Xəbər lenti


Koroğlunun məşhur bir fikri var:

 

“Tüfəng icad oldu, mərdlik pozuldu,

Əyri qılınc qında paslanmalıdır”.

Qılınc və oxla müqayisədə daha uzun məsafəli silah olan tüfəngin məharətlərini görən Koroğlunun dilə gətirdiyi bu sözlər yalnız onun faciəsinin ilk etirafı və ya proqnozu deyildi. Əyri qılıncları qınında paslanmağa vadar edən bu texnoloji yenilik bütün Türk toplumlarının tarix səhnəsindən getdikcə çəkilməsinə və az qala silinməsinə yol açdı. Qədim dövrün ən innovativ silahı olan ox və at miniciliyini kəşf edən türk xalqları məhz bu ixtiralarının sayəsində 1000 il boyunca dünyaya hökm etmişdilər. Öz ənənəvi ixtiralarından uzaqlaşa bilməmələri, müasir çağın barıt qoxulu texnologiyalarına etibar etməmələri nəticələrində zəif millət durumuna düşmələri türk xalqlarının ən böyük qüsuru idi və bu qüsur tədricən onları hökmran toplumlardan müstəmləkə insanlarına çevirdi.


Sirr deyil ki, bu gün eyni tənəzzül prosesini Rusiya yaşayır. Cəmi 60-70 il bundan əvvəl texnoloji icadları, xüsusilə kosmosdakı uğurları ilə dünyanın ən qüdrətli imperiyasına çevrilən SSRİ-nin varisi bu gün öz əzəli torpağı kimi gördüyü Ukraynada tarixi imtahana çəkilib. Əlindəki köhnə texnologiya ilə bu imtahandan başarılı çıxması isə mümkün görünmür. Çünki indi yeni dövr başlayıb – ağıllı texnologiyalar çağı.

Doğrusu, yazılarımda Naxçıvandakı problemlərə daha geniş yer ayırmağa başlayandan bəri “kiçik torpaq”dan aldığım məlumatlarda STEAM təhsil metodu barədə tez-tez yeni xəbərlər eşidirdim. Bu təhsil sisteminin mahiyyəti barədə heç bir məlumatım olmadığından bəzən mənə ötürülən yanlış məlumatları da araşdırmaq imkanım olmurdu. Sonunda STEAM təhsilin nədən ibarət olduğunu öyrənmək üçün Naxçıvan MR Təhsil Nazirliyinə sorğu göndərdim. Aldığım cavab məni tələbəlik illərindən bəri narahat edən bir problemin həlli mahiyyətində idi: müasir elmi biliklərin sintezi və real həyatda tətbiqi. Bəli, sən demə, mənim indiyədək adını eşidib mahiyyətini anlamadığım STEAM məhz bu idi. Anladığıma görə, STEAM təhsil metodunun adı da üstündə imiş: şagirdlərə beş sahənin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulubmuş. Şagirdlər məktəblərdə oxuduqları nəzəri bilgilərini STEAM tədris metodu sayəsində birləşdirərək real həyatda tətbiq etməyi öyrənirmişlər. Bu isə müasir elmi nailiyyətlərin əyani şəkildə tətbiqini asanlaşdırır və gələcək nəsillərimizi dövrün insanına çevrilməsini asandırırmış. Qədim türklərin dünya ağalığına yol açan yeni texnologiyalardan daha yaxşı və yaradıcı istifadə etmək  xüsusiyyətini yenidən canlandırmaq cəhdi də məhz bu olsa gərək.

Qısası, daha artıq şəxsi mülahizələrimə yer vermədən, Naxçıvan MR Təhsil Nazirliyinin sorğuma cavabını siz dəyərli Ovqat.com oxucularımın diqqətinə çatdırıram.

 

Heydər Oğuz

 

Naxçıvanda STEAM təhsili uğurla tətbiq edilir

          

“Təhsil millətin gələcəyidirdeyən xalqımızın ümummilli lideri Heydər Əliyev   hər zaman bu sahəyə yüksək qayğı ilə yanaşırdı.  İstər ötən əsrin 70-80-ci illərində, istərsə də müstəqillik dövründə Ümummilli Liderimiz xalqımızın təkcə bugününü deyil, həm də gələcəyini düşünərək təhsil sahəsinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirirdi.

           Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin göstərdiyi qayğı sayəsində bu gün təhsilin inkişafı dövlət siyasətinin əsas  prinsiplərindən birini təşkil edir. Ölkəmizdə təhsilin daha da müasirləşdirilməsi, müəllim kadrlarının hazırlığı, ümumtəhsil məktəblərində kompüter və informasiya texnologiyalarının geniş tətbiqi məsələləri dövlət başçımızın xüsusi diqqət mərkəzindədir.

          Qeyd edək ki, müasir dünya reallıqları gələcəkdə yüksək ixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsil qarşısında bir çox mühüm vəzifələr qoyur. Həyatın bütün sahələrində işlərin yeni dünya düzəninə uyğun qurulması üçün təhsil ocaqlarında öyrənmək maraqlı olmalı, bilik təcrübədə tətbiq edilməli, təlim maraqlı formada keçilməlidir. 

          Məhz elə bu məqsədlə də 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə "STEAM Azərbaycan" layihəsinə start verilib və ölkənin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyətə başlayıb. 2020-2021-ci tədris ilindən isə Naxçıvan ümumtəhsil məktəblərində tətbiqinə başlanılıb. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır.  


         STEAM təhsilinin tətbiq olunmasında məqsəd təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. Layihənin əhatə olunduğu ümumtəhsil məktəblərində tədris prosesi “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (təhsil dronları)”, “Sahibkarlıq” modulları istiqamətində hazırlanmış tədris proqramına  uyğun aparılır.

         STEAM layihəsi inteqrativ tədris təcrübəsinin uğurlu tətbiqini təmin edən istiqamət kimi əhəmiyyət kəsb edir. Son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur - gənclərimizi gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlayır. 

STEAM təhsili müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, şagirdlər bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər. STEAM təhsilinin tətbiqi dövlətimiz tərəfindən ölkədə təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.  

       Ötən dövrdə görülən işlərə nəzər yetirdikdə bir daha əminliklə deyə bilərik ki, STEAM təhsilinin tətbiqi ilə bağlı Naxçıvanda ardıcıl tədbirlər həyata keçirilib, yeni-yeni uğurlar əldə olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulub. 156 təhsil müəssisəsində artıq STEAM kabinələri yaradılıb. Naxçıvanda 400-dən  artıq müəllim STEAM təlimlərinə cəlb olunub,  19 minə  yaxın şagird isə artıq STEAM təhsilinə cəlb olunub. Bu isə onun göstəricisidir ki, Naxçıvanda STEAM-ı tədris edəcək hazırlıqlı müəllim kadrların sayı durmadan artır.


       STEAM kabinələri müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, kompüter, 3D printer, öyrədici STEAM qurğuları, elektron komponentlər, dəftərxana ləvazimatları, təlim dəstləri, dərsliklər və tədris proqramları ilə təmin olunub. 

       Onu da qeyd etmək lazımdır ki, muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə hər ay Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı interaktiv dərslər təşkil olunur. STEAM kabinələrinin imkanlarından yararlanaraq şagirdlərin bu sahədə biliklərinin artırılması məqsədi hər ay müxtəlif kateqoriyalarda Robotunu yarat, Xətt izləyən robot, Mancanaq robot, Lego Sumo, Sosial texnologiyalar, Yaşıl texnologiyalar, 3D Bacarıqlar, Labirint robot, RoboMissiya, 3D bacarıqlar-mexatronika, Robot qol, Mikrobit kodlaşdırılması, Qısa film və Dron olmaqla 14 müsabiqə, həmçinin Heydər Əliyev adına tam orta məktəbdə yaradılmış STEAM Tədris Mərkəzindən STEAM kabinələri olan məktəblərin şagirdləri üçün 11 interaktiv dərs keçirilib. Şagirdlərin Robotexnika və STEAM layihələri üzrə hazırladıqları layihələr əsasında texnosərgi keçirilmiş, texnosərgidə 40 təhsil müəssisəsindən 105 şagirdin hazırladığı 111 ixtiraçılıq və tədqiqatçılıq modelləri nümayiş olunub.


2022-ci ilin iyun ayının  10-da Naxçıvanda ilk dəfə olaraq  “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda Beynəlxalq elmi-praktik konfrans, iyunun 11-də isə  “STEAM təhsil festivalı” keçirilib. Festivalda tələbə və şagirdlər “Robotunu yarat” (STEAM open - sərbəst layihələr), “Mancanaq robot” (Catapult robot), “Lego Sumo”, “3D bacarıqlar” (3D skills), “Labirint həll edən robot” (Labyrinth solving robot), “Sənayə robot qol” (Industrial robot arm)”, “Short MOVIE”, “Mikro:bit coding” kateqoriyaları üzrə, tələbələr isə “Yaşıl texnologiyalar” (Greentech), “Sosial texnologiyalar (Social technologies) kateqoriyaları üzrə müsabiqələrdə iştirak ediblər. Festivalda məktəblilər arasında 9, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında isə 2 olmaqla, ümumilikdə 11 kateqoriya üzrə keçirilən müsabiqələrdə ümumtəhsil məktəblərindən 640 şagird 204 layihə ilə, ali və orta ixtisas təhsili müəssisələrindən isə 84 tələbə 58 layihə ilə iştirak edib.

Məktəblərdə STEAM təhsilinin tətbiqi şagirdlərin ölkə səviyyəli yarışlara  hazırlanmasına öz müsbət təsirini göstərmişdir. Belə ki,  2021-2022-ci tədris ilində “SAF-2021” STEAM Azərbaycan Festivalında məktəblilərimiz   Lego  Sumo kateqoriyası  üzrə II yerin qalibi olmuşdur. 2022-2023-ci tədris ilində isə 5-9 dekabr 2022-ci il tarixlərində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında 8 şagird iştirak edərək “Edu Drone” kateqoriyası üzrə I, “Survivor”  kateqoriyası üzrə isə II və  III   yerin  qalibi  olub, 1 şagird isə “İnnovativ sərgi” kateqoriyasında iştirak edib. Şagirdlərimiz 1 qızıl və 2 bürünc medal qazanıb. Həmçinin 26-29 may 2022-ci il tarixlərdə Bakı şəhərində keçirilən “TEKNOFEST-2022”-də Naxçıvan Muxtar Respublikasından 7 şagird 3 layihə rəhbəri ilə birlikdə öz STEAM layihələrini nümayiş etdirib. 


Nazirlik tərəfindən STEAM üzrə tədrisin təşkili məqsədilə məktəblərin dərsliklərlə və ədəbiyyatlarla təminatı diqqətdə saxlanılır, xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunur. Ümumilikdə ümumtəhsil məktəblərinə STEAM təhsil metoduna aid   2 minə yaxın kitab verilib. 

Müəllimlərin bilik və bacarıqların artırılması məqsədilə 102 müəllim, 160 şagird və 50 tələbə üçün Ağbulaq İstirahət Mərkəzində “STEAM yay məktəbi” təşkil edilmişdir. 

STEAM təhsil metodunu daha da genişləndirmək, şagirdlərin   gələcəyin mütəxəssisləri kimi yetişməsinə şərait yaratmaq məqsədilə Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi də yaradılıb. Mərkəzdə müasir dizaynda CNC lazer- Texnologiya, Kodlaşdırma, Dron, 3D printer, Kimya-Biologiya, mühəndislik, proqramlaşdırma, STEAM, elm otaqları yaradılıb. Mərkəzdə xidməti otaqlar və layihələrin nümayişi üçün sərgi salonu da nəzərdə tutulub. Mərkəz zəruri avadanlıqlarla, müxtəlif modellərdə və ölçülərdə 3D printer, CNC-lazer, tədris əsaslı robotlar və elektron komponentlər, emalatxana və tədris ləvazimatları, elektron lövhə və kompüterlərlə  təmin olunub. 


Mərkəzdə Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən ilk mərhələdə məktəblərdə təhsil alan istedadlı və bacarıqlı şagirdlərdən ibarət şagird bankı yaradılacaq. Daha sonra proqrama uyğun olaraq şagirdlər dərsdən sonra mərkəzə cəlb ediləcək. STEAM dərsləri 3D çap, microbit və arduino ilə proqramlaşdırma, elektrik mühəndisliyi, robotexnika, CNC lazer kəsiciləri, pilotsuz uçuş aparatları (tədris dronları) üçün hazırlanmış tədris proqramı üzrə təşkil olunacaq. Burada şagirdlər həm proqram əsasında, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcək, elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq və onları məhsula çevirəcəklər. Tədris layihəsi ilkin olaraq 6 və 7-ci sinifləri əhatə edəcək.

Qeyd edək ki, mərkəzdə məktəblilər XXI əsr bacarıqlarını-kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.       

Mərkəzin yaradılmasında məqsəd şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.
 Bu Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkəmizdə təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.         


Qeyd edək ki, Aprelin   28-də  Təhsil  Nazirliyinin   təşkilatçılığı  ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Robot qol-Leqo Sumo 2023” və “Tullantıdan sənətə” müsabiqələri keçiriləcək.          

"Robot qol-Leqo Sumo 2023” və “Tullantıdan sənətə” müsabiqələri STEAM və “İnnovativ dərnəklər” layihələri çərçivəsində keçirilən robot texnologiyaları və yaradıcılıq   müsabiqəsidir. Məktəblilər üçün təşkil olunan müsabiqələr şagirdləri əyləncəli bir mühitdə real elm, texnologiya problemləri ilə yaradıcılıq sahələrini qarşılaşdıran və onların həll yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirən təcrübə xarakteri daşıyır. 

Müsabiqədə ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri olmaqla ümumilikdə STEAM üzrə “Robot qol”-da 33 komanda olmaqla 66 şagird, 33 layihə rəhbəri, “Leqo Sumo”-da 13 komanda olmaqla 26 şagird, 13 layihə rəhbəri və İnnovativ dərnəklər üzrə isə 138 layihə olmaqla 156 dərnək üzvü iştirakı nəzərdə tutulur. Şagirdlər “Leqo Sumo” və “Robot qol” mövzusunda “Lego mindstorms ev3” təhsil dəstlərindən və arduino kodlaşdırma kartından və digər elektron komponentlərdən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün proqramlaşdırılmış robotlar yığıb və rəqəmsal həllərin köməyilə daha səmərəli resurslardan istifadə edərək yaradıcı yanaşma nümayiş etdirməklə müsabiqədə yarışacaqlar.

“Tullantıdan sənətə” mövzusunda isə şagirdlər məişət tullantılarından yararlanmaqla tullantıları sənətə çevirib  və yaradıcılıqlarını nümayiş etdiriblər. 

Qaliblər Təhsil Nazirliyinin sertifikat və diplomları ilə mükafatlandırılacaqlar.

 

 




Ana səhifəyə qayıt        Baxış: 8 321          Tarix: 28-04-2023, 19:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma