Xəbər lenti

 

 

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşü olub.

 

Ovqat.com Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə İlham Əliyev Latviyaya səfərlərini məmnunluqla xatırladıb və Prezident Egils Levitsi Azərbaycana səfərə dəvət edib.

 

Dəvəti minnətdarlıqla qəbul edən Prezident Egils Levits Azərbaycanın Latviyanın çox önəmli tərəfdaşı olduğunu bildirib.

 

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunulub. Latviyanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini daim dəstəklədiyi qeyd olunub. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaza tələbatının ödənilməsində oynadığı rol yüksək qiymətləndirilib. Azərbaycanın Avropa İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi imkanlarının artacağı bildirilib, bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin dekabrında Buxarestdə imzalanan Sazişin əhəmiyyəti qeyd edilib.

 

Söhbət zamanı Azərbaycanın Orta Dəhlizdə yerləşən ölkə olaraq Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında mühüm nəqliyyat daşımalarının həyata keçirilməsində önəmli rolu vurğulanıb.

 

Görüşdə Latviya ilə Azərbaycan arasında BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də qeyd olunub. Latviya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi fəaliyyətini xüsusi qeyd edib.

 

Prezident Egils Levits, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təşəbbüslərə imza atdığını bildirib, xüsusilə COVID-19-a qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğulayıb.

 

Davosda səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də həmçinin BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə də görüşüb.

 

Görüşdə Prezident İlham Əliyev xanım Maimuna Mohd Şərif ilə Bakıda və Ağdamda Milli Şəhərsalma Forumu zamanı keçirdiyi görüşləri xatırladıb.

 

Maimuna Mohd Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb və BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirib. O, hazırda Azərbaycanın UN-HABITAT-a könüllü maliyyə ianələrinə görə dünya ölkələri arasında aparıcı dövlət olduğunu deyib.

 

UN-HABITAT-ın icraçı direktoru Azərbaycanın davamlı şəhər planlaşdırılması sahəsində çox yaxşı nəticələrinin olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğulayıb.

 

Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının məqsəd və məramlarını dəstəklədiyini, UN-HABITAT-ın dünya miqyasında çox önəmli və vacib missiya həyata keçirdiyini qeyd edərək, bundan sonra da Azərbaycanın bu təşkilatın fəaliyyətinə dəstək verəcəyini bildirib.

 

Maimuna Mohd Şərif Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsinin dünya ölkələri üçün də maraqlı olduğunu qeyd edib.

 

Söhbət zamanı BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da inkişafı və növbəti Milli Şəhərsalma Forumunun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Xanım icraçı direktor Azərbaycanın UN-HABITAT-ın alt strukturlarının fəaliyyətində yaxından iştirak etdiyini və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsini də məmnunluqla vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 4 408          Tarix: 19-01-2023, 07:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma