Xəbər lenti

 

Məlum olduğu kimi, Vasif Talıbov barbarlığının son qurbanlarından biri Azərbaycan xalq artisti Həsən Ağasoy idi. Adi bir vatçap statusuna görə işdən uzaqlaşdırılan və il yarım işsiz qalan Həsən Ağasoy bu özbaşınalığa boyun əymədi, öz hüququnu sonuna qədər müdafiə etdi. Nəhayət, Azərbaycan mediasının da dəstəyi ilə “xan” üzərində o zamanadək görünməyən misilsiz qələbəsini çaldı. İctimai qınaqla və yəqin ki, paytaxtda görünməz bir əlin təzyiqi ilə üzləşən Vasif Talıbov onu öz işinə bərpa etmək məcburiyyətində qaldı və ardınca özü istefa verib tarixin tozlu səhifəsinə qarışdı. Bu gün Vasif Talıbov Naxçıvanda yüzminlərlə sakinin mənimsənilmiş haqqı hesabına tikdirdiyi çoxsaylı villalarından birində həbs olunacağı günü gözləyir, Həsən Ağasoy isə Naxçıvan Dövlət Milli Dram Teatrında iş başındadır. Bir sözlə, mıxı mismara çevirən İlahi Ədalət bu dəfə Həsən Ağasoyun üzünə gülüb.

 

Ovqat.com-un məlumatına görə, işə bərpa olunduqdan sonra xalq artisti ilk teatr tamaşasına hazırlaşır. Onun baş rolunu oynadığı tamaşa isə olduqca manidardır: Həcərxanım Məmmədovanın  rejissorluğu ilə M.F.Axundzadənin “Lənkəran xanlığının vəzirinin macəraları” komediyası. Həsən Ağasoyun Facebook səhifəsində paylaşdığı statusundan aydın olur ki, Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi tamaşanın ilk “çitka məşqinə” başlayıb.

 

Həsən bəyin və həmkarlarının yaxınlarda səhnəyə qoyacaqları tamaşanın manidarlığı təkcə həmin əsərin də “xanlıq” rejimindən bəhs etməsi və xalq artistinin Lənkəran xanlığının “baş leşyeyəni” surətini canlandırması deyil (Yeri gəlmişkən, Naxçıvanda hələ də “baş leşyeyən” at oynadır və Prezidentin səlahiyyətli nümayəndəsinə qarşı altdan-altdan min fırıldaqlar çevirir və Həsən müəllim də əslində ilk növbədə onun qəzəbinə gəlmişdi. Yəqin ki, xalq artisti repressiyaya məruz qaldığı il yarım ərzində Naxçıvan “xan”ının vəzirinin insanlara nə əzablar çəkdirdiyini öz dərisində hiss etdiyindən onun əsl simasını  oynayacağı rolda daha mükəmməl şəkildə canlandıra və əsərə müasirlik qata biləcək). 

 

Hazırlanacaq tamaşanı manidar qılan digər mühüm hadisə Naxçıvan Dövlət Milli Dram Teatrının 140 illiyi ərəfəsində səhnəyə hazırlanması və “Lənkəran xanının vəziri” komediyasının bu dram teatrın tarixi ilə də birbaşa əlaqəsinin olmasıdır. Belə ki, 140 il əvvəl, 1883-cü ildə Eynalıbəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı "Müsəlman incəsənəti və dram cəmiyyəti" tərəfindən ilk dəfə Mirzə Fətəli Axundzadənin əsərləri tamaşaya qoyulmuşdu. "Müsyö Jordan və Dərviş Məstəli şah cadükün" əsəri Hacı Nəcəf Zeynalovun evində göstərilmişdi. Bu ilk tamaşa ilə Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrının əsası qoyulmuş və ardınca M. F. Axundzadənin "Molla İbrahimxəlil kimyagər", "Lənkəran xanının vəziri" tamaşaları səhnələşdirilmişdi. Qısası, Naxçıvan Dövlət Milli Dram Teatrı Mirzə Fətəli Axundzadənin əsərləri ilə həyata vəsiqə qazanmışdı. Görünür, dram teatrın kollektivi 140 ildən sonra yenidən həyata qayıtmağı da eyni əsərlərlə qeyd etmək qərarına gəliblər. 


Naxçıvan Dövlət Milli Dram Teatrı yarandığı ilk günlərdə məmləkətimizin bu dilbər güşəsində mədəni inqilabın lokomotivi kimi çıxış edib. 140 il bundan əvvəl Naxçıvan ziyalıları bu qədim diyarımıza Avropa mədəniyyətinin ilk nümunələrini gətiriblər. Ümidvarıq ki, həmin teatr bundan sonra da öz sələflərinin yolunu uğurla davam etdirəcək və ölkəmizin mental sahədə Qərbə yönəlməsi istiqamətində çalışmaları ilə Naxçıvan sakinlərinin bəyənisini qazanacaq. 

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 7 238          Tarix: 5-02-2023, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma