
"Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün parlamentəkı çıxışından belə başa düşdüm ki, o, hazırkı situasiyada çıxılmaz vəziyyətdədir və belə demək mümkünsə, Azərbaycanın təklif etdiyi 5 prinsipin bazasında yekun sülh müqaviləsini imzalamaga məcburdur. Paşinyanın dediyi kimi, ola bilsin ki, onun başına nəsə gəlsin, lakin o, qərarı imzalamalıdır və başqa çarəsi yoxdur".
Bu fikirləri politoloq Kamal Əliyev Ovqat.com-a açıqlamasında deyib.
Həmsöhbətimizin fikirincə, Ermənistanın indiki 29.800 kvadrat kilometr ərazisini qoruyub saxlaması, bütövlükdə erməni dövlətçiliyinin mühafizəsi Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, ərazi bütövlüyümüzün tanınmasından, sərhədlərin müəyyən edilməsindən asılıdır: “Hesab edirəm ki, hər böhranın yaratdığı faydalar da var. 90-cı illərin sonunda da keçmiş erməni prezident Levon-Ter Petrosyanın istəyi bu idi ki, Qarabağ problemi həll edilsin. Daha sonra Robert Köçəryan və Serj Sərkisyanın 20 illik iqtidarları dövründə onlar mövcud status-kvonu saxlamaq üçün hər addıma əl atdılar. İndi dövr fərqlidir və mövcud geopolitik konfiqurasiya Ermənistan üçün qeyri-adekvatdır. Demək istəyirəm ki, Nikol Paşinyan indiki geosiyasi konteksti görür, dərk edir və fərqindədir ki, erməni dövlətçiliyinin indiyə qədərki manevrləri daha keçərli deyil və sülh müqaviləsini imzalamaq yeganə çıxış yoludur".
Politoloq Kamal Əliyev onu da dedi ki, indiki situativ vəziyyətdə belə, KTMT və Rusiya Ermənistana kömək edən deyil, Qərb də sülhün bərqərar olmasında maraqlıdır: "Baxın, Paşinyan iki gündür KTMT-yə yalvarır, zarıyır ki, Azərbaycan torpaqlarımızı işgal edir, amanın bir günüdür, gəlin, bizi qurtarın. Düzdür ki, KTMT-nin nümayəndələri sabah Ermənistana gələcəklər, amma Rusiya indi özü elə gündədir ki, nə Azərbaycana qarşı çıxa, nə də Ermənistana kömək edə bilər. Onu da deyim ki, KTMT özünün 4-üncü maddəsini necə icra edəcək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədləri hələ müəyyən olunmayıb. Mən hesab edirəm ki, həm sərhədlərin demarkasiya və delimitasiyası, Zəngəzur koridoru da daxil olmaqla, yekun sülh müqaviləsinin imzalanmasından ötrü Paşinyan siyasi iradə, cəsarət nümayiş etdirməlidir. Biz də, ermənilər də,gürcülər də Cənubi Qafqazdan heç yerə köçməyəcəyik. Nəhayət, aramızda anlaşmalıyıq və Cənubi Qafqazda sülh və əmin-amanlıq yaratmalıyıq. Azərbaycan və Ermənistanın siyasi rəhbərləri gələcək perspektivləri nəzərə alaraq, eskalasiyadan uzaqlaşmalı, ümumi dil tapmalıdırlar. Əks təqdirdə, müharibələr hələ Cənubi Qafqazda çox faciələrə rəvac verəcək. Təcili olaraq sülh sazişinin üzərində işləməli və bu problemə birdəfəlik son qoymalıyıq. Mən sülh tərəfdarıyam" - deyə Kamal Əliyev bildirdi.
Nicat Əlili
Paylaş: