Xəbər lenti


Hakimiyyəti qəsb edən şəxs-Əli Xameneyi

1979-cu ilin fevralında baş verən İran İslam İnqilabı dünyaya yeni unikal dövlət quruluşu gətirdi. İran İslam Respublikası bir tərəfdən dünyəvi dövlətlərə xas respublika ənənələri, digər tərəfdən isə şiə ruhaniliyinin hakim olduğu teokratik dövlət quruluşuna sahib oldu.

Belə ki, Konstitusiya ölkədə hakimiyyət bölgüsünü təsbit etsə də, bütün hakimiyyət qolları üzərində hakimiyyət azsaylı ali şiə ruhanilərinin öz aralarından seçdiyi ali rəhbərə məxsusdur.

Ali rəhbər ölkənin həm ali dini, həm də siyasi lideri, şəriksiz avtoriteti sayılır. 1989-cu ildən İranın ali dini lideri Əli Xameneyidir. O, bütün dini və dünyəvi hakimiyyəti əlində cəmləşdirib və Prezident, parlament və məhkəmə sistemi də daxil olmaqla, bütün icraedici, qanunverici və məhkəmə sisteminə nəzarət edir.

Din xadimlərinin İslam-şiə şəriəti əsasında qurduğu bu molla rejimi yarandığı ilk gündən İslam İnqilabının qonşu dövlətlərə ixracı ilə məşğul olmağa başladı. Bu kontekstdə İranı 1917-ci il çevrilişi zamanı yaranmış Sovet İttifaqı ilə də müqayisə etmək olar. SSRİ sosializmi qonşu dövlətlərə, Monqolustana, Çin, Şimali Koreyaya, Şərqi Avropaya və Əfqanıstana yaymağa və zorakı yollarla bərqərar etməyə çalışırdısa, İran da eyni yolla öz təhrif edilmiş İslam dövləti modelini qonşu dövlətlərə yeritmək yolunu tutub.

Xüsusən, əhalisinin bir hissəsi şiə məzhəbinə aid olan ölkələrdə İran bu siyasətini aktiv şəkildə aparır.

Maraqlıdır ki, SSRİ və İranı birləşdirən daha bir cəhət onların yaradılmasında xarici sponsorların mühüm rol oynamasıdır.

Fransa-İran-Ermənistan üçbucağı

Tarixdən məlumdur ki, Birinci Dünya Müharibəsinin gedişatı sırasında Almaniya İmperiyası (İkinci Reyx) Antanta İttifaqında ona qarşı vuruşan Rusiya İmperiyasını devirmək üçün Vladimir Lenin başda olmaqla, bolşeviklərə dəstək verir, pul və kəşfiyyat məlumatları ötürürdü. Hətta 1917-ci ilin aprelində çar hakimiyyətinin devrildiyi Rusiyaya qayıtmaq üçün İsveçrədə mühacir kimi yaşayan Lenin zirehli qatarla Almaniya ərazisindən maneəsiz keçir. Nəticədə, tarixə Oktyabr çevrilişi adı ilə düşən üsyanla bolşeviklər siyasi hakimiyyətə gəlir, Almaniya ilə müharibədən çıxır və rəsmi Berlinə böyük ərazi güzəştləri nəzərdə tutan Brest-Litovsk müqaviləsini imzalayır. Göründüyü kimi, çevrilişin sponsoru burada öz məqsədlərinə tam nail olur.

Bu məqamda SSRİ-nin banisi Leninin Rusiyaya qayıdışını İran İslam Respublikasının yaradıcısı Ruhulla Xomeyninin 1979-cu il fevralın 1-də Fransadan İrana qayıtması ilə müqayisə etmək olar.

Şah hakimiyyətinə qarşı çıxdığı üçün 1964-cü ildə İrandan sürgün edilən Xomeyni də bolşevik bənzəri Lenin kimi mühacirətdə yaşamağa və rejimin dəyişikliyi astanasında geri dönməyə müvəffəq olur. Onlar arasında oxşarlığı hər iki şəxsin hakimiyyət dəyişikliyi və yeni quruluş yaratdıqdan sonra siyasi opponentlərinə qarşı dözümsüzlük, repressiyalar təşkil etməsində, yaratdıqları ideologiyaları ətraf ölkələrə yaymaqda da görmək olar. Lenin kursunu İosif Stalin daha kəskin, amansız davam etdirdiyi kimi, Ruhulla Xomeyninin də siyasi kursunu xələfi Əli Xameneyi eyni enerji və amansızlıqla davam etdirir.

Bu kontekstdə bolşevik inqilabının sponsorunun Almaniya olduğu kimi, İslam inqilabına da Fransanın dəstək olduğunu demək olar. Bunu Parisin Ruhulla Xomneyinə siyasi sığınacaq verməsində, inqilabdan sonra tərəflərin diplomatik münasibətləri kəsməməsindən görmək olar. Düzdür, Fransanın İran-İraq müharibəsində Bağdadı dəstəkləməsi iki tərəf arasında ciddi soyuqluğa yol açsa da, 1990-cı illərdən başlayaraq Tehran və Paris arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Bu əməkdaşlığa dair təkcə bircə faktı demək kifayətdir ki, 2016-cı ildə İran Prezidenti Həsən Ruhaninin Parisə səfəri zamanı tərəflər arasında 15 milyard avro dəyərində ticarət müqaviləsi imzalanmışdı.


İqtisadi maraqlarla yanaşı, iki ölkənin ilk baxışda kəskin fərqlənən hakimiyyət quruluşları siyasi aspektdə də sıx yaxındır. Bu yaxınlıq özünü ən qabarıq şəkildə Cənubi Qafqaz regionunda – Ermənistana həssaslıq və Azərbaycana qarşı aşırı qərəzdə göstərir.

Hər iki ölkə 44 günlük müharibədə Azərbaycana qarşı kəskin mövqe tutması ilə fərqlənirdi. Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın Qarabağda İŞİD döyüşçülərindən istifadə etdiyinə dair absurd açıqlamalar verir, ordumuzun beynəlxalq hüquqa görə ona aid əraziləri işğaldan azad etməsinə mane olmağa çalışır, İrəvana diplomatik dəstək verirdi.

Azərbaycanı qardaşı ölkə adlandıran İran isə 30 ildə Qarabağda müsəlman-şiə məscidlərinin ermənilər tərəfindən dağıdılmasına, mundarlanmasına göz yummaqla kifayətlənməmiş, rəsmi İrəvana həm iqtisadi, həm hərbi dəstək vermişdi. Molla rejiminin bu ikiüzlülüyü 44 günlük müharibə zamanı ordumuzun Xudafərin SES-i işğaldan azad etməsində maneçilik yaratmasında, Ermənistan Rusiyanın müharibə sırasında göndərdiyi silah-sursatları Gürcüstanın hava məkanını bağlaması fonunda öz ərazisindən buraxmasında göstərdi.

Və bütün bu qərəz, müharibədən sonra Azərbaycanla sərhəddə keçirilən təhdid mesajlı hərbi təlimlər, Ermənistanı müdafiə edən bəyanatların mənbəyi İranın ali dini lideri Əli Xameneyidir.

Eyş-işrət aşiqi Xameneyi

Onun şəxsiyyətinə diqqət yetirsək, Əli Xameneyinin dindən maksimum uzaq, eyş-işrət aşiqi olduğunu görərik.

Belə ki, 1989-cu ildə ali lideri seçilən Əli Xameneyinin ilk işi 1200 kvadrat metrlik malikanəyə köçmək olur. Onun 60 metr dərinlikdə və 5 min kvadrat metr sahəsi olan, nüvə zərbəsinə belə tab gətirə biləcək bunkerinin olduğu deyilir. Ümumilikdə, bu “din fədaisi”nin ölkənin fərqli bölgələrində 6 imarətinin olduğu məlumdur.


Ali liderin malik olduğu sərvət sırasında - hər biri 400 min dollar olan 17 avtomobil, 2 Boeing təyyarəsi, 5 Falcon təyyarəsi, 5 helikoper və s. var.

Tanınmış iranlı rejissor, “Xameneyinin gizli həyatı” məqaləsinin müəllifi, rejissor Möhsən Məhməlbaf dini liderin 36 milyard dollar sərvətə malik olduğunu iddia edir.

Reuters“ agentliyi isə Əli Xameneyinin şah dövründən qalan geniş torpaq sahələri və mülkləri əhatən edən Setad şirkətinin sahibi olduğunu bildirmişdi. Əlavə olaraq, onu qeyd edək ki, ali liderin 40 milyon dollar ümumi dəyəri olan at ilxısı var.

Və bütün var-dövlət, sərvət özünü sadəliyin, təvazökarlığın simvolu hesab edən, on milyonlarla insanın inancını təmsil edən dini liderə məxsusdur.

Tapşırıq Əli Xameneyinin, icraçı SEPAH

Əli Xameneyinin və birbaşa tabeliyində olan İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) öz siyasi məqsədləri üçün belə manipulyasiyalara tez-tez baş vurur. Bu kontekstdə İranın və onun var-dövlət həvəskarı liderinin yürütdüyü xarici siyasətə, o cümlədən Azərbaycana münasibətinə qısa nəzər salaq.

Bu gün İraq, Livan, Əfqanıstan, Suriya, Fələstin və Yəmən kimi böyük şiə icması olan ölkələrin daxili siyasətində İranın destruktiv rolu açıq aydın görünür. Livanda “Hizbullah”, İraqda və Suriyada “Əsayib Əhl əl-Hak”, İmam Əli Briqadası, “Əl-Abbas Briqadası”, Əfqanıstanda “Əl-Nəsr” hərbləşdirilmiş təşkilat və silahlı qruplaşmalarını yaradan rəsmi Tehran bu qüvvələr vasitəsilə həmin ölkələrin hakimiyyətinə təsir etməyi, siyasi stabilliyini pozmağı və sonda həmin ölkələrdəki quruluşu özündən asılı marionet rejimlərin idarə etdiyi dini quruluşa transfer etməyi düşünür.

Əfqanıstanda xəzərilər, Yəməndə husilər və Fələstində azsaylı şiə azlığının yaratdığı “Hərəkat əs-Sabirin Nasran li-Fələstin” təşkilatını maliyyələşdirən İran həmin ölkələrdə qarşıdurmalara yol açır, “parçala, hökmranlıq et” prinsipi ilə davranır.

Növbəti hədəf isə Sovet İttifaqının dağılmasından sonra müstəqil olan Azərbaycan idi. İran özü ilə həmsərhəd olan, tarixən əsrlərlə eyni dövlətin tərkibində olduğu və əhalisinin əksəriyyətini şiə müsəlmanlarının təşkil etdiyi Azərbaycanı İslam modelini ixrac etmək üçün hədəf seçdi. Təbii ki, bu ideyanın müəllifi birbaşa Xameneyi özü idi.


Bunun üçün əvvəlcə “yumşaq güc”dən istifadə edən İran Azərbaycanda “beyin yuyulması”na məruz qalmış bəlli kütləni, asanlıqla manipulyasiya edə biləcəyi gəncləri, sosial cəhətdən həssas olan zümrənin bəzi üzvlərini və dini fanatikləri öz agentləri və təsir dairəsində olan din xadimləri vasitəsilə yalan vədlər, din həmrəyliyi pərdəsi, bəzi hallarda isə pul və şantaj qarşılığında “beşinci kolon” kimi hazırlamağa başladı. Bu sırada Azərbaycandan dini təhsil adı ilə İrana, xüsusilə Qum hövzəsinə aparılan gənclərin öz ölkəsi əleyhinə xüsusi olaraq hazırlamasını qeyd etmək vacibdir.

İllər keçdikcə, yeni texnologiyalar meydana çıxdıqca Xameneyi qoca olsa da, çirkin məqsədlərinə çatmaq üçün yeni trendlərin xidmətindən istifadə etməyə əl atdı. Onun göstərişini icra edən İranın müvafiq qurumları “Facebook”, “İnstagram” və s. sosial şəbəkələrdə feyk profillər, qurama videolar və insanların dini həssaslığını istehlak edən dezinformasiyalarla Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmağa, ictimai asayişin pozulmasına, dünyəvi dövlət quruluşa qarşı silahlı çağırışlara meydan açdı.


Amma ötən 30 ildə bəzi müəyyən təxribatları çıxmaq şərti ilə, İran İslam Respublikası Azərbaycanda qarşısına qoyduğu heç bir məqsədə çatmadı. Əhalisinin əksəriyyəti şiə olsa da, ölkə vətəndaşları özünü şiəliyin mərkəzi kimi təqdim edən İran ayətullahlarının aldadıcı vədlərinə inanmadı. Azərbaycan vətəndaşları cəmiyyət olaraq İranın təqdim etdiyi İslam dövlətin modelini yekdilliklə qəbul etmədi və dünyəviliyə, konstitusion quruluşa sadiq olduğunu göstərdi.

Belə olan halda, İran hakimiyyəti ayətullah Əli Xameneyinin göstərişi ilə repressiya və zorakılıq yolunu seçməyə başladı. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edildi. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak oldu, daha 2 mühafizəçi isə yaralandı. İran tərəfi hadisənin ailə-məişət zəminində baş verdiyini iddia etsə də, reallıqda mühafizə polisinin fəaliyyətsizliyi və s. faktlar terror aktının İranın ali siyasi rəhbərliyi, birbaşa Xameneyinin göstərişi ilə törədilməsinə şübhə yeri qoymur.


Azərbaycana bu cinayətlə mesaj ötürən Əli Xamaneyi şəxsi ordusu sayılan İslam İnqilabının Keşikçiləri Korpusuna – SEPAHA-a növbəti əmrlər verir.

Bu cinayətkar əməllərin sonuncu dalğası Azərbaycan parlamentinin deputatı Fazil Mustafaya qarşı martın 28-i axşam saatlarında evinin qarşısında təşkil edilən sui-qəsddir.

Xoşbəxtlikdən 2 güllə yarası ilə sağ qurtulan deputatın həyatı təhlükəsi yoxdur. Bununla belə, hadisə İran rəhbərliyinin SEPAH agentlərini Azərbaycanın daxilinə yerləşdirdiyini, ölkədə siyasi stabilliyi pozacaq siyasi qətllər planlaşdırdığını və öz İslam modelini Azərbaycana zorla yeritmək, 44 günlük müharibədən sonra Azərbaycanın Ermənistanla münasibətlərdə qazandığı strateji üstünlüyü sıfırlamaq və s. məqsədlər daşıyır.

Xameneyi İranda hakimi-mütləqdir. Ölkə adına bütün qərarları da o verir. Odur ki, İran tərəfdən Azərbaycanla bağlı atılan hər addımın başında məhz o dayanır, bütün məsuliyyət onun üzərindədir.

Xameneyi İslamı yalnız adda təmsil etdiyini, tamamilə dini qaydalardan, humanizmdən və din həmrəyliyindən uzaq olduğunu, dini yalnız cəlbedici vasitə kimi öz geosiyasi maraqlarında istifadə etdiyini əməlləri ilə göstərir. İranda hicabla bağlı son etirazlar fonunda 450-dən artıq öz vətəndaşını amansızlıqla qətlə yetirməklə də İran hakimiyyəti, onun lideri Əli Xameneyi və tabeliyindəki SEPAH terror təşkilatı vəhşiliklərini sübuta yetirdi.

Son 40 ilin ən kütləvi və davamlı etirazları İrandakı molla rejiminin laxladığını və terror, repressiya yolu ilə ayaqda qalmağa çalışdığını göstərir.

Amma şah hakimiyyətini 1979-cu ildə qəfil yaxalayan çöküş kimi, İrandakı terrorçu rejimin də yaxın gələcəkdə çöküş gözləyir.

 APA




Ana səhifəyə qayıt        Baxış: 5 559          Tarix: 1-04-2023, 08:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma