Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Azərbaycan rəsmiləri fəxr edirlər ki, ölkəmizdəki ümumtəhsil müəssisələrinin 34%-i rus dilindədir. Hər il Azərbaycandan minlərlə abituriyent ali təhsil almaq üçün Rusiyaya göndərilir və s. Rəsmi statistikaya inansaq, 10 milyonluq respublikamızda ən yaxşı halda 120 min rus yaşayır. Yəni əhalimizin cəmi 1.2%-i etnik rusdur.
Bizdən xeyli uzaqda, Baltik dənizi sahillərində bir ölkə var – Latviya. 1991-ci ildə müstəqilliyini qazananda bu ölkənin əhalisinin 34%-i etnik rus idi. Üzərindən 30 il keçəndən sonra etnik rusların sayı 25%-ə düşdü. Hazırda bu ölkədə nəinki rusdilli məktəb yoxdur. Hətta 2019-cu ildə hakimiyyətə gələn ölkə başçısı Eqil Levits ruscanı məktəblərdə öyrədilən xarici dillər siyahısından belə çıxarmaq istəyir. Latviyada yaşayan etnik ruslar isə nəinki buna etirazlarını bildirmirlər, əksinə latışlardan çox latışlıq edirlər. Hər halda bunu biz yox, Latviya ruslarının öndə gələnləri bildirirlər. Bəs, Latviya xalqı bu inqilabi dəyişikliyə necə nail olub?
Ovqat.com-un hazırladığı araşdırma yazısı bu suala kifayət qədər aydınlıq gətirir. Buyurun, Siz də tanış olun.
Bu yaxınlarda Latviya Prezidenti Eqil Levits təhsil və elm naziri Anita Muizniece ilə işgüzar görüş keçirdi. Söhbət zamanı o, yaxın vaxtlarda Latviya məktəblərində ikinci xarici dil kimi rus dilinin öyrənilməsindən imtina etmək fikrində olduğunu bildirdi. Levitsin fikrincə, Latviya məktəblərində tədris olunan ilk xarici dil ingilis dili, ikincisi isə Avropa İttifaqının əsas ölkələrinin dillərindən biri olmalıdır.
“Biz Avropa İttifaqındayıq. Ona görə də məntiqli və təbii olan budur: Avropa İttifaqının istənilən dilini xarici dil kimi uşaqlarımıza öyrədək. Təbii ki, ilk növbədə beynəlxalq ünsiyyət vasitəsi kimi ingilis dilini öyrətmək daha doğru olardı. Hesab edirəm ki, ölkəmizdə tədris olunan ikinci xarici dil Avropa İttifaqının istənilən dili - fransız, alman, italyan, ispan dili olmalıdır”, - prezident bildirib.
Levits təəssüflə qeyd edib ki, bu ilin sentyabrın 1-dən məktəblərdə rus dilindən imtina etmək mümkün olmayacaq, çünki ölkədə başqa dillər üzrə müəllimlər kifayət qədər deyil. Amma Latviyanın bundan sonra hansı istiqamətə hərəkət edəyəcəyi ölkənin prezidenti tərəfindən rəsmən bəyan olunub.
Latviya Prezidenti bu gün bir çox post-sovet ölkələrinin, o cümlədən Azərbaycanın da bir çox müəssisələrində zəruri şərt halına gətirilmiş rusca bilmək məcburiyyətinə son qoyulacağına da eyham vurub. Onun sözlərinə görə, rus dilini bilməmək Latviyada iş imkanlarını azaltmamalıdır. “Latviyada rəsmi dil və yeganə dövlət dili latışcadır. Latışcanı hamı bilməlidir və əslində bilir də”, - Egil Levits bildirib.
Latviya prezidenti bu təklifi ilk dəfədir irəli sürmür. O, 2019-cu ilin iyununda prezident seçildiyi gündən bəri dəfələrlə bu iddiaları dilə gətirib və rusçanın Latviyada ictimai həyatın bütün sahələrindən mümkün qədər sıxışdırılıb çıxarılması istiqamətində ciddi addımlar atıb. Levitsin apardığı islahatlar nəticəsində hazırda Latviya təhsil sistemində rus dili yalnız ümumtəhsil məktəbində üçüncü xarici dil kimi qala bilər. O da ruscanı öyrənmək istəyənlərin sayı yetərli olarsa...
Latviyanın ruslardan təmizlənməsi siyasəti bu ölkə müstəqillik qazandığı ilk gündən həyata keçirilir. Bunun da çox ciddi əsasları var. Ruslar bu ölkəyə əsasən İkinci Dünya Savaşında işğal olunduqdan sonra köçürülüblər. 1935-ci ildə Latviya əhalisinin cəmi 8.8%-i rus idisə, SSRİ-nin çöküş dövrü sayılan 1989-cu ildə bu nisbət 34%-i keçmişdi. Üstəlik, ruslar ölkənin mərkəzi şəhərlərinə yerləşdirilmişdilər. Hətta müstəqilliyini qazandıqdan 17 il sonra belə, 2006-cı ildə ruslar paytaxt Riqa əhalisinin 42,3%-ni, ikinci böyük şəhər olan Dauqavpils sakinlərinin isə 53,5%-ni təşkil edirdi. 1991-ci ildə Latviya müstəqilliyini bərpa etdikdən sonra ölkənin rus əhalisi yenidən azalmağa başladı və 2018-ci ilin əvvəlində 25,2%-ə düşdü.
Latviyanın latışlaşması üçün rəsmi Riqa sistemli siyasət yürüdərək öz ölkələrini Rusiyanın təsir dairəsindən çıxardılar. Bu istiqamətdə atılan ilk addımlardan biri müstəqilliyin elanının ardınca 1940-cı ildən sonra ölkəyə köçürülən ailə fərdlərinə vətəndaşlıq verilməməsi oldu. Beləcə, 1991-ci ildə ölkənin hardasa 40%-ə yaxını qonaq statusu daşıdılar. İkinci mühüm addım kimi vətəndaşlıq almaq istəyən sakinlərə latış dilini və mədəniyyətini bilmək şərti gətirildi. Bu ilkin şərtlər sonralar yumşaldılsa da, xeyli sayda rusun ölkəni tərk etməsiylə nəticələndi. Latviya Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2011-ci ildən 2017-ci ilə qədər Latviya vətəndaşlığını qəbul etmək şansı qazanan rusların sayı 19.932 nəfər olmuşdusa, digər ölkələrə qaçan rusların sayı isə 48.851 idi. Hələ də Latviyada yaşayan etnik rusların 30%-i vətəndaşlıq ala bilməyib. 2017-ci ilin rəsmi statistikasına inansaq, ölkədə vətəndaşlıq haqqı qazanan rusların sayı isə 398,549 nəfərdir. Ümumi əhalisi 1.9 milyon olan ölkə üçün 400 minə yaxın etnik rusun mövcudluğu Latviya üçün hələ də ciddi təhdid kimi dərk olunur. Bununla belə, nəsillər dəyişdikcə, ruslar da təhdid ünsürü olmaqdan çıxırlar, çünki öz milli kimliklərini unudurlar.
Rusların assimilyasiya olunmasında Avropasayağı rahat yaşamaq və Qərb ölkələrində işləməyə getmək arzusu mühüm rol oynayır. Artıq Latviya ruslarının qəlbi Moskva sevdası ilə yox, Paris, Berlin, London eşqi ilə döyünür. Bir çoxları hətta doğru-dürüst rusca danışa da bilmirlər. Danışa bilənlərin dilbilgisi səviyyəsi isə gündəlik danışıq sözlərindən kənara çıxmır.
Əslində Latviyanın etnik rusları asanlıqla ram olunmayıblar. Onlar ölkənin müstəqillik qazandığı son 30 ildə ruscanın ikinci dövlət dili olması uğrunda çox mübarizə aparıblar. “Harmoniya” Sosial Demokrat Partiyası, “Latviya Rus İttifaqı”, “Rus Məktəbinin Müdafiə Qərargahı və Ana Dili üçün” və s. kimi təşkilatlar vasitəsilə apardıqları mübarizə latışların öz dövlətlərinin sahibi olmaq əzmini qıra bilməyib və bir çox post-sovet ölkələrindən fərqli olaraq Latviyada rusca beynəxalq dil və ya hər hansı xüsusi status qazanmayıb. Latviyanın Dövlət Dili Qanununa əsasən, bu ölkənin bir rəsmi dili var - latışca. Beynəlxalq dilə gəlincə, ölkə prezidentinin də qeyd etdiyi kimi, latışlar belə bir seçim qarşısında qalsalar, təbii ki, ingiliscəyə üstünlük verərlər.
Etnik rusların tez-tez qaldırdıqları ikinci dil probleminə 18 fevral 2012-ci il tarixində rəsmən nöqtə qoyulub. Həmin tarixdə Latviyada rus dilinin ikinci rəsmi dil kimi qəbul edilib-edilməməsi ilə bağlı konstitusiya referendumu keçirilib. Latviya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 71,1% seçicinin iştirakı ilə keçirilən referendumda 74,8% rusçanın əleyhinə, 24,9% isə lehinə səs verib. Beləcə, məlum olub ki, Latviyada yaşayan rusdilli əhalinin belə hamısı ruscanın ikinci dil kimi saxlanılmasının tərəfdarı deyil. Zira etnik ruslarla yanaşı, Latviyada digər post-sovet ölkələrdən çox sayda insanlar yaşayır və onların əsas ünsiyyət dili ruscadır. Onları da hesaba qatsaq, ümumiyyətlə ölkədə rusdilli əhalinin nisbəti 40% civarındadır. 2012-ci il referendumunun nəticələri isə həmin rusdilli kəsimin az qala yarısının belə, bu dilin kölgəsində qalmaq istəmədiyini göstərdi. Çünki Rusiyanın dili faktorunundan imperialist məqsədlər üçün bəhanə kimi istifadə etmək vərdişləri həm də Latviyanın suverenliyinə kölgə sala bilərdi və heç kim bu vəhşi siyasətin alətinə çevrilmək istəmirdi.
Beləcə, 2012-ci il referendumundan aldığı hüquqi-psixoloji gücə arxalanan Latviya hökumətləri rus imperializminin müstəmləkə ölkələrdəki əsas dayağına çevrilmış rus dilinə qarşı ardıcıl mübarizəyə başladı və indiki prezident Eqil Levitsin dövründə ən həlledici addımlar atıldı. Təsadüfi deyil ki, 2019-cu ilin iyun ayında Latviyanın 10-cu prezidenti Eqil Levits hakimiyyətə gələr-gəlməz orta və ali məktəblərdə rus dilli təhsilə tədricən son qoyulması qərara alındı. Bu gün isə Latviyada ümumiyyətlə ruscanın xarici dil kimi ümumiyyətlə öyrədilib-öyrədilməməsi müzakirə olunur.
“Açığını desəm, Latviyadakı rus icmasının mövqeyi nikbinlik yaratmır. Əvvəldən ölkədə böyük rus icmasının olmasını təhdid kimi qəbul edən dövlət hakimiyyəti bununla mübarizədə böyük uğurlar əldə etdi –məktəblərdə və universitetlərdə rus dilində təhsili aradan qaldırdılar. Onlar dərhal uğur qazana bilmədilər - 2003-2004-cü illərdə ölkədə rus məktəblərinin müdafiəsi üçün minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirildi. Ancaq 2018-ci ildə ikinci cəhddən sonra (!) hakimiyyət öz məqsədinə çatdı və rus məktəblərini “bitirdi”. Beləliklə, onlar icmanın çoxalma mexanizmini sarsıtdılar və onu tədricən yox olmağa məhkum etdilər”, - Latviyada yaşayan jurnalist Yevgeni Leşkovski belə düşünür. O, iddia edir ki, hazırda ölkədə assimilyasiya siyasətini təkcə millətçi hakim partiyalar deyil, həm də çox vaxt özlərinin rus olduqlarını tamamilə unudan valideynlər də aparır.
“İndi isə həmin valideynlər övladlarının Rusiya vətəndaşlığını saxlamasına əhəmiyyət vermirlər. Bunu dünyanın dəyişdiyi və gənclərin guya heç Rusiyaya tərəf baxmaması ilə əsaslandırırlar... Həm də artıq rus milli məfkurəsini diri tutan kitablar da ya keçmişdə qalıb, ya da nənə və babaların maraq dairəsindədir, çünki internet və qadcetlərin hamısı ingilis dilindədir. Buna görə də, "dünyanın adamı" kimi görünmək daha məntiqlidir, nəinki, "dar düşüncəli" rus olaraq qalmaq", - deyə Leşkovski təəssüf hissi ilə yazır.
Rus Məktəblərinin Müdafiəsi üzrə Qərargahın keçmiş fəalı Degi Karaev isə daha pessimistdir. Onun fikrincə, latış toplumuna inteqrasiya olunmuş ruslar çox vaxt latviyalıların özündən daha çox latış millətçilərinə çevrilirlər.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar