“Naxçıvanın təndiri, pendiri, tenderi”.
Tez qaçıb “Atalar sözü” kitabını vərəqləməyin. Bu atalar sözünü “Qara Pişik” kəşf edib. Dediyinə görə, Naxçıvanın pendiri qədər ləziz təama heç Hollandiyada da rast gəlməyib. “Xan” həzrətlərinin qəzəbinə tuş gəlib artıq tarixə qovuşan Naxçıvan təndirində bişən lavaşdan da dünyanın heç bir yerində yoxdur. Baxmayaraq ki, indi ermənilər Naxçıvan lavaşını öz adlarına çıxırlar və Vasif “xan” da Muxtar Respublikada bütün təndirləri məhv edərək əslində erməni dəyirmanına su töküb. Amma yenə də Bakıda İrandan alınan çörəkbişirən sobalarda Naxçıvan lavaşı bişirilir və özünə yaxşı da müştəri cəlb edir. Bakı lavaşçıları, təbii ki, yaxşı qazanma imkanlarını qibleyi-aləmin məhv etdiyi Naxçıvan təndirinə borcludur.
Bəs, Naxçıvan tenderi hardan çıxdı?
Hə, indi gəldik çıxdıq əsl mətləbə.
Xatırlayırsınızsa ötən gün xəbər vermişdik ki, bizim “Qara Pişik” gecəni xəlvət bilib Naxçıvanın “Boz kardinalı” Azər Zeynalovun kabinetinə girib. Hardansa onun kabinetindəki seyfinin açarını tapıb və qapısını açaraq bəzi sənədləri çırpışdırıb. Həmin sənədlərdən biri də məhz Naxçıvan tenderi barəsindədir. Daha doğrusu tender dəryasının kiçik bir damlasını əks etdirir.
“Qara Pişiy”in bildirdiyinə görə, indi sizə təqdim olunan bu sənəd Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən uşaq bağçalarında olan nasazlıqlar haqqında MR Nazirlər Kabinetinin hazırlayıb təsdiqləmək üçün Vasif “xan”a göndərdiyi maliyyə hesabatıdır. Hesabatda uşaq bağçaları üçün alınacaq çaydandan tutmuş əl-üz dəsmalına qədər bir çox məişət əşyalarının adı və qiyməti sıralanır. Yekun qiymət olaraq da 42 min 545 manat 89 qəpik göstərilib.
“Qara Pişiy”in iddiasına görə, bu məişət əşyalarının qiyməti bazar qiymətindən xeyli bahadır. Bu da təəccüblü deyil. Çünki Naxçıvan tenderlərində adətən belə olur: tenderə əsasən iki şirkət qatılır. Bunlardan biri Vasif “xan”ın “Gəmiqaya”, digəri isə yenə Vasif “xan”ın Cahan holdinqləridir. Bir sözlə, Vasif “xan” tenderlərdə özü-özü ilə rəqabət aparır.
İndi aydındırmı, Naxçıvan tenderləri niyə Naxçıvan pendiri kimi unikallığı ilə dünya tarixinə düşməyə haqq qazanıb?
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyindəki mənbələrdən redaksiyamıza sızdırılan digər sənədlər təsdiq edir ki, Azərbaycan hər il bu bölgəyə ayırdığı dotasiyaların həcmini artırdıqca, “xanlıq” rejimi də dövlət sifarişlərinin qiymətini artırıb. Dolayısıyıla hər il artan dotasiyalar əhalinin rifahının yüksəldilməsinə deyil, Talıbovlar ailəsinin biznesinin çiçəklənməsinə sərf olunub.
Təqdim etdiyimiz sənəddən aydın olur ki, Naxçıvan Maliyyə Nazirliyi “xan” ailəsinə məxsus “Əcəmi” nəşriyyatında qiymətlərin 20 faiz artırılması barədə əmr verib və yeni qiymətləri təqdim edib. Mənbəmiz bildirir: “Qeyd etmək istərdim “Əcəmi” nəşriyyatı “xan”ındır və oranin gəliri tamamilə “xan”a çatır. Nəşriyyat Ali Məclisin aparat rəhbəri Ülvi Hüseynli tərəfindən idarə olunur”.
Ovqat.com
Paylaş: