Ovqat.com-un əldə etdiyi məlumata görə, bu zamanadək Naxçıvanın bir neçə toxunulmazı vardı. Bunlardan biri də "Neftbaza"nın müdiri Bəhruz Əzimov idi. Əzimov öz əsrarəngiz qüdrətini "xan"la qurduğu qohumluq əlaqələrindən alırdı. O, "vəliəhd xanzadə" həzrətləri Rza Talıbovun qaynatasıdır.
Soruşa bilərsiniz ki, bu adam barədə niyə keçmiş zamanda danışırıq? Yox, yox, səhv qənaətə gəldiniz. Bəhruz müəllim bu gün də ayaqdadır və biz Ulu Yaradandan ona uzun ömür, can sağlığı arzulayırıq. "Dı", "di", "dü", "du" şəkilçilərindən istifadə etməyimiz isə onun səlahiyyəti ilə əlaqədardır.
Bəli, bax, indi düz tapdınız. Prezident demişkən, Bəruz müəllimin "toxunulmazlıq statusu" məlum məkana gedib. Məlumatlara inansaq, Naxçıvanda aparılan maliyyə yoxlamaları nəticəsində "Neftbaza"da ciddi kəsirlər və qeyri-qanuni fəaliyyətlər aşkara çıxarılıb, beləcə, Bəhruz Əzimovun səlahiyyətləri müvəqqəti dondurulub.
Mənbəmizə inansaq, bu müvəqqəti dondurulma yaxın günlərdə daimi hal ala bilər.
İstər "Cahan" Holdinqdə, istərsə də "Neftbaza"da aparılan yoxlamalar onu deməyə əsas verir ki, Naxçıvanda "Azərbaycanlaşdırma" siyasətinə ilk öncə Rza Talıbova bağlı qüvvələrdən başlanılıb. İddialara görə, "xanzadə" həzrətlərinin özü də Azərbaycan Respublikası Miqrasiya Xidmətinin müavini vəzifəsindən də "gedər-gəlməz" məzuniyyətinə göndərilib.
Xatırladaq ki, Azərbaycanda «5-ci kolon»un, dolayısıyla rus agentura şəbəkəsinin rəhbəri Ramiz Mehdiyevə qarşı ideoloji mübarizə güclənəndə sinəsini qabağa verib «ağsaqqal»ını müdafiə edən nadir şəxslərdən biri Rza Talıbov olmuşdu. O, 2 il əvvəl paylaşdığı facebook statusunda Ramiz Mehdiyevə qarşı çıxanları sərt şəkildə təhdid etmişdi. Həmin statusda ən diqqəti cəlb edən ifadə isə «süfrəmizin artığı ilə böyüyənlər» olmuşdu.
"Ölkəmizin qurucusu ulu öndərimizin davamçısı cənab prezident İlham Əliyevə yarınmaq üçün süfrəmizin artıgıyla böyüyənlər boşluqdan istifadə edib vəzifəyə gəliblər. Gələn kimi Akademik R.Mehdiyev kimi layiqli şəxiyyətləri ləkələməyə çalışırlar. Başınız üçün deyil, agıllı olun, kimliyindən aslı olmayaraq hamınız cəzalanacaksınız. Bu sifarişli yazını yazdranları da bilirik, etdiyiniz cinayəti cəzasız qoymayacağıq, qazdıgınız quyuya özünüzü salacağıq, bir az qazın, dərin olsun, görəcəksiz...", - haqqında danışdığımız statusda bildirilirdi.
«Vəliəhd xanzadə»nin bu fikirlərindən aydın olur ki, Talıbovlar ailəsi Naxçıvanı öz əcdadlarından qalma süfrəsi və bu bölgədən çıxan hər kəsi isə «xan» süfrəsinin artığı ilə böyüyən təbəələri sayır. Sözsüz ki, bu harınlığa «dur» demək lazım idi və Azərbaycan hakimiyyətinin Naxçıvan islahatlarına Rza Talıbovdan başlaması təsadüfi deyil.
Paylaş: