Xəbər lenti
Dünən, 19:25


Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Şebekino qəsəbəsindəki yarımstansiyaya raket zərbəsi endirib.

Ovqat.com-un məlumatına görə, bu zərbə nəticəsində Belqorod vilayətinin 2 mindən çox sakininin elektrik enerjisi kəsilib.

Bildirilir ki, Rusiya tərəfi raket zərbəsindən xəbər belə tutmayıb. Əvvəlcə problemin sırf texniki xarakter daşıdığı güman edilib, lakin sonrakı araşdırmalar nəticəsində obyektə Ukrayna hərbçilərinin zərbə endirdikləri məlum oldu.  

“Ukrayna Silahlı Qüvvələri Şebekinodakı yarımstansiyanı atəşə tutub. Yarımstansiyanın transformatoru mərmilərdən zədələnib. Hazırda 2000-dən çox sakinin elektrik enerjisi kəsilib. Ölən və yaralanan yoxdur. Mənim müavinim Konstantin Polejayev, rayon rəhbəri Vladimir Jdanov, Fövqəladə Hallar Nazirliyi, polis və digər əməliyyat xidmətləri hadisə yerindədir. Ən qısa zamanda nəticələr aradan qaldırılacaq”, - deyə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Elektrik yarımstansiyasına dəymiş ziyanın nə dərəcədə ciddi olduğu bilinmir, lakin video kadrlarda onun kifayət qədər ciddi zədələndiyini müəyyənləşdirmək mümkündür.

Bildirilir ki, ötən gün Ukrayna sosial media qurumları sərhədə yaxın ərazidə yerləşən Rusiyanın enerji infrastrukturu obyektlərinin siyahısını dərc etmiş və onların hədəfə alınacağını bildirmişdi.

Son zamanlar Ukrayna-Rusiya arasındakı müharibədə mülki obyektlərin hədəfə alınması faktları artmaqdadır. Rusiya tərəfi dəfələrlə Ukraynanın elektrik istehsal edən müəssisələrini vuraraq sıradan çıxarmış, bunun nəticəsində bir neçə vilayət qaranlığa qərq olmuşdu. Daha sonra Krım körpüsündə dəhşətli partlayış baş vermiş və körpünün bir hissəsi dağılmışdı. Kreml bu hadisəni terror aktı adlandırmış və Ukrayna xüsusi xidmət orqanlarının işi hesab etmişdi. Ardınca da Ukraynanın mərkəzi şəhərlərindəki sivil hədəflər dayanmadan atəşə tutulmuşdu. 

Görünür, Ukrayna da son Belqoroddakı kiçik bir elektrik yarımstansiyasını vurmaqla Rusiyaya «biz də eyni metodlarla mübarizə apara bilərik» mesajını vermək istəyib. Rusiyanın bu hücuma cavab verəcəyi gözlənilir. Bu isə Ukraynanın da Rusiyanın sərhəd rayonlarına bənzər hücumlarını tətikləyə bilər. Beləcə, qarşılıqlı hücumlar nəticəsində hər iki tərəfdən mülki hədəflərin sıradan çıxarılması başlaya bilər ki, bu da müharibənin daha ağrılı mərhələyə keçməsi anlamına gəlir.

Müharibənin mülki hədəflər keçməsi təsadüfi deyil. Sirr deyil ki, son zamanlar müharibədə qüvvələr nisbəti Ukraynanın xeyrinə dəyişmişdi. Dijital silahlarla rus hərbi obyektlərinə dəqiq zərbələr endirən Ukrayna Silahlı Qüvvələri adi silahlardan istifadə edən rus qoşunları bir çox rayonlardan rahatlıqla püskürtmüşdü. Rusiya bu prosesə seyrçi qala bilməzdi. Ya Ukraynadan bütün qüvvələrini çıxarıb məğlubiyyətini boynuna almalı, ya da bacardığı dillə ona cavab verməli idi. Köhnə savaş texnologiyasına əsaslanan rus hərbi qüdrəti mülki vətəndaşları hədəfə alaraq, Ukrayna xalqını bezdirmək və təslimiyyətə məcbur etmək yolunu tutub. Ukrayna ordusunun bu gün mülki hədəfi vurması ona adekvat cavab veriləcəyini göstərir.






Ana səhifəyə qayıt        Baxış: 5 517          Tarix: 11-10-2022, 20:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma