Xəbər lenti


Naxçıvan hakimiyyəti yerli sakinlər arasında qəsdən dezinformasiya yayaraq, Vasif “xan”ın guya Azərbaycan siyasi iradəsi ilə razılığa gəldiyi, bundan sonra da öz zülmünü istədiyi kimi davam etdirəcəyi barədə fikir formalaşdırmağa çalışır. Təəssüf ki, xaricdə məskunlaşan bəzi bloggerlər də bu yanlış təsəvvürlərin yaradılmasında “xan” rejiminə yardım edir. Bakıda isə Vasif “xan” rejimini sonlandıracaq araşdırmaların getdikcə geniş vüsət aldığını təsdiqləyən addımlar atılır. 

 

Ovqat.com-un məlumatına görə, ötən şənbə günü Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

 

Faktı yarı-rəsmi informasiya agentlikləri də təsdiqləyir. APA xəbər verir ki, Rafael Əliyev barəsində qaldırılan iddiaya hakim Səbail Məhkəməsinin hakimi Ülviyyə Şükürova baxıb:

 

“Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

 

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilmişdir.

 

NMR Maliyyə nazirinin həbsinin təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır”.

 

Ovqat.com-da olan məlumata görə, Naxçıvan MR DGK-nın rəisi Səhət Həbibbəyli barəsində də bənzər hökm verilə bilər. Onların işinin obyektiv araşdırılmasının xanzadə Seymur Talıbova qədər uzanması istisna edilmir.

 




Ana səhifəyə qayıt        Baxış: 7 676          Tarix: 28-11-2022, 08:33      


Paylaş:   

Prizma