüyüm dədəmi kənddə, Tofiq kimi müəllimi isə Bakıda yarıtmayan oğulun qırx ildən sonrakı etirafı ona oxşayır ki, qaymağı dağıdasan, yeri qala! Ayrı adı yoxdu bunun.
Aspirantura fikrindən vaz keçdiyimi görən Arif – onda aspirant idi artıq – görüşlərimizin birində, sonunu düz fikirləşmirsən, dedi, yenə ol da yazıçı, sənə mane olan var ki?! Yaxşı potensialın vardı sənin. – İkisindən biri yaxşıdı, – dedim günahkar tərzdə, – bədii yazının ayrı ləzzəti var, heç doymursan! – Allah xeyir versin! – dedi və bir daha o söhbətə qayıtmadıq.
“Gözmuncuğu” povestimi oxuyandan sonra Tofiq Hacıyev də (o söhbətimizdə onu da bildim ki, Tofiq müəllim gəncliyində həm də bədii yaradıcılıqla məşğul imiş, adını indi unutduğum povest də yazıbmış hətta) təəssüfünü özünəməxsus qımışıqla bu cür ifadə elədi: “Sənin simanda yaxşı bir dilçini itirdik”. Amma böyüklük eləyib bir neçə il sonra “Yazıçı”nın xüsusi buraxılışı üçün “Mən Əlabbasın dilini sevmişəm” adlı yığcam bir esse yazdı və bu işin mabədini öz dəyərli yetirməsi olan, çağımızım məşhur dil bilgini Nazim bəy Muradova əmanət edib də haqqa qovuşdu.
Söz Muradovdan düşmüşkən, Arifin qəmli və xırıltılı son səs yazısını da mənə Türkiyədən o göndərmişdi. Bəzən istedadı, xarakteri və insaniyyəti hədsiz dərəcədə oxşar şəxslərin əvvəldən bir-birini tanımasına, sonradan axtarıb tapmasına, yaxud həyatın hansısa dolanbacında yollarının kəsişməsinə təəccüb qalmaya bilmirsən. Deyim ki, burda da Tanrının bir hikməti olmamış deyil! Bu retrospektiv gəzişmənin yenidən qırx beş il əvvəlinə dönürəm. Onda Ariflə Naxçıvanın müxtəlif kənd məktəblərində dil-ədəbiyyat müəllimi idik. Hər həftə olmasa da, ara-sıra görüşər, dərdləşər, fikir bölüşərdik. O günlərin birində Arifin “Vayxır sözünün izi ilə” rəy-ehtimalının “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görməsi onu tanıyanların hər birini, müsbət mənada, silkələmişdi. Bu, o zaman hər orta məktəb müəlliminin imza ata biləcəyi uğur deyildi. Üstəlik, bir ucu dilimizin altun qatına gedib çıxan vahid kəlmənin etimoloji tədqiqatının Arifə muxtar respublikanın elmi-ədəbi çevrəsində necə nüfuz qazandırdığı yaxşı xatirimdədi. Qələm öz işini görmüşdü, indi ona tam ayrı gözlə baxır, fikrini öyrənir, məsləhətini alırdılar. Düzü, o çap əhvalatı məni də bərk həvəsə saldı. Universitet illərindən yazıb “Türkologiya” dərnəyində gen-bol müzakirə etdiyimiz və əlyazmasını günü bu gün də arxivimdə əziz-əziz saxladığım “Palto sözü haqda” araşdırmamı gün üzünə çıxartmağın əsl zamanı gəldiyini düşündüm. Maraqlıdır ki, o istək günü bu gün də qüvvədədir, amma o illərdəkindən fərqli olaraq indi yalnız palto mövsümü gələndən-gələnə içimdə cövlan eləyir. Bəlkə də, daha çox ona görə ki, o sözün türk kökənli olduğuna zərrəcə şübhəm yoxdur. O tədqiqat sevdası və araşdırma metodu mənə Arifdən yadigar qalmışdı. Həm də bir ayrı nəşəsi vardı o “dil səyahətlərinin” – deməyim budur.
Hayıf ki, ömrümüzün növbəti onilliyi hər şeyi sovub-sovurdu, elm məbədini özünə əbədi sığınacaq seçənləri belə siyasət aləmi bir ovsunlu, qorxunc kaha kimi öz kamına çəkdi. Hələ o vaxt yazmışdım ki, ictimai-siyasi proseslər böyük bir yaradıcılıq ordusunu məhv elədi. Ordan kiminsə geri dönməsini isə cəbhədən sağ qayıdan əsgərlə müqayisə eləmişdim. Arif qayıtmayanlardan oldu! Sonra da mühacirət illəri! Azərbaycandan ziyalıların içi Arif qarışıq başlanan böyük köçü, beyin axını! Onlar nəzərimdə üç qismə bölünüb: ömrü-günü əbədi siyasətə bağlananlar, apardığı mübarizəni pis-yaxşı özünün həyat fəlsəfəsi sanıb gözləyənlər və mühacirətdən dönməyən barışmazlar. Sonuncuların hər biri mənimçün həm də gəzərgi Vətən oldu. Çünki dünyanın istənilən nöqtəsində kim bu dildə danışırsa, ora Azərbaycandır! Azərbaycan bu dil bitən yerdə bitir! Arif bu dilin azalan ərazisidir!
08.05.2022
P.S. Bu gün mərhum alim Arif Rəhimoğlunun anadan olmasının 67-ci ildönümüdür.
Paylaş: