Xatırlayırsınızsa, ötən gün xəbər vermişdik ki, Sədərək rayonunun polisləri rayonda tətbiq olunan iş vaxtı rejiminə qarşı etiraz aksiyası keçiriblər. Naxçıvanın Daxili İşlər naziri Rəşad İsmayılov və onun müavini Zahid Gözəlov polisləri sakitləşdirmək üçün rayona gedib. Polislərlə aparılan danışıqlardan heç bir nəticə hasil olmayıb və nazirlə onun müavini əli ətəyindən uzun Naxçıvan şəhərinə qayıdıb.
Ovqat.com-un əldə etdiyi məlumata görə, bu gün Rəşad İsmayılov növbəti dəfə rayona gedib. O, polislərlə keçirdiyi görüşdə asayiş keşikçilərinə yeni iş rejimini açıqlayıb: 12 saat iş, 24 saat istirahət.
Qeyd edək ki, bu günə qədər Naxçıvanın polis orqanlarında “xan”sayağı iş rejimi keçərli idi. Polislər 24 saat postda dayanır, 24 saat isə istirahət edirdilər. İstirahət saatlarının 4-5 saatını postu təhvil verib almağa, sırada düzülüb komandirlərin boş-boş məruzələrini dinləməyə xərcləyirdilər. Beləcə, zavallı polislərin 28 saatı işdə, 20 saatı isə istirahətdə keçirdi. Azərbaycan Əmək Məcəlləsinə görə isə, 24 saat işləyən hər kəs 48 saat istirahət etmək hüququna malikdir. Vətəndaşların asayişini qoruyan, hüquqlarının təmin olunmasında mühüm rol oynayan polislər öz istirahət azadlıqlarını bərpa edə bilmirdilər. Aldığımız məlumat göstərir ki, Sədərək polislərinin qətiyyəti nəticəsində Naxçıvanda ayaq altına salınan istirahət hüququ sonunda bərpa edilib.
O da bildirilir ki, Naxçıvan polislərinə bu mujdəni vermək üçün Sədərəyə və Ordubada Rəşad İsmayılovun şəxsən özü gedib, digər rayonlara isə öz müavini Zahid Gözəlovu göndərib.
Paylaş: