Ermənistanın baş naziri Nikol Paşinyan Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda deyib ki, Rusiyanın dəstəyilə Türkiyə ilə münasibətləri yoluna qoymaq istəyirik. Maraqlıdır ki,Nikol Paşinyan bu ilin iyul ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogana zəng edib,hər iki ölkənin xüsusi nümayəndələri 4 dəfə görüşüb, ancaq Ermənistanın baş naziri bu prosesin davamı üçün Rusiyadan kömək istəyir.
Ortaya sual çıxır: Paşinyan niyə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq üçün Rusiyaya müraciət edir?
Politoloq Kamal Əliyev Ovqat.com-a açıqlamasında deyib ki, bunun əsas səbəbi Paşinyanın sülh müqaviləsini imzalamaq üçün nə siyasi iradəsinin, nə də istəyinin olmasıdır: “Məncə,Paşinyan bu dəqiqə özünün də dediyi kimi, Rusiyanın Ukraynada başının qarışdıgını görür və sanki prosesin yekunlaşmasını gözləyir. Eyni zamanda, Paşinyan 2020-ci il 10 noyabr razılaşmasından irəli gələn öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Bu,tipik erməni hiyləgərliyidir. Üstəlik,Paşinyanın əsas məqsədi bir müddət hakimiyyətdə qalmaqdır.
Türkiyəyə gəldikdə, Paşinyan bilir ki, Türkiyə ilə münasibətlərin normallaşmasında təkcə onun iqtidarı yox, həm də Qərb maraqlıdır. Sizin də dediyiniz kimi, xüsusi nümayəndələr 4 dəfə görüşüb, Paşinyan özü Ərdogana zəng vurub. İndi bu adam Putinin önündə deyir ki, Türkiyə ilə münasibətlərin yaxşılaşmasına Rusiya vasitəçilik etsin. Şübhəsiz ki, bu, Paşinyanın növbəti ikili oyunudur. Bu adam konkret qərar verə bilmir və Qərblə Rusiya arasında manevr edir. Məqsədi də odur ki, sülh müqaviləsinin imzalanmasını uzatsın".
Kamal Əliyev onu da vurguladı ki, Əliyev, Paşinyan və Şarl Mişel arasında keçirilən son Brüssel görüşündə sülh müqaviləsinin bəndlərinin hazırlanması iki ölkənin xarici işlər nazirlərinin yaxın tarixdə görüşməsi haqqında razılıq əldə olunmasına baxmayaraq, danışıqlar mürəkkəb keçib: "Mənim qənaətim budur ki, son Brüssel görüşündə Paşinyan özünü çox mürəkkəb aparıb və konkret mövzulardan yayınıb. Hətta Paşinyan Vladivostokda birdaha utanmadan dedi ki, regional marşrut xəttlərinin keçdiyi ərazilərdə həmin dövlətlərin suverenliyi təmin olunmalıdır. Əgər Paşinyan tutaq ki, Zəngəzur koridorunun üzərində öz suverenliyi məsələsində israr edirsə, o zaman Azərbaycan tərəfi də hətta Ermənistan və Qarabağ arasında olan yeni dəhliz üzərində də suveren haqqlarını tələb etməlidir. Yəni biz ermənilərə yeni dəhliz üzərində hər hansı eksteritoriallıq hüququ verməməliyik. Ən azından yeni koridor üzərində də rus sülhməramlıları ilə birlikdə öz postlarımızı qurmalıyıq", - deyə Kamal Əliyev bildirdi.
Ayşəm Əlili
Paylaş: