“Özbəkistan tez-tez işıqların kəsilməsinə səbəb olan enerji infrastrukturunun modernləşdirilməsində Azərbaycanın köməyinə bel bağlayıb”.
Ovqat.com xəbər verir ki, post sovet məkanında gedən siyasi proseslərin təhlili ilə tanınmış “Eurasianet” nəşrinin Özbəkistanla Azərbaycan arasında bağlanmış “Energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi”ni və digər sazişləri şərh edən məqaləsində belə bildirilib.
Nəşrin iddiasına gorə, bu sazişlər hər iki ölkəyə Rusiyadan uzaqlaşmağa kömək edəcək: “Bir müddətdir ki, Rusiyanın Ukraynadakı müharibəsi Mərkəzi Asiya dövlətlərini və Azərbaycanı daha sıx tərəfdaşlıq əlaqələri qurmağa sövq edir, çünki Moskvanın orbitində olan ölkələr beynəlxalq aləmdən təcrid olunmuş keçmiş müstəmləkə sahibindən yan keçərək yeni ticarət yolları axtarırlar. İndi Özbəkistan və Azərbaycanın enerji sektoru əməkdaşlığını genişləndirmək üçün əlamətdar sazişin imzalaması xəbəri daha sıx inteqrasiyaya olan həvəsin daha da gücləndiyini təsdiqləyir.
Avqustun 29-da ölkələrin Energetika nazirlikləri 2023-cü ilin sonuna qədər hədəflərini və planlarını əks etdirən yol xəritəsi imzaladılar. Özbəkistan Energetika Nazirliyinin bəyanatında deyilir ki, onlar neft-qaz, neft-kimya və bərpa olunan enerji sektorlarında birgə layihələr həyata keçirəcəklər. Sözügedən ölkələr enerji layihələrinə, o cümlədən elektrik enerjisi və təbii qaz sektorlarına investisiya cəlb etmək üçün birlikdə işləyəcək və istilik elektrik stansiyalarının tikintisi üzrə təcrübələrini bölüşəcəklər”.
Müəllifin fikrincə, Özbəkistan və Azərbaycan bundan əlavə, enerji bazarlarının liberallaşdırılması və özəlləşdirmə ilə bağlı məlumatları da birləşdirəcəklər: “Bu, Daşkənd üçün başqa bir prioritetdir, çünki o, investisiyaları cəlb etmək və bu sektorun səmərəliliyini artırmaq üçün indiyədək dövlətin dominantlığı altında olan sənayeyə nəzarəti zəiflətməyə çalışır. Özbəkistanın “Uzbekneftegaz” şirkəti və Azərbaycanın milli enerji şirkəti SOCAR bu sazişlərlə karbohidrogenlərin kəşfiyyatı, hasilatı və yaşıl enerji sahəsində birgə layihələri nəzərdən keçirərək, daha güclü tərəfdaşlığa başlayacaqlar.
Özbəkistanın energetika naziri vəzifəsini icra edən Əzim Əhmədhadjayev bu barədə deyib: “Özbəkistan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq uzun müddətdir ki, gündəmimizin ilk sırasındadır. Hazırda neft-qaz şirkəti olan SOCAR ilə tərəfdaşlığımıza və bu gün imzalanmış sənədlərə əsasən, xüsusən də bərpa olunan enerji, bacarıq mübadiləsi və enerjidən səmərəli istifadə sahələrindəki əlaqələrimiz uğurla qurulur, genişlənir və bu resurslar hər iki ölkənin iqtisadi inkişafının xeyrinədir”.
Onun bu sözləri Özbəkistanın Energetika Nazirliyində fəaliyyət göstərən London mərkəzli PR firması “Thoburns” tərəfindən jurnalistlərə göndərilən press-relizdə sitat gətirilib və yazılı açıqlamada daha bir maraqlı detal da var. Yol xəritəsində “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq” da nəzərdə tutulub.
Press-relizdə əlavə təfərrüat verməyib, lakin açıq şəkildə 2020-ci il müharibəsi zamanı Ermənistandan geri alınan ərazilərdə birgə fəaliyyətdən bəhs edilir. Bu, Daşkəndin son zamanlar Azərbaycanın və onun müttəfiqi Türkiyənin ciddi şəkildə dəstəklədiyi, lakin ermənilərin şübhələrinə səbəb olan Qafqazda böyük infrastruktur layihəsinin gündəmə gəlməsindən sonra baş verir. Bu, Ermənistanın Sünik (Zəngəzur) vilayətində sovet dövründə tikilmiş köhnə dəmir yolları ilə keçəcək “Zəngəzur dəhlizi”dir.
Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov ötən ay Özbəkistan və Türkiyə arasında yeni dialoq formatının ilk iclasında deyib: “Özbəkistan və Azərbaycan Asiyadan Avropaya ən qısa quru yolu təmin edə biləcək Zəngəzur dəhlizinin bərpasında maraqlıdır”.
Rusiyanın Ukraynaya təcavüzü Qərb ölkələrini türk dünyası ilə daha sıx əlaqələr qurmağa sövq edir və “Zəngəzur dəhlizi” Mərkəzi Asiya və Qafqaza öz arxa bağçası kimi baxan Kreml üçün arzuolunmaz haldır və Ukraynadakı müharibənin yan təsiridir”, - məqalədə bildirilir.
Ovqat.com
Paylaş: