Xəbər lenti



Məşhur bir atalar sözü var: «Kotan bərkə düşəndə öküz günahı öküzdə görər».

Bu gün Ukraynada ciddi müqavimətlə üzləşən və bəzi bölgələrdən geri çəkilmək məcburiyyətində qalan Rusiya da eyni sindromu yaşayır. 


Ovqat.com-un məlumatına görə, bir-birini məğlubiyyətin əsas baiskarı kimi günahlandırmaq  sindromu artıq rus generalları arasında da yayılıb və açıq müstəviyə keçib.


Belə ki, Çeçenistan rəhbəri Kadırov Rusiyanın Milli Qəhrəmanı general Lapini qoşunları «Krasnı Liman»dan (əslində sadəcə Liman) çıxarmaqda ittiham edib.


Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib ki, xüsusi əməliyyat zamanı Rusiya Qəhrəmanı adını almış general-polkovnik Aleksandr Lapinin yanlış hərəkətləri müttəfiq qüvvələrin  Limandan məcburi şəkildə çıxarılmasına səbəb olub. O bu ittihamı özünün Telegram səhifəsində irəli sürüb.


Kadırovun sözlərinə görə, Liman şəhəri istiqamətinin müdafiəsinə rəhbərlik üçün təyin edilmiş Lapin «Luqansk Xalq Respublikası»ndan (LXR) qoşunları səfərbər olunmuş şəkildə sərhədlərə göndərib. General hərbçiləri lazımi rabitə ilə təmin etməyib, adı çəkilən əraziyə əlavə sursatlar göndərilməyib.


«Axmat» xüsusi təyinatlılarının komandirləri tərəfindən Limandakı təhlükə ilə bağlı xəbərdarlıq aldığını bildirən Kadırov məlumatı Baş Qərargaha ötürüb. Bununla belə, Baş Qərargah rəisi Valeri Gerasimov onu əmin edib ki, “o, Lapinin komandir kimi istedadına şübhə etmir və Krasnı Liman və onun ətrafında geri çəkilməyin mümkünlüyünə inanmır”.


Bundan əlavə, Kadırov Lapinin "Luqanskda gizləndiyini" iddia edir. “Cəbhə xəttindən 150 km. aralıda otura-otura hərbi bölmələri necə tez idarə edə bilərsiniz? Elementar hərbi maddi-texniki bazanın olmaması səbəbindən bu gün biz bir neçə yaşayış məntəqəsini və böyük bir ərazini tərk etmişik”, - deyə Çeçenistan rəhbəri Lapini səriştəsizlikdə günahlandırıb və “ordu qohumbazlığının yaxşılığa doğru aparmayacağını” iddia edib.


Qeyd edək ki, oktyabrın 1-də rus qoşunları Donetsk vilayətinin Liman şəhəri yaxınlığında mühasirə təhlükəsi səbəbindən daha təhlükəsiz xəttlərə çəkilib. Qoşunların Limandan çıxarılmasını Rusiya Müdafiə Nazirliyi də rəsmən təsdiqləyib.





Ana səhifəyə qayıt        Baxış: 5 957          Tarix: 2-10-2022, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma